Amerika müdaxilə metodlarını dəyişir - TƏHLİL

Amerika müdaxilə metodlarını dəyişir - TƏHLİL
  31 May 2014    Oxunub:1585
Bu həftə Birləşmiş Ştatların prezidenti Barak Obamanın Vest-Point Hərbi Akademiyasının məzunları qarşısındakı çıxışı dünya mediasında böyük rezonans doğurdu. Çünki Obamanın həmin çıxışda səsləndirdiyi bəzi fikirlər proqram tezislərinə daha çox bənzədiyindən, əksər ekspertlər bunu Amerikanın xarici siyasət kursunda gözlənilən dəyişikliyin anonsu kimi qəbul etdilər.

Obamanın sözlərinə görə, Amerika qarşıdakı illərdə öz xarici siyasətini təcrid siyasəti ilə müdaxilə siyasəti arasındakı orta xəttlə yürütməlidir.

- Amerika həmişə dünya lideri olaraq qalmalıdır, amma proseslərə əsas təsir vasitəsi hərbi müdaxiləni olmamalıdır. Əgər ən yaxşı çəkic bizim əlimizdədirsə, bu, o demək deyil ki, bütün problemləri mıx şəklində görməliyik.- deyə Obama bildirib.

O, dünyada hadisələrə təsir etmək üçün iki amili ön plana çəkir: diplomatiyanı və tərəfdaşlarla işbirliyini gücləndirməyi.

Bəzi ekspertlər bu sözləri Suriya kontekstində dəyərləndirir və qeyd edirlər ki, Obama həmin ölkəyə hərbi zərbə endirməməyini əsaslandırmaq istəyir. Əslində isə Amerika prezidentinin bu çıxışı son illərin təcrübəsini nəzərə alaraq, yeni metodlara əsaslanan müdaxilə siyasəti doktrinasının formalaşdırıldığını göstərir.

Çünki İraqa, Əfqanıstana hərbi müdaxilələr hər mənada son dərəcə baha başa gəlsə də, istənilən nəticəni vermədi. `Ərəb baharı` və Ukrayna hadisələri isə göstərdi ki, diplomatik yollarla və gizli kanallarla müdaxilə daha effektivdir. İstisna deyil ki, Amerika qarşıdakı illərdə dünyadakı proseslərə məhz bu cür metodlarla müdaxilə edəcək və Obamanın çıxışında həm də buna işarə vardı. Çünki informasiya əsrində müdaxilə metodları dəyişir.

`Amerikanın liderliyi sayəsində dünya Rusiyanın hərəkətlərini dərhal qınadı. Avropa və `böyük yeddilik` ölkələri bizimlə birlikdə sanksiyalar tətbiq etdilər. Dünya ictimai fikrinin səfərbər olması və onu yönəldən institutların birgə işi Rusita təbliğatına, ordusuna qarşı durdu. Bizim müttəfiqlərlə birgə çalışmalarımız Ukrayna sakinlərinə öz gələcəklərini seçmək imkanı verdi`. - Bu sözlərdən də anlamaq çətin deyil ki, söhbət Amerikanın xarici siyasət doktrinasının özünün yox, onun metodlarının dəyişməsindən gedir. Doktrina, sadəcə olaraq, müasir dünyanın reallıqlarına uyğunlaşdırılır. Amerika yenə də dünyadakı hədəflərinə can atacaq və proseslərə müdaxilə edəcək, sadəcə, daha yumşaq formada və tək yox.

Obamanın sözlərinə görə, beynəlxalq terrorla mübarizə üçün büdcəsi 5 milyard dollar olan yeni bir xüsusi fond yaradılır. Onsuz da 13 ildir ki `beynəlxalq terrorla mübarizə` adı altında Amerika onlarla xüsusi idarələr, kəşfiyyat bölmələri, xüsusi təyinatlı dəstələr, analitik mərkəzlər yaradıb. Daha birinə nə ehtiyac var? Yəqin, yeni fond həm də proseslərə məhdud və ya gizli müdaxilə üzrə formalaşacaq.

Məqsəd odur ki, Amerika yenə də dünya lideri olaraq qalsın, planetin hər yerində gedən proseslərə müdaxilə etsin, amma əvvəlki kimi yox. Ortada informasiya resursları, sosial şəbəkələr, ayrı-ayrı ölkələrdə yaradılan `beşinci kolonlar`, onlara qlobal bank şəbəkəsi vasitəsilə pul köçürmək imkanları mövcud olduğu halda, əsgəri müdaxilə az effektli və çox məsrəfli bir metoddur.

Tariyel Həsənov
AzVision.az




Teqlər:  





Xəbər lenti