Parisin Bakıya yaxınlaşmaq istəyinin səbəbi – TƏHLİL

Parisin Bakıya yaxınlaşmaq istəyinin səbəbi – TƏHLİL
  13 May 2014    Oxunub:1418
Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfəri çərçivəsində ilkin olaraq Azərbaycana səfər etməsi, prezident İlham Əliyevlə keçirdiyi görüşlər, verilən bəyanatlar Parisin Bakı ilə yaxınlaşmaq və əməkdaşlığı daha da dərinləşdirmək istədiyinin göstəricisidir.

Erməni lobbisi və bilinməyən başqa səbəblərə görə Avropanın türklərə qarşı ən sərt mövqeyi ilə seçilən dövləti Fransa olub. Azərbaycan üçün Fransa ilə münasibətlərin normallaşması hər zaman xüsusi əhəmiyyət daşıyıb. Fransa “yeddiliy”ə daxil olan dövlətlərdən biridir, ATƏT-in Minsk Qrupunun həmsədridir və Avropa Birliyi çərçivəsində həlledici nüfuza malik dövlətlərdən biridir. Təsadüfi deyil ki, hələ Ulu Öndər Heydər Əliyev Fransa ilə münasibətlərə böyük əhəmiyyət vermiş, o dövrkü Fransa prezidenti Jak Şirakla səmimi dostluq münasibətlərinin yaranmasına nail olmuşdu. Eyni zamanda, İlham Əliyevin hakkimiyyəti dövründə də Fransa ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verilib, Heydər Əliyev Fondunun xətti ilə bu ölkədə təşkil olunan müxtəlif layihələr hesabına Fransa ictimai rəyinin Azərbaycanın xeyrinə dəyişməsinə çalışılıb. Çünki bir çox hallarda erməni lobbisinin təsiri ilə, Fransada Azərbaycanın xeyrinə olmayan ictimai rəy formalaşıb və hakimiyyətə gələn siyasi qüvvələr xarici siyasətlərində ictimai rəylə hesablaşmalı olublar.

Uzun illər ərzində görülən işlər təsirsiz ötüşməyib və bugünkü münasibətlərin inkişafı üçün baza rolunu oynayır. Ollandın Bakı Fransız liseyindəki qısa çıxışı zamanı Luvr muzeyini xatırlaması və Azərbaycanın muzeylə bağlı layihələrdən birinə maliyyə yardımını göstərdiyini xatırlaması bunu bir daha sübut edir: “Azərbaycan muzeyin həmin hissəsinin maliyyələşdirilməsində iştirak etdi, biz bundan fərəhlənirik”.

Qeyd olunan məsələlər baza rolunu oynasa da, Fransanın Azərbaycanla yaxınlaşmaq istəyinin kökündə bir sıra geosiyasi amillər və Ankara ilə Bakının yaranmış geosiyasi reallıqlardan birgə maraqlar naminə məharətli istifadəsi dayanır. Belə ki, 2013-cü ilin sonlarından etibarən Amerikanın Yaxın Şərqdə “şiə oxu”na (İran,Suriya və Hizbullah təşkilatı) qarşı təzyiqləri azaltması, Suriyada Əsəd rejimi ilə mübarizə aparan müxalifətçilərə hərbi dəstək göstərməkdən imtina etməsi və İrana qarşı sanksiyaların ləğv olunması regiondakı sünni ərəb dövlətlərinin - əsasən isə Səudiyyə Ərəbistanının narazılığına səbəb oldu. Güman ki, Amerika regionda Türkiyənin başçılığı ilə sünni ittifaqının yaranmasından ehtiyatlandı və buna görə “Müsəlman Qardaşları”nın Misirdəki nümayəndəsi Muhammed Mursi hakimiyyətdən uzaqlaşdırıldı, Türkiyə baş naziri Ərdoğana qarşı isə əvvəlcə Gezi Parkı, sonra isə Fətullah Gülən zərbələri endirildi. Nəticədə regionda tarazlıq bərqərar olundu.

