"Türklərin şanlı tarixi dünya sivilizasiyasının arxa planına keçirilib" - Yerkin Baydarov (Müsahibə)

 "Türklərin şanlı tarixi dünya sivilizasiyasının arxa planına keçirilib" -    Yerkin Baydarov (Müsahibə)
  09 Noyabr 2022    Oxunub:5293
“Türk ölkələrinin və xalqlarının dünya tarixinə töhfəsi əvəzsizdir, çünki onlar son iki min ildə bəşər tarixinə və mədəniyyətinə din, fəlsəfə, mədəniyyət, metallurgiya, heyvan əhliləşdirmə, döyüş sənətləri, diplomatiya, ticarət, elm, memarlıq və s. sahələrdə çox sayda mənəvi və maddi nailiyyətlər gətiriblər. Türk xalqlarının avrosentrik yanaşmalar ucbatından haqsız yerə dünya sivilizasiyasının arxa bağçasına salınmış şanlı tarixi var”.
Bu sözləri AzVision.az-a müsahibəsində Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi Elm Komitəsi R.B. Süleymanov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, politoloq Yerkin Baydarov deyib. O bildirib ki, bu gün tarixin obyektiv təhlili, türk xalqlarının dünya tarixində real yerini və rolunu müəyyən etmək imkanı var.

- Məsələn, türk xalqlarının dünya tarixinə verdiyi töhfələr haqqında hesabata mənşəcə skif və qədim yunan sivilizasiyasının “yeddi müdrikindən” biri sayılan Anaxarsisin (e.ə. 7-6-cı əsrlər) dövründən başlasaq (skiflər müasir paleogenetik tədqiqatlara görə, getdikcə daha çox türk xalqları kimi təsnif edilirlər), belə bir nəticəyə gəlmək olar ki, türklərin dünya tarixində təxminən üç min ilə yaxın mövcudluğu var.

Türk xalqları indi də bəşər həyatının müxtəlif sahələrinə öz töhfələrini verməkdədirlər. Məsələn, 2006-cı ildə türk yazıçısı Orxan Pamuk Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb, 2015-ci ildə türkiyəli alim Əziz Sancar DNT-nin təmir mexanizmləri ilə bağlı araşdırmasına görə kimya üzrə Nobel mükafatı laureatları sırasında olub. Üzeyir Hacıbəyovun, Nazim Hikmətin, Muxtar Auezovun, Çingiz Aytmatovun və başqalarının adları bütün dünyaya bəllidir. Qərb dinləyicisinə təkcə qazax deyil, bütövlükdə türk mədəniyyətini açan müğənni Dimaş Xudaybergenin adı yaxşı tanışdır.

Beləliklə, mərkəzi Avrasiyanın geniş çöllərində yaranmış türk dünyası bütün bəşəriyyətin siyasi tarixinin tərkib hissəsinə çevrilib və onun dünya tarixinə verdiyi töhfələr Çin, Hindistan, Avropa və digər sivilizasiyalar qədər böyükdür.

Lakin çox vaxt türklərin dünya mədəniyyətinə və sivilizasiyasına verdiyi töhfə ərəb-islam sivilizasiyası anlayışında əridilib-itirilir. Bu, tarixi-mədəni töhfəni yalnız dini mənsubiyyətlə müəyyən edən metodoloji qeyri-dəqiqlikdir. Əslində ərəb-islam mədəniyyəti anlayışında türk komponenti kifayət qədər orijinal və yetərlidir. Ona görə də, biz türk mədəniyyəti və sivilizasiyası haqda əminliklə danışmalıyıq.

