"Dünyanı proqnozlaşdırmaq çətinləşib" - Səadət Yusifova

 "Dünyanı proqnozlaşdırmaq çətinləşib" -  Səadət Yusifova
  28 Sentyabr 2022    Oxunub:978
“Hazırda beynəlxalq münasibətlər sistemində mövcud formulların dəyişdiyini görürük. Son illərə qədər beynəlxalq münasibətlərin demək olar ki, bütün aktorları öz xarici və daxili siyasətlərini çoxdəyişənli formulalar əsasında qurur, bu dəyişənlər arasında balans qurmağa qismən də olsa nail olurdular. Son proseslər isə göstərir ki, dünya dövlətlərinin əksəriyyəti üçün bu “siyasət tənliklərində” bir sabit meydana çıxıb. Bu sabit də “milli maraqlar”dır”.
Bu sözləri Bakıda Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

Onun sözlərinə görə, milli maraqların prioritetliyi qlobal koronovirus pandemiyasının meydana çıxması və Ukrayna müharibəsi ilə özünü daha açıq büruzə verməyə başladı və proseslər göstərdi ki, bu tendensiya getdikcə güclənəcək. Əgər əvvəlki dövrlərdə ayrı-ayrı dövlətlər milli maraqlarını beynəlxalq hüquq, ümumqəbul olunmuş prinsiplərlə balanslaşdırırdılarsa, artıq milli maraqlar digər amilləri açıq şəkildə üstələyir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxış edərək qeyd edib ki, “Bizim siyasətimiz hər zaman beynəlxalq hüquq, ədalət, müdriklyə əsaslanıb. Artıq 30 ildir ki, Azərbaycan müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün isə biz güclü olmalıyıq. Yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətindir. Yalnız bir şey aydındır ki, dünya dəyişib. Yeni müstəqil dövlət kimi bizim üçün əsas məsələ özümüzü xarici amillərdən müdafiə etməkdir. Ona görə də yeni qlobal düzənin bizim regiona təsirləri bizim üçün önəmlidir. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaqmı, ya başqa bir təşkilat ortaya çıxacaqmı? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir”,- PA yetkilisi bildirib.

Səadət Yusifova qeyd edib ki, bu gün müşahidə olunan geosiyasi balanslardakı dəyişikliklər, ayrı-ayrı regionlarda xəritələrin yenidən cızılması və yaxud münaqişələrin yenidən alovlanması əslində həmin prosesin bir təzahürüdür və təbii ki, proses ümumilikdə beyin mərkəzləri qarşısında ciddi suallar qoyur:
“Beyin mərkəzləri gələcəyin formalaşmasına təsir göstərirlər” – Səadət Yusifova

“Ənənəvi olaraq beyin mərkəzləri mövcud qanunauyğunluqlara, hadisələrin müəyyən sabit dinamikasına əsaslanaraq proqnozlaşdırma apara bilirdilərsə, artıq dövlətlərin və beynəlxalq münasibətlərin ümumilikdə hərəkət trayektoriyalarını hesablamaq, hansı addımları atacağını qabaqcadan görmək çətinləşib. Dünya permanent dəyişikliklər mərhələsinə daxil olub. Bu, beyin mərkəzləri üçün yeni çağırışlar yaradır. Məsələn, sürətlə dəyişən və proqnozlaşdırıla bilinməyən dünyada proqnozlar və qiymətləndirmələr aparmaq problemi ortaya çıxır. Dünyanın aparıcı analitiklərindən biri Ceyms Makqanın sözləri ilə demiş olsaq, biz yeni reallığı qəbul etməliyik. Artıq yeni normallıq olmayacaq, dağıntı və qeyri-normallığın normaya cevriləcəyi dünyanı yaradacaq ekstraordinar hadisələr seriyası olacaq. Ona görə də analitik mərkəzlər qeyri-müəyyən gələcək üçün yararlı olmalıdır”.

PA yetkilisi bildirib ki, hazırda beyin mərkəzlərinin üzləşdiyi çətinliklərdən biri də onların ənənəvi olaraq mövzulara və problemlərə deyil, konkret ölkələrə fokuslanmasıdır. Bu yanaşma ayrı-ayrı ölkələr üzrə dar ixtisaslaşma yaratsa da, müasir dünyadakı transsərhəd xarakterli məsələləri bütövlükdə, daha geniş miqyasda qiymətləndirmək üçün kifayət deyil, qlobal prosesləri dərk etmək imkanlarını məhdudlaşdırır.