Bununla belə, ehtimal etmək olar ki, Səudiyyə Ərəbistanı Suriyada şiə rejimini devirmək və enerji resurslarını Aralıq Dənizinə çıxaracaq ən sərfəli dəhlizə sahib olmaq planlarından əl çəkmədi və özünə Qərbdə yeni dəstəkçi axtarışına çıxdı. Fransa prezidenti Fransua Olland ərəblərə dəstək verdi və bu ilin əvvəlində Səudiyyə Ərəbistanına səfər etdi. Səfər nəticəsində iki ölkə arasında il ərzində ümumi dəyəri orta hesabla dörd milyard təşkil edən Fransa silahının satılması barədə razılıq əldə olundu. Bu silahın Suriya müxalifəti üçün nəzərdə tutulduğu heç kimdə şübhə doğurmurdu və məhz buna görə Olland Ankaraya yollanmalı oldu. Çünki, silahın Suriya müxalifətinə göndərilməsinin yeganə təhlükəsiz yolu Türkiyə ərazisindən ola bilərdi və Paris bunun üçün Ankaranın razılığını almalı idi.

Fransa bu mexanizmi işə salmaqla birnci öz silahının satışını təmin edir, Yaxın Şərqdə olan ənənəvi nüfuzunu bərpa edir və gələcəkdə mühüm enerji nəqliyyat dəhlizinə nəzarət edən ölkələrdən birinə çevrilmək şansını saxlamış olur. Əvvəlki prezident Nikolya Sarkozidən fərqli olaraq Olland Fransanın xarici nüfuzunu Türkiyə ilə konfrantasiyaya getməklə deyil, əksinə qarşılıqlı faydalı əməkdaşlıqla bərpa etmək yoluna üstünlük verdi.

Ankaranın Fransaya nəyin müqabilində razılıq verdiyini demək mümkün olmasa da, şərtlərdən birinin də Dağlıq Qarabağ münaqişəsində Parisin konstruktiv, daha dəqiq desək Azərbaycan maraqlarına uyğun mövqe tutması olduğunu söyləmək olar. Bunun müqabilində isə Ərdoğanın Türkiyə daxilindəki düşmənləri hesab olunan nurçulara qarşı Azərbaycanda da zərbə vuruldu, və bu zərbə Türkiyə baş naziri üçün mühüm dəstək idi.

Fransanın Azərbaycana əl uzatmağa tələsdirən digər vacib səbəb Ukraynadakı böhranla əlaqədardır. Fransa digər Avropa dövlətləri kimi özünün enerji təhlükəsizliyini indidən təmin etmək və Rusiyanın asılılığından çıxmaq istəyir. Azərbaycanın Şah Dəniz yatağından illik 16 milyard kub metr qazın TANAP layihəsi vasitəsilə Gürcüstan, oradan isə Türkiyə ərazisi ilə Yunanıstana qədər, Yunanıstandan TAP layihəsi ilə Albaniya ərazisindən İtaliyanın cənubuna ixracı nəzərdə tutulub. Söhbət ondan gedir ki, Fransa ilə İspanya da bu layihəyə qoşulmaq və boru kəmərinin öz ərazilərinədək uzadılmasını istəyirlər. Gələcəkdə bu xətt vasitəsilə İran və Türkmənistan qazının da ixracı nəzərdə tutulub. Odur ki, Rusiyanın təsirindən çıxmaq üçün Parisin də Avropaya ixrac olunacaq qazdan özünə pay istəməsi tamamilə başadüşüləndir. Bu, Fransanın Rusiyaya təsir etmək üçün gücünü də artırır.

Azərbaycanın regionda müstəqil siyasət yeritməsi və Rusiyanın təsirində olmaması avropalı, həmçinin fransalı investorların ölkəmizə olan marağını artırır. Azərbaycanın neft və qaz ixracından əldə etdiyi gəlirləri ölkə daxilində müxtəlif irihəcimli layihələrə yatırması iqtisadi gəlir əldə etmək istəyən Fransanın da bu layihələrə qoşulmaq istəyini şərtləndirir. Məsələn, kənd təsərrüfatı, şəhərsalma, olimpiya oyunları və s bu kimi sahələri göstərmək olar ki Fransa bu sahələrdə həyata keçirilən layihələrə qoşulmaq istəyir.

Fransanın Azərbaycanla əməkdaşlığa nə dərəcədə cəlb olunacağı Parisin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərəcəyi səydən asılı olacaq. Olland Azərbaycandan Ermənistana yola düşəcək və güman ki, erməniləri konstruktivizmə dəvət etməyə çalışacaq.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti