“Kişilik məktəbi” haqqında “kafir” qeydləri

// Bu yazının İmam Hüseynə heç bir dəxli yoxdur; o bizim haqqımızdadır

    “Kişilik məktəbi” haqqında “kafir” qeydləri
  29 İyul 2023    Oxunub:3088
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Əgər mərdliyi, düzlüyü, prinsipiallığı öyrənmək üçün İmam Hüseyndən bu yana heç bir nümunə tapa bilmiriksə, vay bizim halımıza!
Əgər bir azərbaycanlı üçün "kişilik məktəbi" 13 əsr əvvəl yaşamış ərəbdirsə, yenə də vay bizim halımıza!
Bu halda biz kimin üçünsə ağlamalı deyilik; bizim özümüzü qabağına qoyub ağlayan, başına-gözünə vuran lazımdır ki, bu xalq 13 əsrdə özü üçün bir dənə də olsun, "kişilik məktəbi" yarada bilməyib...
Baxın avropalılara. Nümunə götürdükləri, şəxsiyyəti üzərində ideologiya qurduqları qəhrəmanların çoxu yeni tarixdə (18-ci əsrdən bu yana) yaşamış adamlardırlar. Bu niyə önəmlidir? Çünki o vaxt artıq xalqlar formalaşmışdı, milli dövlətlər vardı. O vaxtdan sonra meydana çıxmış şəxsiyyətlərdən sırf öz xalqın, milli dövlətin üçün nələrsə əxz etmək mümkündür. Başı kəsilən Paveldən və çarmıxda günəşin altında susuz qovrulan Pyotrdan isə yox. Onların əzabları nə qədər dəhşətli olsa da, siz xalqınız və dövlətinizə faydalı olacaq nəsə əxz edə bilməzsiniz.

Yoxsa siz elə bilirsiniz, xristianlıq tarixində əzabla öldürülən fədakarlar yoxdur?! Ay-hay! Bir neçə batalyon əzabkeş şəhid ("martyr") var Xristianlıq tarixində. Romalılar ilk xristianlara uzun müddət elə divan tutublar, elə zülmlər ediblər ki, "мученик"lərin böyük bir pleyadası yaranıb. "Christian martyr" yazıb, axtarış verin, görəcəksiniz. Diri-diri şaqqalanan, çarmıxa çəkilən, tonqalda yandırılan, vəhşi heyvanlara yem edilən minlərlə əzabkeş xristian fədaisi var. Elə İsanın 12 həvarisindən 11-i dəhşətli əzablar altında inancını təsdiqləyə-təsdiqləyə həlak olub. Bu əzablar heç də qılınc yarasından susuz ölməkdən geri qalmır. Bəlkə çarmıxa çəkilib, qızmar günəşin altında can verən xristian övliyaları "nüşabə" içib ölürdülər?! Bəlkə diri-diri tonqalda yandırılanlara alovların içində doyunca su verilirdi?! Hamısı dəhşətli əzablarla və - təbii ki, susuz!- öz dinləri uğrunda canlarını fəda ediblər.
Jan-Leon Jerom. "Xristian şəhidlərin son duası" (1883)

Ümumiyyətlə, qan itirən insan ağır susuzluq hiss edir, çünki orqanizm itirilən mayenin yerini doldurmalıdır. Bütün müharibələrdə aldığı yaradan can verənlərin hamısı təşnəliklə həyatdan köçüblər. Orta əsrlər başdan-başa insan həyatına, hisslərinə, haqlarına məhəl qoyulmayan tükürpədici əzablar erasıdır. Əsl qara və qaranlıq dövrdür. Amma bu gün bir alman, bir fransız, bir italiyalı deyirmi ki, məsələn, Müqəddəs Stefan kişilik məktəbidir?! Onlar buna tarix, bir az da mifologiya kimi yanaşır və heç bir halda bugünkü həyatlarını qurmaq üçün ideya mənbəyi kimi baxmırlar.

Biz mütləq “kişilik məktəbi” axtarırıqsa, onun düzgün ideologiyaya xidmət etməsinə xüsusilə həssas yanaşmalıyıq. “Düzgün ideologiya” deyəndə xalq kimi birliyimizi möhkəmləndirən, gələcək inkişafımıza, milli dövlətimizin güclənməsinə kömək edən ideyaların, prinsiplərin cəmi nəzərdə tutulur. Bəli, şiə Mübariz İbrahimov (mən onun əziz xatirəsinin qarşısında hər zaman baş əyirəm!) “ölənə qədər şərəfsizlərin üstünə gedəcəyəm” deyir və gedir, amma digər tərəfdən, başqa şiələr İrandan gələn direktivləri milli maraqlardan üstün tuturlarsa, deməli, burada bir yanlışlıq var. Yanlışlıq odur ki, Mübariz İbrahimovun fədakarlığını hansısa şəkildə şiəliklə bağlamaq ciddi səhvdir. O, iliyinə qədər vətənpərvər idi. Şiəlik isə öz ideoloji toxumasında vətənpərvərlik elementləri daşımır. Şiəlik milli dövlət və xalq quruculuğu nöqteyi-nəzərindən uyğun ideologiya kimi nəzərdən keçirilə bilinməz.

Bu yazı din və ya məzhəb haqqında deyil. İnsanların 99%-nin inancını dəyişmək qeyri-mümkündür və buna çalışmağın mənası da yoxdur. Dövlət insanların istədikləri kimi inanmalarına şərait yaratmalı, amma həmin inancın ideogiyaya keçən hissəsini də sərt şəkildə nəzarətdə saxlamalıdır. Bizə siyasi ideoloji yükü olmayan, təmiz inanc lazımdır. Bu mənada İmam Hüseyn məktəbinin proqramı o qədər də yaramır. XXI əsrdə “zalım” və “məzlum” qarşıdurması təfəkkürü ilə yaşamaq olmaz; biz insan haqları, onların pozulması və bərpası kimi operandlarla işləməliyik. Çünki haqqın nə olduğunu hamı özü bilir, zalımın kim olduğunu isə qıraqdan göstərmək lazımdır.


Teqlər: İdeologiya   Şiəlik  





Xəbər lenti