Texnologiyaların təsiri, “big data” və süni intellekt, maraq qrupları və PR şirkətləri tərəfindən rəqabət, siyasi qütbləşmənin güclənməsi, maliyyələşmə problemləri, pandemiyanın təsiri – bütün dünyada analitik mərkəzləri narahat edən əsas problemlərdir.

Hazırda bütün dünyada beyin mərkəzlərinin fəaliyyətindəki əsas çağırışlardan biri də fəaliyyətlərin digər aktorlarla əlaqələndirilmiş şəkildə təşkil edilməsidir. Bununla bağlı prosesə ikitərəfli yanaşma vacibdir. Bir tərəfdən baş verən proseslərin, onların nəticələrinin qiymətləndirilməsi və proqnozların verilməsi, Digər tərəfdən isə dövlətlərin və ya ayrı-ayrı təşkilatların qərar qəbuletmə prosesinə dəstəyin göstərilməsidir. “Bu zaman onlar arasındakı əlaqələndirmə və kommunikasiyanın intensivliyi məsələsi meydana çıxır. Hazırda beyin mərkəzləri beynəlxalq təşkilatların, hökumətlərin və ya dövlət orqanlarının qərar qəbuletmə prosesində hansı səviyyədə iştirak edirlər? Onların inkişaf etdirməli olduqları ən mühüm istiqamətlərdən də biri məhz budur”,- S.Yusifova vurğulayıb.

O bildirib ki, beyin mərkəzləri qarşısında dayanan daha bir çağırış informasiyanın hazırkı yayılma sürətinə uyğunlaşmaq, fəaliyyətini isə günün tələbinə uyğun qurmaqdır. Ənənəvi sürətlə fəaliyyət göstərən beyin mərkəzinin mövcud informasiya axınında istehsal etdiyi analitik məhsul öz aktuallığını qoruyub saxlayırmı? İnformasiya texnologiyalarının və sosial medianın inkişafı məlumatların mübadiləsi prosesini sürətləndirib, bu sahədə yeni aktorlar formalaşdırıb (blogerlər, influenserlər və s.). İnformasiya texnologiyalarının inkişafı məlumat bolluğunu yaradaraq, məlumatın toplanmasını daha da sadələşdirib. Lakin bununla bərabər, dezinformasiyanın və fake xəbərlərin yayılması da kəskin artıb. Müasir “post-həqiqət” dövründə bu və ya digər regionda siyasi prosesləri düzgün başa düşmək üçün ekspert və beyin mərkəzlərinin fəaliyyətinə tələbat artıb. Düz və səhv məlumatlar bolluğunda effektiv siyasi qərarların qəbul olunması daha da çətinləşib, bu sahədə siyasi qərar qəbul edənlərə beyin mərkəzləri və ekspertlər tərəfindən tövsiyələrin verilməsinin vacibliyi daha da artıb.

Digər tərəfdən, sosial medianın inkişafı “ekspert”lərin sayını da artırıb. Sosial mediada populist çıxışlarla və geniş auditoriyaya malik olmaqla onlar siyasi prosesləri bilərəkdən və ya bilməyərək səhv şərh edərək, geniş kütlələri dezorientasiya edirlər.

“Analitik mərkəzlər sağ qalmaq üçün daha ağıllı, sürətli və çevik olmalı, innovasiya və texniki cəhətdən daha hazırlıqlı olmalıdır. Dünyanın son bir neçə ildə permanent olaraq yaşadığı qlobal böhranlar böyük sürətləndiricidir. Dəyişikliklər sürətləndikcə, institutlar transformasiya olunur. İslahatlar keçirən, rəqəmsal və digər texnologiyalardan istifadə edən beyin mərkəzlərinin sağ qalma imkanı daha çoxdur. Dəyişikliklərə uyğunlaşa bilməyənlər isə tədricən sıradan çıxacaq. Bəzi hesablamalara görə, analitik mərkəzlərin 25%-i öz faəliyyətini dayandıracaq. Bu tendensiya bütün dünyada uzunmüddətli nəticələrə səbəb olacaq”,- Səadət Yusifova vurğulayıb.



Teqlər:   Beyin-mərkəzləri  





Xəbər lenti