İsrail HƏMAS-ın hücum planından ötən il xəbərdar olub - “The New York Times”

   İsrail HƏMAS-ın hücum planından ötən il xəbərdar olub -    “The New York Times”
  01 Dekabr 2023    Oxunub:4272
"İsrailin kəşfiyyat xidməti 7 oktyabr hücumundan bir il əvvəl Fələstinin radikal HƏMAS hərəkatının müharibə planından xəbərdar olub".
Bu fikirlər “The New York Times”da (NYT) dərc olunan məqalədəndir.

Nəşr kəşfiyyatın xüsusi sənədlərinə istinad edib.

HƏMAS niyə bayramda hücum etdi? - İsraillilərin ordu sevgisi, müəmmalı kəşfiyyat uğursuzluğu
Kod adı “Yerixo divarı” olan sənəddə isə təxminən 40 səhifə olub. Oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi işğal planı səhifələrdən birində xüsusi bəndlə açıq şəkildə təsvir edilib.

Müəllif yazır ki, “İsrail rəsmiləri bunu ambisiyalı məsələ adlandırıblar və məlum konkret xəbərdarlıqlara məhəl qoymayıblar”.

Yüksək rütbəli məmurlar etiraf ediblər ki, kəşfiyyatdan aldıqları məlumatı operativ və ciddi qəbul etsəydilər, bu ilin oktyabrında başlayan silahlı münaqişəyə daha yaxşı hazırlaşardılar. Yaxud da HƏMAS-ın bu uğurlu hücumu heç cür reallaşa bilməzdi.

Dünən “The Wall Street Journal” da mövzu ilə bağlı diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, "ABŞ və İsrail rəsmiləri münaqişənin həllini sürətləndirmək üçün Qəzza zolağından Fələstinin radikal HƏMAS hərəkatından minlərlə yaraqlısının çıxarılması ideyasını müzakirə edirlər".

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket ataraq “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib.

Minlərlə yaraqlı qısa zamanda İsrail ərazisinin bir qismini işğal edərək hərbi texnikaları və 200-dən çox insanı girov götürüb. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqladı.

Daha sonra İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” adlı cavab əməliyyatına başladı.

“The Times of Israel” baş nazirə istinad edərək cavab tədbirlərinin əsas məqsədlərini açıqladı. Məlum oldu ki, İsrailin HƏMAS-la müharibədə ilk məqsədi hücuma məruz qalan əraziləri təmizləməkdən ibarətdir.
Bura HƏMAS-ın tam məhv edilməsi də daxildir.

İsrail bölgəyə zərbələr endirməyə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 16 mini keçib. 35 mindən çox insan isə yaralanıb.

Bir neçə gün öncə isə tərəflər atəşkəs haqqında razılaşma əldə etdilər. Yalnız bundan sonra girov və əsirlərin mərhələli şəkildə azad edilməsinə başlanıldı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS   Hücum   Kəşfiyyat  





Xəbər lenti