Baha neftin paradoksu: Həm xilas edir, həm quyuya salır – TƏHLİL

      Baha neftin paradoksu:    Həm xilas edir, həm quyuya salır –    TƏHLİL
  13 İyun 2022    Oxunub:3216
Neftin qiymətlərinin qalxmağa davamlı meyl etməsi ilin ikinci yarısı üçün yaxşı heç nə vəd etmir. Keçən ilin sonuna yaxın gözlənti var idi ki, bu ilin birinci yarısının sonlarında dünya iqtisadiyyatında stabillik əldə olunacaq və qiymətlərin artması prosesi dayanacaq. Ancaq Rusiya-Ukrayna müharibəsi hər şeyi alt-üst etdi. Bu müharibə dayanmadıqca, qlobal miqyasda müşahidə edilən bahalaşma və iqtisadi tənəzzül prosesləri də dərinləşməyə doğru gedəcək.
Hazırda "böyük gəminin gövdəsi" çat verə-verə gedir. Qərb və Avropa İttifaqı (Aİ) başlarını tamamilə itiriblər. İqtisadi maraqlar və mənafelər siyasətə qurban verildikcə bütün sütunlar dağılır. Rusiyaya qarşı növbəti, yəni sayca altıncı sanksiyalar paketini icra etməkdə dalana dirənən Aİ geri dönmək üçün özünə yol saxlamadığını görür. Odur ki, lap çıxılmaz vəziyyətə düşüb. Çünki qabaqcadan bir çox şeylər düzgün hesablanmalı idi.

Məsələ ondadır ki, yenə də səhvlər edilir. Bunu Macarıstan və Çexiya ilə əlaqədar vəziyyət də sübut edir. Altıncı sanksiyalar paketi məhz bu ölkələrə görə ilişib qalıb. Aİ Komissiyasının sədri Ursula fon der Leyen Rusiya neftindən asılılığa cari ilin sonunadək 90 faiz son qoyulacağı haqda bəyanat verib. Halbuki Macarıstan ilə Çexiya hətta sözügedən paket qəbul edildiyi təqdirdə belə, adı çəkilən ölkədən neft və neft məhsulları almağı davam etdirmək məcburiyyətindədirlər. Çünki başqa çıxış yolu yoxdur. Söhbət elə strateji məhsullardan gedir ki, bunlar üzrə ənənəvi təchizatçını əvəz etmək həm böyük vaxt tələb edir, həm də külli məbləğdə vəsait.

Bəli, alternativ mənbələrdən biri məsələn, Azərbaycandır. Ancaq bizim də dövlət başçımız İlham Əliyev demişkən, bu sahədə imkanlarımız müəyyən limit çərçivəsindədir. Bu yerdə haqlı bir sual da yerinə düşür ki, bəs, vaxtilə Cənub Qaza Dəhlizi layihəsinə niyə lazımi dəstək göstərilmədi?

Aİ-nin hazırkı sanksiyalar oyunu neftin və bütün növ neft məhsullarının qiymətlərini qaldırmaqla qlobal iqtisadiyyatı hər gün bir az da uçuruma doğru sürükləyir. Və ilin ikinci yarısında vəziyyətin necə olacağı tamamilə qaranlıq görünür. Bir az əvvəl iqtisadi vəziyyətlə əlaqədar Macarıstanda fövqəladə vəziyyət elan olunması da diqqəti cəlb edir. Rusiya-Ukrayna müharibəsi dayanmasa, Macarıstan kimi fövqəladə vəziyyət elan edən ölkələrin sayı arta bilər. Çünki inflyasiyanı saxlamaq mümkün deyil. Rusiyaya qarşı sanksiyalar gücləndirildikcə enerjidaşıyıcıları bahalaşmaqda davam edir. Enerjidaşıyıcılarının bahalaşması isə digər sferalarda qiymətləri qaldırır. Nəticədə təklif tələbi ödəmir, qlobal istehsal dalana dirənir. ABŞ-da yanacağın qiyməti rekord səviyyəyə gəlib çatıb. Bu isə o deməkdir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, inflyasiya alovlanır və iqtisadiyyatda resessiyanın başlanması üçün şərait yaranır.

Ərzaq bazarında vəziyyəti nəzərə alsaq, Macarıstan kimi fövqəladə vəziyyət elan edən ölkələrin sayının artacağı kifayət qədər realdır. Azərbaycana gəldikdə isə, biz enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə olan ölkələr siyahısında deyilik və bu ən böyük xoşbəxtliyimiz sayılır. Əks halda bu gün vəziyyətin hansı halda olacağını təsəvvürə gətirmək də çətin idi. Hələ asılılıq olmadığı halda belə inflyasiya yüksək səviyyədədir, qiymətlər qalxmaqda davam edir. Başqa sözlə desəm, ölkəmizdə də böhranın ilkin əlamətləri hiss olunur.

Azərbaycanda narahatlıq doğuran məqam sadəcə odur ki, ərzağın qiyməti artır. Və qarşıda ölkəmizin bəzi ərzaq növləri, xüsusən də buğda sarıdan ciddi problemlərlə qarşılama ehtimalı var. Çünki biz istehlak bazarında idxaldan asılı vəziyyətdəyik. Və bir sıra ərzaq məhsulları, xüsusən də ərzaqlıq buğda, un kənardan idxal olunur.

Lakin qarşıdan biçin dövrü gəlir. Bu, müəyyən müddət dünyada yaşanan taxıl böhranını pərdələyəcək. Və sentyabr-oktybara qədər bu sahədə hər hansı bir çətinlik hiss olnmayacaq. Amma Rusiya-Ukryana müharibəsi davam edərsə və qlobal iqtisadiyyatda ərzaq sarıdan böhran dərinləşərsə, o zaman ölkəmizin də ilin sonuna müəyyən ərzaq məhsulları sarıdan problemlərlə qarşılaşması qaçılmazdır. Ona görə ki, bir daha təkrar edirəm, neft bahalaşmaqdadır. Bu, bir tərəfdən dövlət gəlirlərimizi artırır, digər tərəfdən isə təəssüf ki, addım-addım çətin iqtisadi şəraitə sürükləyir...


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Böhran  





Xəbər lenti