Təmiz enerjiyə investisiya: dünyada yeni rekord, İranda geriləmə

         Təmiz enerjiyə investisiya:    dünyada yeni rekord, İranda geriləmə
  29 May 2023    Oxunub:840
Hazırda günün ən aktual tələblərindən biri qlobal miqyasda ekoloji baxımdan təmiz olan enerji növlərinin istehsalının artıtılmasıdır. Son illər əksər ölkələr bu sahənin inkişafına əhəmiyyətli dərəcədə sərmayə qoyurlar. Amma ənənəvi enerjidaşıyıcıları ilə zəngin olan İranda bu yöndə geriləmə qeydə alınıb.
AzVision.az xəbər verir ki, Beynəlxalq Enerji agentliyinin (MAQATE) hesabatında ötən il dünyada təmiz enerji sahəsinə investisiyalar tartixi rekord həddə—bir trilyon 617 milyard dollara çatdığı halda, İranda bərpa olunan enerjinin inkişafı son illər dayanıb.

Hesabatda keçən il təmiz enerji sahəsinə qlobal investisiyaların neft-qaz və kömür də daxil olmaqla, ənənəvi enerjidaşıyıcıları layihələrinə yatırılan ümumi sərmayələrdən hətta 61%-dən də çox olduğu bildirilir. Ötən il günəş enerjisinə qlobal sərmayələrin həcmi atom enerjisindən düz 12 dəfə çox olub. Bu il dünyanın təmiz enerji sektoruna qoyulacaq investisiyaların isə ötən illə müqayisədə daha 123 milyard dollar artacağı gözlənilir.

Lakin dünyada təmiz enerjinin inkişafına belə böyük həcmdə beynəlxalq sərmayələrin qoyulmasına rəğmən, ildə 300 günəşli günə malik olan və “günəş enerjisi istehsalının cənnəti sayılan” İran son bir neçə ildə qeyri-mədən enerjisini, o cümlədən bərpa olunan günəş və külək enerjisini inkişaf etdirə bilməyib.

İranın Energetika nazirliyinin açıqladığı statistikaya görə, keçən il ölkədə yeni elektrik enerjisi istehsal güclərinin 3%-dən az hissəsi təmiz və bərpa olunan enerji mənbələrinin payına düşüb. Yeni elektrik enerjisi istehsal imkanlarının 60 %-i səmərəliliyi çox aşağı - 33-37 % olan adi qaz və istilik elektrik stansiyalarının hesabına əldə edilir. İranın qaz-elektrik stansiyalarının səmərəliliyinin ortalama 37%-dən aşağı olması və ölkənin sənaye sahələrindəki analoji vəziyyət, o cümlədən hasilat mərhələsində ildə 18 milyard kubmetr qaz itkisi də İranın enerji səmərəliliyi sahəsində nəzər çarpan davamlı problemlərdəndir.
Beynəlxalq statistik rəqəmlərə əsasən, İranın elektrik enerjisi istehsalında günəş və külək enerjisinin payı cəmi 0,5 faiz təşkil edir.

Maraqlıdır ki, Buşəhr AES-i də İranın elektrik enerjisi istehsalında cəmi yarım faiz paya malikdir. Buşəhr AES-in Əməliyyat şirkətinin son hesabatına görə, stansiya işə salındığı gündən cəmi altı teravatt saat elektrik enerjisi istehsal edib ki, bunun da dəyəri regional bazarlarda heç beş milyard dollara da çatmır. Başqa sözlə desək, bu AES on ildən artıqdır ki, tikintisinin dəyərinin yarısı qədər də elektrik enerjisi istehsal edə bilmir.

Amma İranın yeganə AES-i olan Buşəhrin ölkənin elektrik enerjisi istehsalına verdiyi belə cüzi “töhfə” qarşılığnda Tehran həmişə bu layihəni ölkənin qalıq yanacaqlardan nüvə enerjisinə keçid üçün bəhanə kimi istifadə edərək, uranın ölkə daxilində zənginləşdirilməsinə haqq qazandırmağa çalışıb.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: MAQATE   İran  





Xəbər lenti