Rusiya, ya Çin: əslində kim QAZandı? - TƏHLİL

Rusiya, ya Çin: əslində kim QAZandı? - TƏHLİL
  22 May 2014    Oxunub:1452
Rusiya prezidenti, nəhayət ki, Çinlə qaz ixracına dair müqavilənin imzalanmasına nail oldu. Putinin Çinə səfəri zamanı bir neçə dəfə qaz müqaviləsilə bağlı ziddiyyətli məlumatlar yayıldı. Lakin son məqamda məlum oldu ki, tərəflər arasında razılıq nəhayət ki əldə olunub və Rusiyadan Çinə 30 il ərzində ildə 38 milyard kub metr qazın ixracını nəzərdə tutan müqavilə imzalanıb.

Qazın hansı qiymətə Çinə satılacağı açıqlanmasa da, müqavilənin ümumi dəyərinin 400 milyard dollar təşkil edəcəyini nəzərə alarsaq, min kubunun satış qiyməti orta hesabla 350 dollar təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, Rusiya qazın min kubunu Avropaya 382, Ukraynaya isə 485 dollara satır. Üstəgəl illik 38 milyard kubmetr qaz ixrac olunmasını təmin dəcək infrastrukturun tikintisinə 70 milyard dollar vəsait tələb olunur. Bu rəqəm Avropaya ildə 160 milyard kubmetr qaz ixrac olunan iki boru kəmərinindən də bahadır. Ekspertlər Çinə çəkiləcək boru kəmərinin öz dəyərini ödəməyəcəyi fikrindədirlər. Layihənin on il müddətinə reallaşdırılması planlaşdırılır.

Rusiya üçün bu müqavilənin iqtisadi rentabelliyindən daha çox, siyasi mənası daha əhəmiyyətlidir. Rusiya bununla öz mövqeyinin Çin kimi böyük dövlət tərəfindən dəstəklədiyini nümayiş etdirməyə çalışır və daxili tələbat üçün hesablanmış təbliğatını Çinin dəstəyi üzərində qurur. Çinlə Rusiyanın birgə hərbi təlimləri də iki dövlətin Amerika və Avropaya qarşı vahid cəbhədən çıxış etdikləri görüntüsünü yaratmaq üçün hesablanıb. Rusiya televiziyaları və mətbuat orqanları öz təbliğatlarını məhz bu konteksdə qurmağa çalışırlar.

Təbii ki, Çin də Rusiyanın ondan asılı düşməsindən öz iqtisadi və siyasi maraqları üçün məharətlə istifadə edir. Görünən odur ki, Moskva müqavilənin imzalanmasınına Pekinin razılığını almaq üçün daha çox əziyyət çəkməli oldu. Çünki Çinin Rusiya qazına hələ ki ehtiyacı yoxdur. Belə ki, Çin öz qaz tələbatlarını Türkmənistandan min kubu 300 dollara quru yolla idxal etdiyi qazın və digər mənbələr hesabına təmin edir. Buna görə, Pekinin nəyin müqabilində bu müqaviləyə imza atdığı xüsusi maraq doğurur.

Çinin Rusiyadan qaz alması əslində Avropanın maraqlarına uyğundur. Çünki əgər Türkmənistan gələcəkdə Transxəzər layihəsinə qoşularsa və Xəzərin dibi ilə qazını Azərbaycana, oradan isə Avropaya ixrac etməyə başlayarsa, bu zaman Aşqabadın Çin bazarından, Çinin isə türkmən qazından asılılığı aradan qalxacaq. Eyni zamanda, Pekinin Rusiyadan min kubu 350 dollara qaz alması Aşqabada qiymət artırmağa imkan verməyəcək. Bu müqavilə ilə Çin ən azı 30 il üçün regionda qazın qiymətini müəyyənləşdirmiş oldu.

Türkmənistan Avropaya qaz ixracına başlarsa, Çinin təzyiqlərilə üzləşməyəcək, çünki Pekin özü üçün əlverişli şərtlərlə alternativ mənbədən qaz ala biləcək. Beləliklə, Ukrayna problemilə Avropa Rusiyanı məcbur etdi ki, Çinə sərf edən qiymətə bu ölkəyə qaz satsın, əvəzində isə Avropa Orta Asiyanın qazını maneəsiz idxal etsin və bu zaman pekinin maraqlarına zərər dəyməsin.

Birgə hərbi təlimlərə gəldikdə isə, bu da daha çox Çinin maraqlarına uyğundur. Çünki Pekinin regionda yerləşən demək olar ki, bütün dövlətlərlə ərazi mübahisələri mövcuddur. Belə ki, Filippin, Malaziya, Vyetnam və Yaponiya ilə ərazi sularında Çin ilə mübahisələri var və ABŞ prezidenti bu məsələlərdə həmin dövlətləri dəstəklədiyini, lazım gələrsə hərbi yardım etməyə belə hazır olduğunu bildirib. Məhz, bu səbəbdən Rusiya donanmasının Çin donanması ilə birlikdə hərbi təlimlərdə iştirakı daha çox Pekinin maraqlarına qulluq edir və regiondakı dövlətlərə qarşı mühüm təsir vasitəsi kimi istifadə edilir.

Moskva Çinə görə ən azı Fillippin, Malaziya, Vyetnam kimi dövlətlərdə özünə qarşı etimadsızlıq yaradır. Bu ölkələri heç də zəif hesab etmək olmaz və Rusiya iqtisadi əməkdaşlıq yolu ilə bu dövlətlərlən özü üçün böyük dividendlər əldə edə bilərdi.

Nəticədə, Moskva Çinlə iqtisadi cəhətdən tam uğurlu hesab edilməyən müqavilə üçün regionun digər dövlətlərilə münasibətlərini korladı və Avropa ilə yanaşı Asiya tərəfdən də iqtisadi təcridə məruz qalacaq. Bu minvalla Rusiya gələcəkdə Çinin həm iqtisadi, həm də demoqrafiq işğalı ilə üzləşəcək və bu dövlətdən asılı düşəcək. Nəticədə Çin çoxdankı arzusunu reallaşdırmağa imkan tapacaq. Çin tədriçən Rusiyanın istifadəsiz ucqarlarına daxil olacaq və əhalisinin yerləşməsi, ölkədəki sıxlığın azaldılmasına baxımından yeni imkanlar əldə edəcək.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti