“Paşinyanı sadəcə güllələyə bilərlər” – Rusiyalı ekspert

// “Ermənistanla Azərbaycanın sülh müqaviləsi bağlaması mümkün görünmür”

   “Paşinyanı sadəcə güllələyə bilərlər” –    Rusiyalı ekspert
  24 İyun 2022    Oxunub:2689
“Ermənistanda etiraz aksiyaları nəticəsində yaxın gələcəkdə hakimiyyət dəyişikliyi ehtimalı minimaldır. Əvvəla, insanlar hakimiyyətə revanşist qüvvələrin, yəni Qarabağ klanının, Robert Köçəryanın, Serj Sarkisyanın, Respublika Partiyası qruplaşmasının gələcəyindən qorxurlar. Çünki bu, yeni müharibəyə gətirib çıxaracaq”.
Bu sözləri AzVision.az -a müsahibəsində Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, rusiyalı politoloq Darya Qrevtsova deyib. Onun fikrincə, Ermənistan yeni müharibədə 2020-ci ildə olduğu kimi növbəti sarsıdıcı məğlubiyyətə düçar olacağından qorxur:

- Bundan əlavə, qorxurlar ki, ümumi səfərbərlik olacaq, oğullarını aparacaqlar, gənc insanlar, ən yaxın qohumları ölə bilər. Hərbi partiyanın hakimiyyətə gəlməsinə imkan verilməməsinin əsas səbəbi müharibə qorxusudur.
İkinci səbəb uzun illər hakimiyyətdə olan və olduqları müddətdə müəyyən neqativ potensial toplayan Robert Köçəryana və Serj Sarkisyana qarşı etimadın yoxluğudur. Onların komandaları kifayət qədər korrupsionerdir və kütləvi etirazlarla devrilmələri faktı deməyə əsas verir ki, bu liderlərin populyarlıq dərəcəsi çox da yüksək deyil. Çoxları onların yenidən hakimiyyətə gəlməsinə imkan vermək istəmir.

İqtidar dəyişikliyinin baş verməməsinin üçüncü səbəbi müxalifətin Paşinyandan daha populyar olmadığını göstərən ictimai rəy sorğularıdır. Seçkilər də çoxdan olmayıb, yəni 2020-ci il noyabrın 10-da Paşinyan Ermənistanın qismən də olsa Azərbaycana təslim olmasını ifadə edən sülh sazişini imzaladıqdan sonra keçirilib. Hətta bu razılaşmadan sonra da vətəndaşlar müxalifəti yox, Paşinyanı dəstəklədilər. Vəziyyət əsaslı şəkildə dəyişməyib. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə Ermənistan cəmiyyətində ciddi məyusluq olduğu üçün etirazlar davam edəcək. Nikol Paşinyanın özünü açıq-aşkar qərbyönlü, anti-Rusiyaçı siyasətçilərlə əhatə etməsi hamının ürəyincə deyil.

Paşinyanın şəxsiyyəti də çoxlarında ciddi narazılıq doğurur. O, çox sayda erməninin bağlı olduğu və dinlədiyi Rusiyadakı erməni diasporunun sərt tənqidlərinə, hətta nifrət dalğasına məruz qalır. Rusiyadakı erməni diasporu mediada çox böyük nüfuza malikdir və Paşinyana qarşı siyasi mövqeyini Moskvadan çatdırır. Ona görə də, bu etirazlar və Paşinyanın devrilməsinə bəslənən ümid davam edəcək, amma radikal hadisələr baş verməsə, hakimiyyət dəyişikliyi də olmayacaq.

- Azərbaycanla Ermənistan arasında yaxın vaxtlarda sülh sazişinin bağlanmasını mümkün hesab edirsinizmi?
- Ermənistanla Azərbaycan arasında yaxın vaxtlarda sülh müqaviləsinin bağlanması o qədər də mümkün görünmür. Məsələ burasındadır ki, sülh müqaviləsinin olması üçün hər iki ölkə bir-birinin sərhədlərini tanımalıdır. Ermənistan Qarabağın ermənilərin məskunlaşdığı hissəsinə yüksək muxtariyyət almadan Qarabağın bütövlükdə daxil olduğu Azərbaycan sərhədlərini tanımağa hazır deyil. Hazırda mübarizə bunun uğrunda gedir. İndi hər iki tərəfin mövqeyi bir-birindən çox uzaqdır və mümkün kompromis görünmür.

Azərbaycan Sovet İttifaqı dövründə ermənilərə muxtariyyət verilməsinin hansı nəticələrə gətirib çıxardığını çox yaxşı xatırladığından (silahlı üsyan, vətəndaş müharibəsi, Qarabağın bir neçə onillik ərzində işğalı) Qarabağdakı ermənilərə ümumiyyətlə, xüsusi muxtariyyət vermək istəmir. Digər tərəfdən, Ermənistan yüksək səviyyəli muxtariyyət istəyir, bu isə Qarabağın az qala müstəqilliyi demək olardı, çünki formal baxımdan Azərbaycanın tərkibində qalsa da, praktiki olaraq ona tabe olmayacaq. Ermənilər Qarabağın İrəvandan, ya da başqa yerdən idarə olunmasını, Qarabağ ermənilərinə görə məsuliyyəti başqalarının öz üzərinə götürməsini istəyirlər. Təkcə Azərbaycan olmasın. Ona görə də, hər hansı ciddi hadisələr olmadan kompromis tapılacağını təsəvvür etmək çətindir. Qarabağın statusu ilə bağlı kompromis olmadığı üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da mümkün deyil. Ermənistan Azərbaycanın, o cümlədən Qarabağın sərhədlərini tanımayacaq.

- Paşinyandan sonrakı dövrdə Qarabağda yeni hərbi toqquşma ssenarisi mümkündürmü?
- Paşinyan dövründə hərbi əməliyyatların bərpa olunması ehtimalı azdır. Amma müxalifət Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilsə, o zaman hərbi əməliyyatların bərpası ehtimalı yüksək ola bilər. Paşinyan hələ də Ermənistanı Azərbaycanla sülhə gətirmək istəyir, lakin növbəti güzəştlərə getməkdən çəkinir, çünki devrilə biləcəyindən qorxur. Bəli, bu güzəştlərə görə radikallar atəş aça və ya partlayışlar törədə bilərlər, çünki Ermənistan siyasətində zorakılıq həm ölkə daxilində, həm də xaricdə çox yüksəkdir. Bir çox erməni diaspor təşkilatları müxtəlif ölkələrdəki terror qruplaşmalarıi ilə sıx əlaqədədir, bu daha çox Yaxın Şərqdəki, Livan, Suriya və digər ölkələrdəki erməni diasporlarına aiddir. Silahlılar sadəcə gəlib Paşinyanı güllələyə bilərlər. O bunu bilir və qorxur.

Əgər Paşinyan hakimiyyətdən uzaqlaşdırılsa, hakimiyyətə gələn revanşist qüvvələr, Robert Köçəryanın və Serj Sarkisyanın hərbi partiyası, “Qarabağ klanı” döyüş əməliyyatlarını bərpa etməyə cəhd edə bilərlər, baxmayaraq ki, onların nəyə ümid edəcəyi bəlli deyil. Çünki Azərbaycan ordusunun daha güclü olduğu göz qabağındadır. Döyüşlər başlasa, erməni ordusu məğlubiyyətə uğrayacaq, bütün Qarabağ hərbi yolla Azərbaycanın tam nəzarətinə keçəcək, hətta bəlkə qədim Zəngəzur da. Ona görə də, Ermənistan ordusunun birbaşa hücuma keçəcəyi ehtimalı azdır, amma Rusiyanı və ya başqasını Ermənistan tərəfində bu münaqişəyə cəlb etmək üçün hansısa hiyləgər kombinasiyalar ola bilər. Bir çox erməni siyasətçiləri, erməni əhalisi arzu edir ki, oğulları Moskva barlarında otursun, erməni maraqları üçün isə rus balaları vuruşsun.

- Rusiyanın Ermənistana silah tədarükünü bərpa etmək planları varmı?
- Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduqlarından, üstəlik ikitərəfli münasibətlər səbəbindən Rusiya silahlarının Ermənistana tədarükü davam edir. Lakin bu tədarük minimaldır, çünki Rusiyanın Ukraynada döyüşmək üçün silaha ehtiyacı var. Rusiya Ermənistanın Qarabağda və ya başqa yerdə Azərbaycana qarşı yeni müharibəyə başlaya biləcək qədər silahlanmasını istəməzdi. Bunun üçün Rusiyanın maliyyə durumu da əlverişsizdir. Əgər Rusiya Azərbaycana silah sataraq qazanc əldə edirsə, Ermənistan KTMT üzvü olaraq güzəştlərə malikdir ki, bu da maliyyə baxımından Rusiyaya sərfəli deyil. Ona görə də, Rusiya silahlarının Ermənistana tədarükü minimal olacaq. Bu heç bir halda Azərbaycan və Ermənistan arasında hərbi qüvvələr balansının dəyişməsinə təsir göstərməyəcək.

Samir Vəliyev
Nadiq Quliyev

AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan  





Xəbər lenti