Bu gün imtahandır

Bu gün imtahandır
  25 May 2014    Oxunub:1157
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.
TQDK-nın mətbuat xidmətindən bildiriblər ki, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2014-cü il mayın 1-dən 8-dək aparılıb. Onlar qeyd olunan müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər.

Bu hüquqa malik olan bakalavrlardan 10159 nəfəri qəbul proqramını seçərək təsdiqləyiblər: "Onlardan 8900 nəfəri Azərbaycan bölməsi, 1259 nəfəri isə rus bölməsi üzrə imtahan verirlər. Bakalavrların 4269 nəfərini oğlanlar, 5890 nəfərini isə qızlar təşkil edir. 6101 nəfər ali təhsil müəssisələrinin builki, 4058 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 8957 nəfəri Bakı şəhərində, 249 nəfəri Naxçıvan şəhərində, 953 nəfəri isə Gəncə şəhərində imtahan verir".
İmtahanın keçirilməsi üçün Bakı şəhərində 13, Naxçıvan şəhərində 1, Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılıb. İmtahanın idarə olunması üçün 70 imtahan rəhbəri, 733 nəzarətçi-müəllim ayrılıb.
İmtahan saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq. Bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər. Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet saytında yerləşdiriləcək.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2014-cü il mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.


Teqlər:





Xəbər lenti