- XIII-XV əsrlərin monqol yürüşləri və işğalları türk xalqlarının sosial-iqtisadi və mədəni həyatına hansı təsiri göstərib?
- XIII əsrdə Çingiz xan və onun “qızıl nəsli”nin övladlarının başçılıq etdiyi monqol yürüşləri Mərkəzi və Cənubi Asiya xalqlarına, Yaxın və Orta Şərq ölkələrinə, o cümlədən sosial-iqtisadi və mədəni həyata saysız-hesabsız fəlakətlər gətirdi, türk xalqlarının gələcək inkişafını müəyyən müddətə dayandırdı. Böyük İpək Yolunun keçdiyi bir çox şəhərlər dağıdıldı. “Kainatı Sarsıdan” şəxsə xidmətdən boyun qaçıran çox sayda türk tayfası məhvə məruz qaldı, sağ qalanlar isə Şərqi Avropa və Yaxın Şərq ölkələrinə qaçdılar.

Məlum olduğu kimi, türk xaqanlıqlarının süqutundan sonra (IX-X əsrlər), X-XIII əsrlərin türk dövlətləri (Qaraxanlılar, Qəznəvilər, Anuşteginlər, Səlcuqlular, Volqa Bulqarıstanı) bütövlükdə türk sivilizasiyası şərqdə Sarı dənizdən qərbdə Aralıq dənizinə, şimalda Volqadan cənubda Qanqa qədər uzanan çiçəklənmə dövrünü yaşadı. Ədalət naminə qeyd etmək lazımdır ki, o dövrün türk mədəniyyəti fars mədəniyyətinin (memarlıq, poeziya), elm (tarix, coğrafiya, tibb və s.) əvvəlcə ərəb, sonralar fars dilinin böyük təsiri altında inkişaf edib. Buna baxmayaraq, yaradıcılığı bəşəriyyətin mənəvi xəzinəsinə daxil olan bir sıra görkəmli şəxslərin, mənşəcə türklərin adlarını (bəziləri başqa mənşəli olsa da, türk dilində yaradırdılar) sadalaya bilərik. Bunlar Əbu Nəsr əl-Farabi, İsmayıl əl-Cauxari, Yusif Balasaquni (Yusif Xas Hacib), Mahmud əl-Kaşğari, Əhməd Yəsəvi, Əhməd Yuqnəki, Süleyman Bakırqani və başqalarıdır.

O dövrdə türk xalqlarının sosial-iqtisadi və mədəni həyatı, deyə bilərik ki, türk intibahı monqol istilası ilə dayandırılmışdı. Cəmi 100-150 il sonra monqollar türk xalqlarının içərisində əridiklərindən və Anadoluda, Kiçik Asiyada heç nəyə nail ola bilmədiklərindən yuxarıda qeyd olunan bütün məkanlarda türklərin intellektual dirçəlişi yenidən müşahidə olundu. Bu da ondan irəli gəlirdi ki, Çingiz xanla birlikdə monqol çöllərindən gələn tayfaların çoxu həmin dövrdə türkləşərək türk dünyasının bir hissəsinə çevrildilər, türk dilini, mədəniyyətini, dünyagörüşünü və s. qəbul etdilər. Qohum türk-monqol tayfalarının mədəniyyətlərinə yerli adət-ənənələrin (fars, hind və s.) əlavə edilməsi ilə qaynayıb-qarışma baş verdi.

Orta Asiyada Barlas tayfasından çıxan Əmir Teymurun (1336-1405) adı XIV-XV əsrlərin Teymurilər İntibahı adlanan dövrü ilə bağlıdır. Bu dövrdə şairlər - Hafiz Xarəzmi ("Məhəbbətnamə" poemasının müəllifi), Lütfi, Ətai, Səkaki, Nəvai və digərləri türk dillərində əsərlər yazırdılar. Azərbaycanda sufi şairi Nəsiminin yaradıcılığı bu dövrə təsadüf edir. Böyük astronom Uluqbəyin fəaliyyətini də Teymurilər dövrünə aid edə bilərik. Teymurilərdən sonrakı dövrdə şair və memuarçı, Hindistanda Moğol sülaləsinin banisi Baburu, müasir Qazaxıstanda ilk qazax tarixçisi adlandırılan və qədim Tarazdakı universitetlərdən birinə adı verilən Mirzə Məhəmməd Haydar Duqlatı ("Tarix-i Rəşidi"nin müəllifi) xatırlamaq olar.

Kiçik Asiyada (Anadoluda) son Səlcuqlularun və erkən Osmanlıların yüksəlişi dövründə (XIII-XIV əsrlər) böyük türk sufi şairi Yunus Əmrə, Türk Sultanı II Mehmed dövründə isə astronom, böyük Uluqbəyin tələbəsi, vaxtilə müasir Cənub-Şərqi Qazaxıstan ərazisində yaşamış türk tayfasından, Kuşçu nəslindən olan Əli Kuşçu ulduz kimi parladılar.

Onu da qeyd etmək lazımdır ki, Səmərqənd, Buxara, Mərv, Herat, Bağdad və digər yerləri ələ keçirən monqol ordusu arasında türk tayfaları (naymanlar, kereylər, qıpçaqlar, cəlairlər və s.) çoxluq təşkil edirdilər. Məsələn, 1260-cı ildə Fələstində baş verən məşhur Ayn-Calut döyüşündə bir tərəfdən türklər Sultan Kutuz (Anuştəginlər sülaləsindən) və gələcək sultan Əmir Bəybarsın (mənşəcə qıpçaq) komandanlıq etdiyi Misir Məmlüklərinin qoşunları ilə Kitbuqa-noyonun (mənşəcə Nayman) komandanlığı altında Çingiz xanın nəvəsi Hülakünün ordusundan olan monqol korpusu üz-üzə gəldilər. Yəni gördüyümüz kimi, türklər o dövrdə, müasir futbolda deyildiyi kimi, öz komanda “rənglərini” qoruyaraq bir-biri ilə vuruşublar.

Ona görə də yekunda qeyd edərdim ki, XIII-XIV əsrlərin monqol yürüşləri kompleks şəkildə qiymətləndirilməlidir. Təbii ki, türk və digər xalqların sosial-iqtisadi və mədəni həyatına zərər vurduğu üçün onlar reqressiv xarakter daşıyırdı, lakin bu yürüşlərin Atillanın Qərbi Roma imperiyasına yürüşləri kimi mütərəqqi tərəfi də vardı. Onlar mərkəzləşdirilmiş dövlətlərin - Qızıl Ordanın, Teymur imperiyasının, sonradan Osmanlı İmperatorluğuna çevrilən Kiçik Asiyadakı Osmanlı bəyliyinin, Cəlairilər dövlətinin, Hülakilər (İlhanilər) dövlətinin qalıqları üzərində formalaşan Ağqoyunluların yaranmasına təsir göstərdi. Eləcə də Krım, Kazan, Qazax, Həştərxan xanlıqlarının yaranması türk xalqlarının sosial-iqtisadi və mədəni həyatının yenidən canlandırdı.

- Türk dünyasında tarix elminin inkişafında hansı böyük hadisələr baş verib?
- XIX əsrin ikinci yarısından, daha sonra XX əsrin ikinci yarısından başlayaraq türk dünyasında tarix elminin inkişafı qeyri-bərabər gedib. Əgər Türkiyədə türklərin tarixinə maraq dalğası Tənzimat dövründən sonra başlayırsa (Ziya Göyalp və başqaları), o zaman həm türk dünyasının digər yerlərindəki yarımmüstəmləkələrdə (tatarlar, başqırdlar, azərbaycanlılar), həm də müstəmləkələrdə (qazaxlar, özbəklər, qaraqalpaqlar, qırğızlar, türkmənlər) tarix elmi ayrı-ayrı ziyalıların (Mərcani, Kazembəy, Behbudi, Şahkərim, Zəki Vəlidi və s.) şəxsi təşəbbüsləri ilə inkişaf edib. Sovet türk respublikalarında tarix elmi sinfi mübarizənin marksist nəzəriyyəsi kontekstində və hər bir türkdilli “titul millət”in “milli” elan edildiyi “sovet titul millətlərinin” formalaşması nəzəriyyəsi çərçivəsində inkişaf edib. Burada hər bir türkdilli “titul millət” “formaca milli, məzmunca sosialist” idi və onların tarixi sovet ideoloji maşını çərçivəsində cəmi bir neçə əsrlə ölçüldüyü üçün bunu tarix adlandırmaq belə mümkün deyil.

