Türkiyəli ekspert: "İrəvan regionda təhlükəsizlik problemi yaradır" - MÜSAHİBƏ

 Türkiyəli ekspert:  "İrəvan regionda təhlükəsizlik problemi yaradır"  -  MÜSAHİBƏ
  08 Yanvar 2024    Oxunub:1992
Müsahibimiz Qaziantep Universitetinin müəllimi, siyasi elmlər doktoru, politoloq Mehmet Gökhan Özçubukçudur.
- 2023-cü ili Türkiyə üçün uğurlu dövr saymaq olarmı? Türkiyə siyasətində, iqtisadiyyatında hansı mühüm hadisələr baş verdi?

- Türkiyənin həm daxili, həm də xarici siyasətdə nümayiş etdirdiyi sabitlik və uğurları günbəgün artır. Ankara Cümhuriyyətin 100-cü ildönümündə öz siyasəti və iqtisadiyyatı ilə dünyanın aparıcı gücləri arasında olmağı hədəfləmişdi. Ölkəmiz ötən ilin əvvəlində zəlzələ kimi böyük təbii fəlakət yaşadı. Amma Ankara bu yaraları tez sağaltdı və zəlzələdən zərər çəkmiş vilayətləri qısa zamanda inkişaf etdirmək üçün aktiv işlərə başladı. Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərini uğurla başa vurduğu ötən ildə Türkiyə hər sahədə öz məqsədinə çatmaq üçün möhkəm addımlar atdı. Bundan başqa, ölkəmiz təhlükəsizlik problemlərinə görə sərhəddə terrorçu ünsürlərə qarşı hərbi əməliyyatları da uğurla həyata keçirdi. Dövlət idarəçiliyi və maliyyə idarəçiliyi islahatı üzrə restrukturizasiya tədqiqatları başa çatdırıldı. Türkiyə bir çox mühüm zirvə toplantılarına qatılaraq həm qarşılıqlı əməkdaşlıq, həm də müttəfiqlik münasibətlərini inkişaf etdirdi.

Türkiyəli ekspert: "Qərbin Cənubi Qafqaza gəlməsinin qarşısını almaq lazımdır"
İqtisadi statistikalara baxsaq görərik ki, dünya iqtisadiyyatında tənəzzül dövrünün yaşandığı 2023-cü ilin birinci rübündə Türkiyə iqtisadiyyatı 4 faiz artıb. Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ilin aprelindəki hesabatına görə, bu ölkə 2024-cü ildə dünyanın 19-cu ən böyük iqtisadiyyatına sahib olacaq. Cümhuriyyətin 100 illik tarixində atdığı addımlarla müharibələrin, böhranların, terror hücumlarının, fəlakətlərin və çevrilişlərin kölgəsində qalan Türkiyənin hədəfləri ölkəni dünyanın ən böyük 10 iqtisadi gücü sırasına çıxarmaqdır. Ölkənin kredit riski mükafatı (CDS) may ayında 700 baz bənddən 400 baz bəndə düşdü. Risk mükafatının az qala yarıya enməsi investorların Türkiyəyə olan inamının geri qayıtması deməkdir. Ölkə istehsal sənayesində qabaqcıl imkanlara malikdir, Avropa və Mərkəzi Asiya bazarlarına çıxış üçün kritik nöqtədədir. Bu, qarşılıqlı ticarət və investisiyaların sürətləndirilməsinə, sektor potensialının, xüsusilə turizm və tikinti işlərinin artırılmasına töhfə verəcək. Türkiyə iqtisadiyyatı həm regional, həm də qlobal miqyasda qarşılıqlı əməkdaşlıq sayəsində tarix boyu yaşadığı istənilən çətinliyin öhdəsindən uğurla gəlib və güclənib.

Qarşılıqlı əməkdaşlıqların uğurla həyata keçirildiyi ən mühüm ölkə isə Azərbaycandır. 2021-ci ilin iyunun 15-də Türkiyə və Azərbaycan arasında imzalanan tarixi “Şuşa Bəyannaməsi” ilə iki ölkə arasındakı əlaqələr müttəfiqlik səviyyəsinə yüksəldi. Azərbaycanın dünyada sərmayə qoyduğu ölkələr arasında Türkiyə 19 milyard dollarlıq sərmayə ilə birinci yerdədir. Ankara ilə Bakı arasında 2021-ci ildən qüvvədə olan güzəştli ticarət sazişi azad ticarət sazişinin imzalanması yolunda mühüm mərhələdir. İnvestisiyalar sayəsində Türkiyədə 2800 Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə 5 min 800 türk şirkəti var. Bu şirkətlərin investisiyaları 12,5 milyard dollara çatıb. Qarşılıqlı sərmayə və əməkdaşlıq sayəsində həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatı qarşıdakı illərdə mühüm inkişaf nöqtəsinə çatacaq.

