Qarabağda Rusiya hərbi kontingentinə artıq ehtiyac yoxdur

//Moskva proseslərin gedişindən düzgün nəticə çıxarmır//

Qarabağda Rusiya hərbi kontingentinə artıq ehtiyac yoxdur
  17 İyul 2023    Oxunub:1712
Brüssel danışıqları gedən gün Rusiya Xarici İşlər nazirliyinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağ haqda bəyanatı bizdə çox sərt tənqidlə qarşılandı. Düz də edildi. Ancaq tənqidlə yanaşı bu bəyanatın verilməsinə niyə ehtiyac duyulduğunu və onun nə demək olduğunu dəqiq qiymətləndirmək lazım gəldiyi düşüncəsindəyəm.
Beləliklə, bu bəyanat, məncə, əslində moskvadakıların proseslərin gedişini dəqiq görsələr də, bundan düzgün nəticə çıxarmadıqlarını və reallığa uğyun addımlar atmağa hazır olmadıqlarını ortaya qoyur. Burada da təəccüblənəsi heç nə yoxdur. Əgər Rusiya normal məntiq çərçivəsində və reallığı düzgün qiymətləndirərək hərəkət edən dövlətlərdən olsaydı, Ukraynaya qarşı savaşa başlamazdı ki.

İndi gələk, Moskvanın proseslərin gedişini düzgün görməsinə. Proseslərin gedişi, o sıradan da Brüssel görüşü, orada Azərbaycanın torpaq bütünlüyünün tanındığının yenidən dəqiq rəqəmlər göstərməklə təkrarlanması, haydillilərə Ağdam üzərindən də humanitar yüklərin daşına biləcəyinin, kommunikasiyaların “suverenlik, yurisdiksiya və qarşılıqlılıq” prinsipləri əsasında fəaliyyət göstərməli olduğunun vurğulanması ilk növbədə o deməkdir ki, Rusiyanın müvəqqəti hərbi kontingentinin daha Qarabağda qalmasına ehtiyac duyulmur. Ermənistan Qarabağın haydillilər yaşayan hissəsinin də Azərbaycanın bir parçası olduğunu tanıyır, dediyi hər bir sözə əməl etdiyi kimsəyə sirr olmayan cənab İlham Əliyev isə onlara digər vətəndaşlarımıza necə yanaşılırsa o cür yanaşılacağını bildirirsə, onda Rusiyanın oradakı müvəqqəti hərbi kontingentinə nə ehtiyac var? Burada bir məsələni də qeyd etməkdə yarar var ki, Şarl Mişelin açıqlamasında əksini tapmasa da, 15 iyulda Brüsseldə keçirilən görüşdə Qərbi Azərbaycan kökənlilərin yurd yerlərinə qayıtmaları məsələsi də danışılqlar predmeti olub və bunun özü də Qarabağdakı haydillilərin orada rahat qalıb yaşamalarını şərtləndirən faktorlardandır.

Bəli, aydındır ki, Rusiyanın müvəqqəti hərbi kontingenti Qarabağda yaşayan haydillilərin təhlükəsizliklərini təmin etməkdən daha çox başqa məqsədlə ora yerləşdirilmişdi. Ancaq artıq bunun üçün formal səbəblər də tam aradan qalxır. Bax, moskvadakıları qıcıqlandıran budur, Rusiyanın Xarici İşlər nazirliyinin adekvatlıqdan uzaq bəyanatı onunla bağlıdır.

Rusiya Paşinyanın artıq Qarabağın haydillilər yaşayan hissəsini də Azərbaycanın bir parcası kimi tanıdığına hətta ən yüksək səviyyədə, amma yumşaq desək, heç də yüksək səviyyəli sayılmayan reaksiya verməkdənsə, məncə, gərəkən addımı atmalıdır. Bunun baş verib-verməyəcəyini dəqiq deyə bilmərəm. Amma sözü gedən bəyanatda Azərbaycanla Ermənistan arasında yeni danışıqlar təşkil etmək niyyəti də vurğulanır ki, həmən görüş alınarsa, Moskvanın Qarabağdakı hərbi kontingentini 2025-ci ili gözləmədən çıxaracağını bildirməsi, həm Rusiyanın öz işinə yarayar, həm də regionda sülhə çox böyük töhfə olardı .

Kreml, bu baxımdan, qərbdəkilərdən örnək götürsə hər halda daha az şey itirər. Qərbdəkilərin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə yanaşmada sərgilədikləri mövqe dəyişikliyi heç də bizə qarşı uzun zaman edilən ədalətsizliklərdən peşman olmalarından irəli gəlmir. Makron və makronabənzərləri çıxmaqla, onlar İrəvanın Azərbaycanın torpaq bütünlüyünü tanımamasının Ermənsitanın özünün varlığını təhlükə altında qoyduğunu aydın görür və buna da uyğun hərəkət edirlər.

Eyni zamanda, Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu bildirməsi də, onun özündən əvvəl Ermənistana rəhbərlik edənlərdən daha az xəstə zehniyyətliliyindən, yaxud bu yaratdığı reallıq, ordumuzun şərti sərhədlərdəki mövqeləri, Qarabağdakı komando birlikləri Ermənistan baş nazirinə ayrı yol qoymur. Yoxsa o, əvvəlkindən daha yüksək səslə “Artsaxi Hayastan e”,- deyə bağırardı.

Sahib Alıyev, millət vəkili
AzVision.az





Teqlər: deputat   Moskva  





Xəbər lenti