Rasmussen: “Rusiyanın pullarını müsadirə etməkdən çəkinməyin”

   Rasmussen:    “Rusiyanın pullarını müsadirə etməkdən çəkinməyin”
  13 Fevral 2024    Oxunub:1164
Şimali Atlantika Alyansının keçmiş baş katibi Anders Foq Rasmussen Rusiyanın xarici banklarda dondurulmuş pullarını müsadirə etməyə və bundan qorxmamağa çağırıb.
AzVision.az xəbər verir ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin “Financial Times” qəzetində çıxan məqaləsində Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya dəstək üçün istifadə ediləcəyi halda, G7 ölkələrinin mümkün kapital qaçışından narahat olmamaları vurğulanır.

Onun fikrincə, G7 ölkələrinin hökumətlərinin kapitalın mümkün çıxarılması ilə bağlı qorxuları şişirdilib. Əvəzində daha böyük problem Rusiyanın Ukraynada uğur qazanmasına imkan verən fəaliyyətsizlikdir.

Rasmussen son iki ildə tətbiq olunan sanksiyaların Rusiya iqtisadiyyatının çökməsinə gətirib çıxarmadığına görə, məhdudiyyətlərin davam etdirilməsi tələbini də qoyub.

Qeyd edək ki, ötən ilin oktyabrında Aİ liderləri Avropa Komissiyasına Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş aktivlərdən istifadəyə dair təkliflər hazırlamağı tapşırmışdılar. Bu yaxınlarda Kiyevə 2027-ci ilə qədər 50 milyard avroluq makromaliyyə yardımı ayrılması ilə bağlı Aİ-də parçalanma fonunda Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı müzakirələr yenidən başlayıb.

Lakin Avropa Mərkəzi Bankı xəbərdarlıq edib ki, dondurulmuş Rusiya aktivlərindən Ukraynanı maliyyələşdirmək üçün istifadəsi uzunmüddətli perspektivdə Avropa valyutası üçün reputasiya riskləri yarada bilər. Bunun əvəzinə o, Brüsseli “bu təcrid olunmuş münaqişədən kənara çıxmağa” və Ukraynanı maliyyələşdirməyin başqa yollarını axtarmağa çağırıb.

Pritzker : "Rusiyanın aktivlərinin müsadirəsi risklər yarada bilər"
Yeri gəlmişkən, bir müddət əvvəl ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzker Rusiya aktivlərin müsadirəsi məsələsini həll etmək üçün çoxlu hüquqşünasların cəlb olunması zərurətini vurğulayıb. Eyni zamanda, xanım Pritzker belə addımın Ukraynanın bütün problemlərini həll edəcəyinə şübhə ilə yanaşıb.

Bununla belə, Rasmussen Rusiyanın aktivlərinin müsadirə olunmasından qorxmağa ehtiyac olmadığını düşünən ilk yüksək rütbəli sabiq məmur deyil.

Bir müddət əvvəl, Dünya Bankının keçmiş rəhbəri Robert Zellikin elə “Financial Times” qəzetində dərc edilən məqaləsində Qərb ölkələri tərəfindən dondurulmuş Rusiya ehtiyatlarının Ukraynaya ötürülməsi məsələsinə şübhə ilə yanaşanların riskləri çox şişirtdiyi və strateji faydaları az qiymətləndirdikləri vurğulanırdı.

Zellikin fikrincə, G7 ölkələri Aİ ilə birgə hərəkət etsələr, digər ölkələrin öz aktivlərini saxlamaq üçüm başqa alternativi olmayacaq. Çünki Çin və digər ölkələr ABŞ və Avropa ilə dostluq hissləri əsasında deyil, müsbət ticarət balansına görə dollar və avroda əmanət saxlayırlar. Beləliklə, Dünya Bankının keçmiş rəhbəri hesab edir ki, Pekin öz valyuta ehtiyatlarını yuana çevirsə, bu, məzənnəni aşağı salacaq və ixracatçılara zərər verəcək.

Lakin bu qəbildən olan məsləhətlərə və çağırışlara rəğmən, Aİ rəhbərliyi indiyədək Rusiyanın aktivlərinin müsadirə edilməsi imkanının nəzərdən keçirilmədiyini bəyan edib. Hazırda isə bu vəsaitlərdən əldə olunan faiz gəlirlərinin istifadə variantı müzakirə olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rasmussen   Rusiya  





Xəbər lenti