Azərbaycan-Avropa: 6-2 - TƏHLİL

Azərbaycan-Avropa: 6-2 - TƏHLİL
  18 İyun 2014    Oxunub:1345
Avrokomissiyanın prezidenti Joze Manuel Barrozunun Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında işlətdiyi zarafatyana ifadə Avropa Birliyinin Azərbaycanla münasibətlərinin hazırkı vəziyyətini dəqiq xarakterizə edir. İlham Əliyevi Brüsselə səfərə dəvət edən Borrozu bununla Azərbaycan prezidentinin AB-yə 6-cı səfərinin reallaşacağını qeyd edib və əlavə edib ki, “futbol termini ilə desək, hesab 6:2 Sizin xeyrinizə olacaq”.

Hadisələrin təhlili göstərir ki, əslində elə Avropa-Azərbaycan geosiyasi oyunununda Azərbaycan 6:2 hesabı ilə irəlidədir. Brüssel üçün ilk qol təbii ki, Azərbaycan qazının Avropaya ixracını təmin etmək idi və avropalılar buna nail oldular. Artıq 2019-cu ildə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Lakin bu qolun əvəzində Avropa Azərbaycandan 5 cavabsız top yeməli oldu.

Birincisi, qaz Avropanın vaxtilə irəli sürdüyü `Nabukko` layihəsi ilə deyil, Azərbaycanın müəllifi olduğu TANAP-TAP layihəsi ilə ixrac olunacaq. Bu məqam çox vacib geostrateji əhəmiyyətə malikdir. Belə ki, `Nabukko` layihəsi ilə Rusiyanın reallaşdırmaq istədiyi “Cənub axını” layihəsi demək olar ki, bir-birini təkrarlayır və Avropa məkanında rəqibə çevrilirdilər. Bu vəziyyət Azərbaycanın qaz ixrac layihəsinin effektivliyini kölgə altına salmaqla yanaşı, Rusiya ilə münasibətlərdə gərginlik yaradırdı. Nabukko ilə TAP-ın əsas fərqi ondan ibarətdir ki, TAP Bolqarıstana girmədən birbaşa Yunanıstana buradan isə İtaliyaya çəkiləcək və Avropanın mərkəzinə keçməməklə Rusiyaya rəqib olmayacaqdı. Bununla Azərbaycan Rusiya qarşısında əlavə xal qazanmaqla yanaşı, öz layihəsini daha effektiv olmasına şərait yaratdı.

Bundan sonra Azərbaycan ard-arda daha iki qol vurdu. İranla bağlı beynəlxalq sanksiyaların ləğvi Tehranın qaz ixrac layihəsinə qoşulması ehtimalı və Türkmənistanın Transxəzər layihəsinə razılıq verməsi TANAP-TAP layihəsinə beynəlxalq güvənin artmasına gətirib çıxardı. Beləliklə, Azərbaycan Avropanın Rusiya qazından asılılığını aradan qaldıracaq “Cənub” qaz dəhlizinin həm müəllifi, həm də onurğa sütununa çevrildi. Bu, o deməkdir ki, Azərbaycan qaz ixracını dayandırsa belə, layihə hər zaman işləyəcək və həm ixracatçı, həm də idxalatçı tərəf nəqliyyat xəttinin mərkəzində dayanan əsas payçı olan Azərbaycandan asılı düşəcək.

Azərbaycanın növbəti qolu Avropa Birliyinin Rusiyaya öz ərazisində “Cənub axını” layihəsinin tikintisinə qadağa qoyması oldu. Prezident Putin məcburdur ki, qazın ixracı üçün Türkiyə ilə əməkdaşlığa getsin. Avropa Ukrayna hadisələrindən dərs götürərək artıq birbaşa Rusiyadan qaz almaq istəmir və üçüncü tərəfin iştirakına üstünlük verir. Sanki Brüssel Rusiyanı TANAP-TAP-a qoşulmağa sövq edir. Barrozunun Avropanın “mənbələrin şaxələndirilməsi”ndə maraqlı olmasını birldirməsi də bunu sübut edir. Yəni, cənubdan Avropaya bir xətdən qaz daxil olacaq başqa ixrac etmək istəyən mənbələr bu xəttdə qoşula bilərlər.

Beşinci qol isə Avropa Birliyinin birtərəfli qaydada Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsidir. Münaqişə tarixində ilk dəfədir ki, Avropanın Birliyinin rəhbəri açıq şəkildə status-kvonun qəbuledilməz olduğunu deyir və konfliktin tez bir zamanda beynəlxalq hüquq normalarına uyğun həllinə çağırır.

Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Barrozu bu dəfəki səfərində Avropa liderlərinin illərdir sadiq olduğu ənənəni pozdu. Avrokomissiyanın rəhbəri Yerevana səfər etmədi. Bu addım Ermənistanın Avropa tərəfindən boykot edilməsi və Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi blokadaya qoşulmasının başlanğıcı oldu. Və Barrozu münaqişənin Avropanın deyil, başqa qüvvələrin yaratdığını deməklə Azərbaycana, Ermənistanın yanından çəkildiyinə, problemin həlli üçün isə, problemi yaradanla – yəni Rusiya ilə razılaşmalı olduğuna işarə edir.

Avropa Birliyinin Azərbaycanın qapısından keçirdiyi qol ölkəmizlə əməkdaşlığı hansısa mənada rəsmiləşdirmək hesab oluna bilər. Təbii ki, Avropa arzu edərdi ki, Avropa ilə Assosiativ üzvlük müqaviləsinə qoşulsun. Bu yolla, Brüssel ererji təhlükəsizliyinin onurğa sütunu olan Azərbaycanı tərkibinə qatmağa ümid edir və gələcək risqləri azaldır. Azərbaycan Avropa ilə əməkdaşlıqdan imtina etmir ancaq bu əməkdaşlığın Rusiyanın qıcıqlanmasına səbəb olmasını istəmir. Buna görə Avropaya cavab qolu atır və Brüssellə əməkdaşlığa “Strateji Modernləşmə Tərəfdaşlığı Sazişi” adı verilməklə öz istəyinə nail olur.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti