Müəllimlər ezamiyyəyə göndərilir, ödənişlər isə verilmir

   Müəllimlər ezamiyyəyə göndərilir,  ödənişlər isə verilmir
  02 Mart 2023    Oxunub:1807
"Təhsil” Respublika İdman Mərkəzi tərəfindən 25 fevral-04 mart 2023 cü il tarixində Ağcabədi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş Respublika şahmat turniri keçirir. Lakin turnirə dəvət olunan məşqçi, şagird və qonaqların ezamiyə xərcləri qarşılanmır. Onlara bildirilib ki, rayonda qaldıqları müddətdə bütün xərcləri özləri ödəməlidir. Hər halda 10 gün başqa rayonda qalmaq, qidalanmaq və nəqliyyat xərcləri böyük vəsait tələb edir.
Bu isə ilk belə hal deyil. Bundan öncə “Təhsil” Respublika İdman mərkəzinin 14-22 dekabr tarixlərində Bakı şəhərində keçirilən tədbirində iştirak edənlərə ezamiyyə ödənişi verilməyib. Şikayətin daxil olduğu Zaqatala Regional Təhsil İdarəsindən gələnlərə bunu qurumda vəsaitin olmaması ilə əsaslandırıblar və bildiriblər ki, hər hansı ödəniş verilməyəcək.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət almağa çalışdıq. Nazirlikdən AzVision.az -a bildirildi ki, ezamiyyə xərclərinin verilməsi hər region üzrə tənzimlənir və bu suallara regional idarələr aydınlıq gətirməlidir.

Qarabağ Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Aynurə Məlikova AzVision.az -a şahmat turniri ilə bağlı müvafiq ezamiyyə əmri verildiyini qeyd edib:

““Təhsil” Respublika İdman Mərkəzindən daxil olan məktub əsasında təhsil idarəsinin müdiri tərəfindən əmr imzalanıb. Əmrə əsasən 8 regionalın sektor müdirləri turnirdə iştirak edəcək şəxslər barədə bizə məlumat verməlidir və onlar ezamiyyə vərəqələri ilə təmin edilməlidir. Bunun əsasında gələn şəxslərin ezamiyyə xərcləri – qalacaq yerləri, qidalanması, nəqliyyatı qarşılanır. Bura şagirdlər, məşqçilər və digər qonaqlar daxildir. Bütün bu xərclər bizim tərəfimizdən qarşılanacaq, yalnız bu şərtlə ki, regionallar bizə məktubla məlumat versinlər”.

Ezamiyyə ödənişlərinə gəldikdə isə A.Məlikova bunun həmin şəxslərin gəldikləri regional təhsil idarələri tərəfindən həyata keçirildiyini deyib.

Zaqatala Regional Təhsil İdarəsindən isə dekabr ödənişlərinin verilməməsi məsələsini aydınlıq gətirilib.
İdarənin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov bildirib ki, hazırda ezamiyyə ödənişlərinin verilməsi ilə bağlı qanunamüvafiq işlər aparılır. Həmin şəxslər yaxın zamanlarda ödənişləri alacaq. Ümumiyyətlə bu günə qədər qalan ezamiyyə, analıq məzuniyyəti və s. ödənişlər veriləcək. Bu prosesin ləngiməsi regional təhsil idarələrinin yaranması, ərazi maliyyə hesablaşma mərkəzlərinin ləğv olunması ilə əlaqədar idi. Tezliklə bunlar da həll olunacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti