Ölüm daşıyan KARGU xidməti

   Ölüm daşıyan    KARGU    xidməti
  27 Mart 2025    Oxunub:1386
Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin istifadə etdiyi PUA-lardan biri də “Kargu” zərbə dronlarıdır. Türkiyənin istehsal etdiyi bu silah ilk dəfə “IDEF-2017” sərgisində nümayiş olunub. 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib.
Asimmetrik müharibə və ya terrorla mübarizə üçün nəzərdə tutulan “Kargu” PUA-sı kvadrokopter tipli yüngül zərbə vasitəsi olmaqla, “gəzən sursat” sinfinə aiddir. Tək əllə daşınır, avtonom və ya uzaqdan idarə olunur. Aparatın dəstinə yerüstü idarəetmə qurğusu və PUA batareyasını yükləmə modulu daxildir. STM şirkətinin istehsal etdiyi PUA-ya Asiya ölkələri də daxil olmaqla bir çox dövlətlər tərəfindən böyük maraq göstərilir. Azərbaycanın xüsusi təyinatlıları “Kargu”nun həm baza, həm də təkmilləşdirilmiş “Kargu-2” versiyasına malikdir.

PUA-nın imkanları Suriya və Liviyanın döyüş meydanlarında əyani şəkildə nümayiş etdirilib. Liviyada “Kargu-2” avtonom şəkildə qərar qəbul edərək, Xəlifə Həftara sadiq olan Liviya Milli Ordusunun üzvlərini izləyərək, məhv etmişdi. Bununla da operatorun əmri olmadan hücum edə bilən ölümcül avtonom silah sistemi kimi özünü təsdiqləmişdi.
Azərbaycan Ordusu bu PUA-lardan Qarabağdakı əməliyyatlarda istifadə edib.


“Kargu” bir neçə versiyada hazırlanıb. Onun GPS kanalı olmayan mühitlərdə işləyə biləcək “Kerkeş” modeli mövcuddur. PUA 20-dən çox aparatla birgə “sürü” şəklində fəaliyyət göstərə və hədəfə müstəqil hücum edə bilir. Türkiyə Silahlı Qüvvələri Suriyada keçirdiyi hərbi əməliyyatlarda 29 ədəd PUA-nı eyni zamanda “sürü” şəkilində tətbiq etməklə onların real imkanlarının şirkətin göstərdiyindən daha yüksək olduğunu sübut etdi.

Kvadrokopter elektriklə çalışan pərlər vasitəsilə hərəkət edir. Uçuş kütləsi 7,06 kq-dır. Elektrik mühərrikləri litium-polimer batareyalarla təchiz edilir. Havada qalma müddəti əvvəl 25 dəqiqəyə qədər idi, hazırda 1 saata qədər artırılıb. Maksimum uçuş yüksəkliyi 2800, optimal yüksəkliyi isə 500 metrdir. Standart versiyada “Kargu”nun fəaliyyət radiusu 5 km, maksimal sürəti 72 km/saatdır. Hücum zamanı şığıma sürəti 120 km/saata çatır. Uçuş müddətinin 4 dəfə artırılması fəaliyyt radiusunun da genişlənməsinə səbəb olub.
Ölçüləri 600 mm x 600 mm x 430 mm olan aparat -20 dərəcədən +50 dərəcəyədək temperatur diapazonunda çalışa bilir. Onun buraxılması üçün 1 dəqiqədən az zaman tələb olunur.


“Kargu 2” adlanan son versiyada faydalı yük və uçuş müddəti qorunub, lakin kütləsi 5 kq-a qədər azaldılıb. STM şirkəti əvvəlcə “Kargu” üçün kütləsi 1,3 kq olan piyada əleyhinə/qəlpəli döyüş başlığı hazırlamışdı. Sonra isə eyni kütlədə olan termobarik döyüş başlığına malik zirehdələn sursat yaradıldı.

5 kq. kütləyə malik yüngül PUA-ların arasında “Kargu”ya bir neçə alternativ mövcuddur.

PUA hərəkətdə olan hədəfə kilidlənmək üçün müasir naviqasiya və idarəetmə-nəzarət alqoritmlərindən istifadə edir. Bir əsgər tərəfindən idarə edilən “Kargu” vəzifəsini ləğvetmə və özünü məhvetmə funksiyasına malikdir. Hədəfi məhv etməyən PUA sonradan yenidən istifadə üçün operatorun yanına qaytarıla bilir.


Aparatın təkmilləşdirilmiş orijinal radioelektron mübarizə bloku ilə bərabər, hədəfin məsafədən məhv edilməsini təmin edən xüsusi milli proqram təminatı mövcuddur. Obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatlandırılması real zaman rejimində həyata keçirilir. Onqat optik yaxınlaşdırmanı təmin edən optik elektron sistemlərə malik PUA-nın döyüş sursatı tətbiqindən az əvvəl yüklənir. PUA üstün yerüstü idarəetmə proqramına malikdir.

Şirkət “sürü” əməliyyatları üçün süni zəkanın inteqrasiya imkanlarını artıraraq, GPS siqnalı və rabitə kanalı olmadan aparatın idarə olunmasını təmin edib.

Məhəmmədəli Həsənov
AzVision.az


Teqlər: PUA   Dron   Hərb  





Xəbər lenti