Ötən ilin sıçrayışı: Süni İntellekt

   Ötən ilin sıçrayışı:    Süni İntellekt
  01 Yanvar 2023    Oxunub:5439
Son zamanlar neyron şəbəkələri irəliyə doğru böyük sıçrayışlar edib və dayanmaq niyyətində deyillər. Bəlkə də elə buna görə “Science” elmi jurnalı “süni intellekt kreativliyi”ni “ilin sıçrayışı” siyahısına daxil edib.
Süni intellekt bir neçə il əvvəl yalnız insana aid hesab edilən müxtəlif sahələrə də nüfuz edir. Məsələn, “DALL-E” sistemi sifariş əsasında, demək olar ki, istənilən şəkli çəkə bilir. “DALL-E 2”nin isə maşın təlimi metodu var, yəni öyrənməyə və təkmilləşdirməyə qadirdir. İngilis dilindən istifadə edilərək tələb olunan şəkilləri yaradan “Midjourney diffuziya” modeli də artıq mövcuddur.

Amma Sİ hələ də mükəmməl deyil. Neyroşəbəkələrə istənilən sualı və ya tapşırığı verə bilərsiniz, ancaq mükəmməlliyi özünüz əldə etməli olacaqsınız, çünki proqram kodu ruhsuzdur və insan beyninin düşündüklərini əvəz edə bilməyəcək. Bunu Ceyson Allenin süni intellekt “Midjourney” ilə birgə təsviri incəsənət müsabiqəsində yaratdığı rəsm də sübut edir.

İnsanların həyatına şəkil yaradan neyron şəbəkələri ilə yanaşı, çat-botlar da sözün həqiqi mənasında daxil olub. Onlar nəinki sual verə, həm də proqram kodları yarada, istənilən mövzuda referatlar və hətta şeir yaza bilirlər. Ancaq cavabları inandırıcı olsa da, həmişə düzgün olmur.

Ümumiyyətlə, 2022-ci ildə neyron şəbəkələri beş il əvvəlkinə nisbətən daha praktik və sadədirlər. İnsanlar süni intellektdən daha çox istifadə etməyə başlayıblar, bu səbəbdən bir çoxları proqram kodunun incəsənəti və ya rəssamlığı əvəz edə biləcəyi ilə bağlı narahatlıq keçirirlər.

“Bəzi müşahidəçilər süni proqramçıların və rəssamların müəllif hüquqlarını pozacağından, stereotiplər yaradacağından, dezinformasiya yayacağından və ya iş yerlərini ixtisar edəcəyindən qorxurlar”, - “Science” jurnalı yazır.

Bununla belə, ekspertlər bəşəriyyətin öz yaradıcılıq imkanlarını süni intellektin köməyi ilə şüurlu olaraq genişləndirəcəyinə şübhə edirlər.

Samir Quliyev
AzVision.az




Teqlər: Süni-İntellekt  





Xəbər lenti