Orta Asiya türk xalqlarının tarixi ilə bağlı 1940-1950-ci illərin məlum qərarları ona gətirib çıxardı ki, yerli tarixçilər yalnız türk xalqlarının Çar Rusiyasından müstəmləkə asılılığı dövrünü və Sovet hakimiyyəti dövründə əldə etdikləri uğurları öyrəndilər. SSRİ türk xalqlarının zəngin qədim və orta əsrlər tarixi praktiki olaraq öyrənilməyib. Məsələn, Sovet Qazaxıstanında Şəhkərimin, M. Tınışpayevin, S. Asfendiyarovun, A. Marqulanın, Y. Bekmaxanovun, M. Auezovun və başqalarının qazax xalqının tarixinə və mədəniyyətinə həsr olunmuş əsərləri qadağan edilmişdi. Eyni qadağalar digər sovet türk respublikalarındakı tarixçilərin əsərlərinə qoyulmuşdu.

1990-cı illərdə SSRİ-nin dağılmasından sonra türk respublikalarında tarix elminin inkişafında mühüm dəyişikliklər baş verdi. Türk xalqlarının tarixi yeni konsepsiyalar əsasında həm qədim və orta əsrlərdən, həm də müstəmləkəçilik və müasir dövrlərdən öyrənilməyə başlandı. Məsələn, Qazaxıstanda 1996-2010-cu illərdə yeni 5 cildlik “Qazaxıstan tarixi” nəşr olundu. Hazırda yeni 7 cildlik “Qazaxıstan tarixi”nin və ölkənin qısa tarixinin ingilis dilində nəşrləri üzərində iş gedir.

Son 50 ildə dünyada həm ingilis, həm də digər dillərdə türklərin və bütövlükdə türk dünyasının tarixinə dair çox sayda elmi monoqrafiya və məqalələr nəşr olunub. Məsələn, Tatarıstan Respublikası EA Tarix İnstitutunun Oksford Universiteti ilə birlikdə kollektiv əməyinin məhsulu olan “Dünya tarixində Qızıl Orda” monoqrafiyanın nəşrini türk dünyası tarix elmində son illərin böyük nailiyyəti adlandırmaq olar (2016-cı ildə rusca, 2017-ci ildə ingiliscə nəşr olunub).

Yaxud Beynəlxalq Türk Akademiyasının (Astana) Monqolustan Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutu ilə birgə Nomqon vadisində (Arxanqay vilayəti, Monqolustan) apardığı arxeoloji ekspedisiya nəticəsində Elteris-Xaqana (682-693-cü illərdə Şərqi Türk Xaqanlığının hökmdarı) aid kompleks və yazının tapılması böyük elmi sensasiyadır. Türk xaqanlığını dirçəltmiş Qutluk Elteris-Kağan Bilgə xaqanın (716-734-cü illərdə hökmranlıq etmiş) və Monqol çöllərində xatirə kompleksləri tapılmış Külteginin atası idi. Aşkar edilmiş yazı türk dövrünün ən qədim yazılı abidəsidir və burada ilk dəfə “türk” adına rast gəlinir. Bu tapıntının bundan sonra da nəşri, şübhəsiz ki, türk dünyası tarix elminin inkişafında böyük nailiyyət olacaq.

Seymur Məmmədov
AzVision.az

Mövzu ilə bağlı digər yazılar:
“Türklər haqqında yanlış təsəvvür yaradılıb”
Böyük Çölün böyük izi
Türklər: İki sivilizasiyanın xadimləri - VİDEOKAST
“Türklər Qərb mədəniyyətinə böyük təsir göstəriblər” – VİDEOKÖŞƏ
Türk Dünyasının yüksəlişi hər 7 əsrdən bir olur
Ravşan Nazarov: “Orta Asiya türkləri dünyaya xeyli dahi bəxş ediblər” - Müsahibə



Teqlər: Türklər-və-dünya  





Xəbər lenti