JSİD dövlət qurumlarına təlimlər keçir - FOTOLAR

JSİD dövlət qurumlarına təlimlər keçir -  FOTOLAR
  11 Sentyabr 2023    Oxunub:1330
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi bu dəfə təlim-görüşlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları ilə keçirib.
“Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində növbəti iki tədbir də baş tutub. JSİD-in layihə çərçivəsində keçirdiyi altı təlim-görüşə, eyni zamanda media və vətəndaş cəmiyyəti nümayəndələri də qatılıblar.


“Bu gün dünya iqtisadiyyatı qlobal böhran məngənəsindən tam xilas ola bilməsə də, həm beynəlxalq, həm də yerli bazarda olan qabaqcıl şirkətlər, xüsusilə dövlət qurumları ictimai nüfuzlarını qorumağa çalışırlar. Sözsüz ki, bu məsələdə üstünlük sosial məsuliyyətə verilən dəyərdən asılıdır. Yəni, korporativ sosial məsuliyyətini daha dərindən dərk edən və bu istiqamətdə siyasətini düzgün quran istər dövlət qurumları, istər beynəlxalq və yerli şirkətlər həmişə öndədir.


Korporativ Sosial Məsuliyyət nədir? KSM bir tərəfdən davranış fəlsəfəsi, digər tərəfdən isə insanlara, cəmiyyətə və ətraf mühitə qayğı, zamana və iş prinsiplərinə görə hesabat kimi çıxış edir. Nəzərə alsaq ki, bu dəfə mövzu xüsusən dövlət qurumları ilə bağlıdır və bizim cəmiyyətdə “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları” mövzusu aktualdır, xüsusilə daha çox problemli olan sahədir, problemin günün prioriteti olaraq “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İB tərəfindən aktualaşdırılması da təsadüfi deyil”- QHT Sədri Günel Gözəlova bu layihənin həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti təmsilçiləri, həm də media üçün vacibliyindən danışıb. Qeyd edib ki, layihənin davamlı olmasına çalışacaq.


“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin Korporativ Sosial Məsuliyyətin inkişafı üçün etdikləri təkliflərin də yer aldığı videoçarx tədbirdə geniş müzakirə olunub. Dövlət qurumunun əməkdaşları və jurnalistlər, eyni zamanda vətəndaş cəmiyyətini təmsil edən tədbir iştirakçıları da öz növbələrində təkliflərini bildiriblər. Daha sonra marketinq, ictimaiyyətlə əlaqələr, reputasiyanın idarə edilməsi və beynəlxalq tədbirlərin təşkili, eləcə də idarə olunmasında ixtisaslaşan Səfər Aslanov təlim keçib.


Qeyd edək ki, “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsinə iyul ayından start verilib və sentyabrın sonuna qədər davam edəcək. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Növbəti təlim-görüşlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətində təşkil olunacaq.





AzVision.az


Teqlər: JSİD  





Xəbər lenti