Çin növbəti astronavtları kosmosa göndərilib

Çin növbəti astronavtları kosmosa göndərilib
  26 Oktyabr 2023    Oxunub:2051
Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti pilotlu missiyası kosmosa göndərilib.
“Şencou-17” missiyasında astronavtlar (Çində onları taykonout adlandırırlar) Tan Honbo, Tan Şencie və Cian Sinlin iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 12-ci pilotlu missiyası, ümumilikdə isə 30-cu missiyasıdır. “Şencou-17” missiyası kosmik stansiyada 6 ay qalan “Şencou-16” missiyasının 3 astronavtını əvəzləyəcək. Elə “Şencou-17” missiyasının heyətinin kosmik stansiyada təxminən 6 ay qalması nəzərdə tutulur. Astronavtlar kosmik stansiyada bir neçə tapşırıq, texniki yoxlama, müxtəlif eksperimentlər həyata keçirəcəklər. “Şencou-16” missiyasının 3 üzvü isə oktyabrın 31-də yerə qayıdacaq. Azərbaycan ictimaiyyətinə Çinin “Şencou-16” missiyasının üzvləri Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin açılış mərasiminə göndərdikləri videomüraciətdən tanışdır. Çinli astronavtlar videomüraciətlərində 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi zamanı Ümummilli Lider Heydər Əliyevin və gənc İlham Əliyevin kosmonavtlarla tarixi fotosunu sürpriz formada nümayiş etdirmişdirlər.

“Şencou-17” kosmik gəmisini və astronavtları orbitə aparan “Uzun yürüş” adlı daşıyıcı raketin buraxılışı yerli vaxtla saat 11:14-də Ciuçüən kosmodromunda baş tutub. Buraxılışdan təxminən yarım saat sonra Çin missiyanın uğurlu olması barədə məlumat yayıb. Bu, o deməkdir ki, daşıyıcı raket kosmik gəmini hədəflənən orbitə çıxarıb. Növbəti mərhələ isə kosmik gəminin “Tienqon” adlı stansiyası ilə birləşməsidir. Birləşmədən sonra astronavtlar stansiyaya keçərək, fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul və iki laboratoriya modulundan ibarətdir. Əsas modul 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub. Çin Kosmik Texnologiyalar Akademiyasının tədqiqatçısı Can Çiao Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı ölkəsinin kosmik stansiyasının 2 dəfə böyüdüləcəyini bildirmişdi. Belə ki, qarşıdakı illərdə kosmik stansiyanın modullarının sayının 3-dən 6-ya çatdırılaraq, onun texniki imkanlarının çoxaldılması planalaşdırılıb. Stansiyanın böyüdülməsinə böyük antena və teleskop, 3D printer, robotlar, müşahidə, aşkarlama və xəbərdarlıq cihazları da daxildir. Genişlənmədən sonra stansiyanın çəkisi 180 tona çatacaq ki, bu da 2030-cu ildən sonra istismardan çıxarılması nəzərdə tutulan Beynəlxalq Kosmik Stansiyanın çəkisinin təxminən 40 faizinə bərabər olacaq.

Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycan və Çinin kosmik agentlikləri Beynəlxalq Elmi Ay Stansiyasının tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulmaq barədə əməkdaşlıq sənədi imzalayıblar. Tərəflər elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqramın həyata keçirilməsi üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. İndiyədək Beynəlxalq Elmi Ay Stansiyasının tikintisi proqramına Azərbaycandan əlavə, Pakistan, BƏƏ, CAR, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin Nano-SPACE şirkəti də qoşulub.

AzVision.az



Teqlər:





Xəbər lenti