İranlı qadınlara Azadlıq mükafatı verildi

   İranlı qadınlara Azadlıq mükafatı verildi
  10 May 2023    Oxunub:1254
Beynəlxalq Freedom House təşkilatı illik “Azadlıq Mükafatı”na bir müddət əvvəl Rusiyada həbs edilmiş müxalifətçi rejissor-telejurnalist Vladimir Kara-Murzanı və “demokratiya və azadlığı təşviq etmək üçün sarsılmaz sadiqliklərini və fəaliyyətlərini qiymətləndirdikləri üçün” İran qadınlarını layiq görüb. Bu barədə Təşkilatın Vaşinqtonda yerləşən ofisinin yaydığı bəyanatında bildirilib.
AzVision.az xəbər verir ki, təşkilatın bəyanatında iranlı qadınların ölkədəki teokratik rejimlə mübarizəsi çox yüksək qiymətləndirilir.
“İranlı qadınlar öz ölkələrinin rejiminin davamlı təqib və ayrı-seçkiliyinə qarşı kifayət qədər cəsarət və mətanət nümayiş etdiriblər. Hər təbəqədən olan iranlı qadınlar inanılmaz cəsarətlə özlərini təhlükəyə atdılar. Beynəlxalq ictimaiyyət dəhşətli repressiyalara və insan haqlarının pozulmasına qarşı azadlıq mübarizəsini davam etdirmək üçün İran qadınlarının yanında olmalıdır” – təşkilatın yaydığı bəyanatda vurğulanır.

2023-cü il “Azadlıq Mükafatı”nın verilməsi ilə bağlı dünən axşam keçirilən mərasimdə ABŞ dövlət katibi Entoni Blinken və Tehrandakı teokratik rejimlə mübarizə aparan İran əsilli aktrisa Nazənin Bünyadin də iştirak ediblər.

AzVision.az


Teqlər: İran   qadınlar  





Xəbər lenti