- Ötən il türk lirəsinin xeyli dəyər itirməsi ilə də yadda qaldı. Bu hadisələri isə siyasi amillərlə bağlayırlar...

- 2020-ci ildə bütün ölkələrdə müşahidə olunan güclü iqtisadi zərərlər və tədarük zəncirinin qırılmasına son illərdə qlobal böhranın dünya iqtisadiyyatına təsiri də əlavə olunandan sonra iqtisadi sistem yeni bəlayla üzləşdi. Kovid epidemiyasının yaratdığı çətinliklər aradan qaldırılsa da, bu dəfə Rusiya-Ukrayna müharibəsi dünyada yeni böhran mühitinin yaranmasına səbəb oldu. Qlobal sistem son illərdə inkişaf etmiş iqtisadiyyatların buraxdığı likvidlik və həyata keçirdikləri aşağı faiz siyasəti ilə davam edirdi. Bu, müvafiq olaraq bankların yürütdüyü pul siyasətinə də təsir etmişdi. Məlum hadisələr dünyaya səpələnmiş dollar kütləsinin ABŞ-a qayıtması prosesinin başlamasına səbəb oldu. İlk dəfə olaraq pul kütləsinin genişlənməsi Amerika iqtisadiyyatına əlavə inflyasiya təsirləri yaratdı. FED bu təsirlərin müvəqqəti olduğunu düşünərək bir müddət faizlərə müdaxilə etmədi. Bu təcrübələrdən sonra Avropada da oxşar vəziyyət müşahidə olundu. Nəticədə FED faiz dərəcələrini artırmalı oldu. Onlar hazırda bazara buraxdığı likvidliyi geri çəkməkdən danışmağa başlayıblar. İngiltərə Bankı da eyni yolla getməyə başladı.

Türkiyə isə dünyada baş verən məlum iqtisadi siyasətləri yaxından izlədi və sonra 2021-ci ildən həyata keçirdiyi iqtisadi proqram sayəsində faiz dərəcələri aşağı salındı. Ankara yüksək inflyasiya ilə üzləşdi və son illərdə türk lirəsi dollar qarşısında ciddi dəyər itirdi. 2023-cü il seçkilərindən sonra prezident Rəcəb Tayyib Ərdoğan Mehmet Şimşəki Xəzinə və Maliyyə Naziri təyin edərək, dövlətin müdaxiləsini minimuma endirən və bazar dinamikasının təbii şəkildə işləməsinə imkan verən “Ortodoks İqtisadiyyat” siyasətlərinə qayıtdı. Türkiyənin üzləşdiyi iqtisadi çətinliklər qarşısında belə bir təyinatın edilməsi həm bazara inamın təmin ediləcəyi, həm də xarici investorların ölkəyə gəlməsinə imkan yaradacağı baxımından əhəmiyyətli bir gedişdir. Şimşək Türkiyə iqtisadiyyatının rasional bazaya qayıtması lazım olduğunu vurğulayaraq, faiz artımı siyasətinin bir müddət davam edən yüksək inflyasiyanı azaldacağını dedi. Türkiyə qarşıdakı dövrdə həyata keçirdiyi iqtisadi siyasət, sağlam struktur islahatları ilə investorların etibarını da qazandı. Bu etimad vəsait axınını aktivləşdirmək və qlobal kapitalı ölkəyə cəlb etmək üçün “qazan-qazan” prinsipi ilə fəaliyyət göstərməkdə davam edir.

- Türkiyənin Fələstin məsələsində qətiyyətli və sərt mövqe sərgiləməsi rəsmi Ankaraya beynəlxalq arenada, İsraillə münasibətlərdə hansı problemlər yaşada bilər?

