Qarabağ separatçılarının əli iranlı qanına da batıb...
// Amma ali dini rəhbər onların müdafiəsi üçün fətva verir!
Fətvanın məntiqinə görə, Xocalı soyqırımını törədən, kütləvi məzarlıqlar salan, azərbaycanlılara qarşı vəhşilik edən ermənilərlə yanaşı, İran vətəndaşlarını öldürən ermənilərin də təhlükəsizliyi təmin olunmalıdır. Bəli, Qarabağ ermənilərinin əli dinc iranlıların qanına da batıb.
1994-cü il martın 17-də, atəşkəslə bağlı danışıqlar gedən dövrdə İranın Moskvadakı diplomatları Novruz bayramını keçirmək üçün ölkələrinə uçurdular. Sərnişin təyyarəsi gözlənilmədən marşrutunu dəyişərək, Qarabağ üzərindən uçmalı oldu. Amma separatçıların zenit-raket kompleksindən açdıqları atəşlə sərnişin təyyarəsi vuruldu. İranın 32 vətəndaşının olduğu təyyarə Qarabağ ərazisinə düşdü.
Həmin dövrdə Qarabağ ərazisində azərbaycanlı yox idi, ola da bilməzdi. 1994-cü ilin əvvəlindən atəşkəs müqaviləsinin imzalanması ilə bağlı danışıqlar gedirdi. Danışıqlarda əsas maneə sənədi 2, yoxsa 3 tərəfin imzalaması məsələsi idi.
Dini rəhbər bunları da nəzərə almadan, Qarabağ ermənilərinin təhlükəsizliyinin müdafiəsinin üstündə dayanıb.
Hələ bizi də hədələyirlər. Guya İsveçdə Quranın yandırılmasına bütün dünya reaksiya verib, Azərbaycandan başqa! İran Azərbaycan Respublikasının bu hərəkətindən Türkiyəyə və İslam Konfransı Təşkilatına şikayət etməyə hazırlaşır.
Ali dini rəhbər Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı fətvasını dəyişməyəcəksə, o zaman biz özümüz Azərbaycan və İran müsəlmanları adından İranın dinə zidd hərəkətlərindən İslam Konfransı Təşkilatına müraciət edə bilərik.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün
Teqlər: İran Ermənistan Qarabağ