- Türkiyə həmişə olduğu kimi, İsrail-Fələstin məsələsində humanitar mövqeyini ifadə edir. 2023-cü il oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin şiddətləndiyi və müharibədə mülki əhalinin hədəfə alındığı bir vaxtda Türkiyə qısa zamanda humanitar atəşkəsin əldə olunmasına çağırış etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin müsəlman, xristian və yəhudisindən asılı olmayaraq hər kəsin təhlükəsizliyini təmin etmək üçün səy göstərmiş, diplomatik səfərlərində prinsipial və humanitar mövqe tutduğunu, bölgədə daimi atəşkəsin bərqərar olmasının vacibliyini bildirmişdi. İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında münaqişə ilə bağlı birgə bəyannamənin verilməsi Türkiyənin təklif etdiyi humanitar atəşkəsin tez bir zamanda bərqərar olması üçün vacibdir. Qərb ölkələri Fələstin məsələsində susqun qalırlar və Türkiyə hər platformada dilə gətirdiyi bu məsələdə Qərb dövlətləri ilə danışıqlarını davam etdirir. Türkiyənin öz bölgəsində güclü aktor olması və Fələstinə humanitar münasibəti beynəlxalq aləmdə ona problem yaratmayacaq. Münaqişəsinin başlanğıcında səssiz qalan Qərb ölkələri bölgədə daimi sülhün bərqərar olması üçün daha çox Türkiyə ilə eyni fikri bölüşməyə başlayırlar. İsrail ilə Türkiyə arasında münasibətlərin yaxşılaşmağa başladığı bir vaxtda belə bir böhranın ortaya çıxması əlaqələrin bir müddət kəsilməsinə səbəb ola bilər. Amma iki ölkə arasında hər sahədə qarşılıqlı əməkdaşlıq əhəmiyyətlidir.

- Türkiyə-Azərbaycan münasibətlərinin hazırki səviyyəsi sizi qane edirmi? Yeni, müttəfiqliyi sıxlaşdıran sazişləri proqnozlaşdırmaq olarmı?

- Türkiyə-Azərbaycan münasibətləri hər ötən gün daha da yüksəlir. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi möhtəşəm uğurlar sayəsində Qarabağ işğaldan azad olundu. Türkiyə hər zaman olduğu kimi İkinci Qarabağ müharibəsində də Azərbaycanın yanında idi. Daha sonra 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasında olan əlaqələr müttəfiqlik səviyyəsinə yüksəldi. Azərbaycanın mərhum lideri Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” tezisi daha da aktuallaşdı. Türkiyə yerləşdiyi bölgədə daha güclü dövlət olmaq xətti seçdiyi bir vaxtda Azərbaycanı Cənubi Qafqazda qüdrətli ölkəyə çevrilməsi üçün də dəstəkləyir. Bakının ötən il sentyabrın 19-da başlatdığı antiterror əməliyyatını da unutmaq olmaz. 24 saat tamam olmamış uğurla bitən bu tədbirlər zamanı bölgədəki ən böyük terror yuvası məhv edildi. Hər iki ölkənin lideri Naxçıvanda görüşərək ikitərəfli əlaqələri, Qarabağ bölgəsindəki son hadisələri, regional, qlobal məsələləri müzakirə etməklə dünyaya mesajlar göndərdilər. Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün böyük səylər göstərir. Ankara hər fürsətdə qardaş ölkəyə dəstəyini ifadə edir, həm siyasi, həm iqtisadi, həm də mədəni müstəvidə əlaqələr günbəgün yüksəlir. Yaxın gələcəkdə bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq. İki qardaş ölkə arasında münasibətlərin gedişi Cənubi Qafqazın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.

- Ötən il sülh ili olacağı deyilsə də, bu reallaşmadı. 2024-cü ildə Azərbaycanla Ermənistan arasında belə bir tarixi sazişin imzalanması real görünürmü?

- Hər iki ölkə 2023-cü ili sülh axtarışlarında keçirdi. Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi uğurları diplomatiya yolu ilə davam etdirmək üçün səmimi addımlar atır. Ermənistan isə 2020-ci ildən bəri həqiqətən davamlı sülhün bərqərar olması üçün səmimi səylər göstərməyib. İrəvanın Qarabağ məsələsində daim Qərb dövlətlərindən kömək istəməsi və xüsusilə də Fransanın Cənubi Qafqaza müdaxilə cəhdləri sülhün ləngiməsinə səbəb olur. Belə bir situasiyanın hökm sürdüyü məqamda Bakı ilə İrəvan dekabrın 7-də birgə bəyannamə qəbul etdi. Yəni onlar iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılmasına dair razılığın əldə olunduğunu göstərdilər. Tərəflərin əsir mübadiləsi ilə bağlı razılığı nəticəsində mühüm humanitar addım atıldı. Bu birgə tədbir davamlı sülhün bərqərar olması istiqamətində mühüm addım kimi şərh oluna bilər.

Dekabrın 26-sı Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitində hər iki ölkə liderinin görüşməsi sülh gündəliyi ilə bağlı məsələləri müzakirə baxımdan müsbət qiymətləndirilə bilər. Ermənistanın İkinci Qarabağ müharibəsindəki uğursuzluğunu diplomatiya yolu ilə kompensasiya etmək, sülh prosesini uzatmaq, regiondan kənar dövlətləri də barış məsələlərinə cəlb etməyə çalışması onun səmimi olmadığını göstərir. Bu gedişlər regionda daimi sülh və əmin-amanlığı ləngidir. Bir sözlə, Ermənistan Qarabağla bağlı region ölkələri olmayan Qərb dövlətlərini bölgəyə cəlb etməklə Cənubi Qafqazda təhlükəsizlik problemi yaratmağa çalışır. Daimi sülh və sabitliyin bərqərar olmasına çalışan Azərbaycanın qarşısında Ermənistanın zəif əlinin görünməsi İrəvanın sülhə doğru real addımlar atmasının qaçılmaz olduğunu göstərir.

- Sülhlə yanaşı Zəngəzur dəhlizi də gündəmdən düşmür. Bu layihənin reallaşması Ankaranın yeni geosiyasi və iqtisadi imkanlarına, regionda möhkəmlənmək şanslarına necə təsir edəcək?

- Təqdir olunası haldır ki, Azərbaycan zəfərdən dərhal sonra bölgənin sürətli inkişafı üçün intensiv işlərə başladı. Region iqtisadiyyatının dirçəldilməsi üçün böyük əhəmiyyət kəsb edən Zəngilan Hava Limanının 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan lideri İlham Əliyevin iştirakı ilə açılması təsadüfi deyildi. Region iqtisadiyyatına mühüm töhfə verəcək digər mühüm layihələrdən biri isə Zəngəzur dəhlizinin reallaşdırılması olacaq. Zəngəzur dəhlizi iki qardaş ölkəni daha sıx birləşdirmək baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycanın qərbində yerləşən bölgələrlə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhliz dəmir yolu xətləri sayəsində Türkiyə ilə yeni nəqliyyat əlaqəsinin yaradılması baxımından həyati əhəmiyyət kəsb edir. Naxçıvanı Azərbaycanın digər torpaqları ilə birləşdirmək, Türkiyə ilə Azərbaycan və digər türk respublikaları arasında avtomobil və dəmir yolu əlaqələrini bərpa etmək üçün belə bir dəhlizin açılması çox vacibdir. Dəhliz həm də tarixi İpək Yolunun işləməsi, Çinin “Bir kəmər, bir yol” layihəsi, regional əməkdaşlıq və ticarətin canlanması üçün həyati əhəmiyyət kəsb edir. Bu məsələdə Türkiyə və Azərbaycanla yanaşı Rusiyanın da maraqları üst-üstə düşür. Moskva məlum dəhliz vasitəsilə Ermənistan, İran və Türkiyə ilə əlaqələrini daha da gücləndirə bilər. Dəhliz açılarsa, Ermənistan Azərbaycan vasitəsilə Rusiya ilə daha aktiv ticarət apara biləcək. Başqa sözlə, İrəvan Türkiyə və Azərbaycanla əlaqələrin normallaşmasına nail ola, təcriddən qurtula və regiona gələcək rifahdan pay ala bilər. Zəngəzur dəhlizinin açılması ilə iqtisadi imkanlarla yanaşı, türk dünyası ilə əməkdaşlıq da artacaq, Orta Asiyaya fasiləsiz səyahətlər mümkün olacaq, regional sülh və əməkdaşlıq mühiti xeyli möhkəmlənəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Türkiyə   Azərbaycan   Ermənistan   Sülh   Zəngəzur  





Xəbər lenti