Kipr böhranı və Azərbaycan – TƏHLİL

  05 Aprel 2013    Oxunub : 1254
Kipr böhranı və Azərbaycan – TƏHLİL
Ölkəmizdə insan haqlarından və müxtəlif iqtisadi hüquqlardan hər dəfə söhbət açılarkən bu sahədə müsbət nümunə kmi ABŞ başda olmaqla Qərb, xüsusən də Avropa ölkələrindən misal gətirilir. Ancaq son illər ərzində müşahidə olunan bir sıra mətləblərdən belə görünür ki, deyəsən bu, artıq mənasını itirməkdədir.

Başqa sözlə desək, Avropa bir çox məsələlərdə müsbət mənada istinad məkanı kimi əhəmiyyətsizləşir. Bunu son illər ərzində dünya iqtisadiyyatında hökm sürən böhrana əsasən də söyləmək olar.

Kiprin yunan hissəsində banklarla əlaqədar baş verən hadisələr deyilənlərə sübutdur. Azərbaycanda tanınmayan bir kommersiya bankı iflasa uğrayarkən, Mərkəzi Bank (AMB) tərəfindən lisenziyası alınarkən ciddi təlatüm yaşandığı halda, Avropanın demək olar ki, tən ortasında yerləşən ada dövlətində əhalinin illər ərzində zəhmətlə topladığı və əmanət kimi yerləşdirdiyi vəsaitlər aşkar şəkildə “it-bat” edildi.

İlk baxışda, buna diqqət yetirməmək də olardı. Lakin iş ondadır ki, 2009-cu ildə qlobal maliyyə və iqtisadi böhranın 2008-ci ilin avqustunda ABŞ-da məhz ipoteka kreditləşdirməsindən başladığı və çox sürətlə dünyaya yayıldığı, həmçinin bir sıra Avropa ölkələrində hazırkı böhranın da vaxtilə ucuz ipoteka kreditlərinin verilməsinə görə təşəkkül tapdığı, hökumətlərin isə xilas yolunu bu gün də maliyyə qurumlarını sağlamlaşdırmaqda görmələri yaddan çıxarılmamalıdır.

Kipirdəki son vəziyyət isə bunu əyani göstərir. Belə ki, adı çəkilən adada bu ilin əvvəlindən bankların sərmayələrinin artırılaraq, maliyyə vəziyyətlərinin təcili yaxşılaşdırılması ciddi problem kimi hökm sürürdü ki, buna adanın daxili imkanları hesabına nail olmaq qeyri-mümkün idi. Odur ki, kreditora ehtiyac var idi. Həmin kreditor isə ayrı-ayrı ölkələr ola bilməzdilər. O səbəbdən ki, Kiprin bu sahədə əsas tərəfdaşlarından biri sayılan Rusiyaya 2 milyard avrodan çox borcu vardı. Ona görə də ümid BFV, Avropa Komissiyası və Avropa mərkəzi bankına qalırdı.

Adı çəkilənlər qurumların isə şərtlərinin kəskin xarakter daşdığı həmişə göz qabağında olub. Hər üç qurumun Kiprə kredit açılmasında irəli sürdükləri şərt daha kəskin oldu. Belə ki, adaya antiböhran məqsədilə ayrılan 10 milyard avro kreditin ilkin şərti Kiprdə fəaliyyət göstərən 2 ən böyük bankda - Laiki Bank ilə Bank of Cyprus-da 100 min avrodan çox vəsaiti olan əmanətçilərə qarşı irəli sürüldü ki, Kipr hökumətinin qərarına əsasən, 100 min avrodan çox əmanət sahiblərinin pullarına Laiki Bankda 80%, Bank of Cyprusda isə 40% müsadirə qoyuldu. Və həmin məbləğin 37,5%-ni sonuncu üzrə səhmlərin alışına, 22,5%-ni əlavə maliyyə ehtiyacının yaranmasına, 40%-ni dondurmağa, yerdə qalan 10%-ini isə geri ödənişə sərəncam verilib.

Sual yaranır: Azərbaycanda belə vəziyyət nə vaxtsa baş verə bilərmi?!

Cari ilin yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə əhalinin banklardakı ümumi əmanətlərinin məbləği 5113,4 min manatdır. Xatırladaq ki, qlobal iqtisadi və maliyyə böhranı zamanı (2009-cu ildə) xarici mütəxəssislər heç bir ölkənin bundan yaxa qutara bilməyəcəyini söyləsələr də, bizdə hər hansı bir maliyyə qurumu iflasa uğramadı və bu da o vaxt ölkəmizdə həyata keçirilən antiböhran tədbirləriylə yanaşı, banklarımızın da dünyanın maliyyə qurumlarıyla hər cür inteqrasiyaya rəğmən, onlardan çox da asılı olmadıqlarını üzə çıxartdı.

Bununla belə, qeyd olunan vaxt Azərbaycanda da 13 bankın kreditləşdirməni dərhal dayandırmasıyla qısa müddətə bu tendensiya sistemə sirayət etdi ki, bu da 2009-cu il ərzində ölkə banklarından istehlak kreditlərinin alınmasını çətinləşdirdi.

Amma AMB-in tutduğu mövqe və yürütdüyü siyasət nəticəsində ABŞ başda olmaqla, AvropaMDB ölkələrindəkindən fərqli olaraq, Azərbaycanda iflas qeydə alınmadı. Belə ki, 2009-cu il ərzində ölkə banklarının xaricə olan borc ödənişlərinin sektorun kredit aktivliyinə təsirini minimum endirmək məqsədilə likvidliyə dəstəyin artırılrması və kredit portfelinin keyfiyyətinə ciddi nəzarət edilməsi özünü avtomatik olaraq, kredit portfellərində, aktivlərin səviyyəsi, həmçinin vaxtı ötmüş kreditlərin xüsusi çəkisi ilə sektorun kapitallaşmasında göstərdi.

Ötən il ölkəmizdə əhalinin banklarda hətta sovet dövründən qalan əmanətləri belə, qaytarıldı. Söhbət var ki, bu siyasət 1992-ci ildən sonra batmış əmanətlərə də şamil edilsin.

Ancaq bütün bunlara rəğmən, əvvəlki şərhlərimizdə də yazmışıq ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorun inkişafı həm də bank sistemindən asılıdır. Və Azərbaycanda isə bu gün mövcud olan bankların “gücü” bunun üçün yetərli deyil.

Ümumi daxili məhsul istehsalını qarşıdakı illər ərzində əgər 2 dəfə artırmaq və bunu, əsas etibarilə məhz qeyri-neft sektorunun hesabına əldə etmək nəzərdə tutulursa, banklar hökmən gücləndirilməlidir.

Banklar iqtitsadiyyatın bütün sahələri - sənaye, kənd təsərrüfatı, hətta İKT ilə belə, sıx əlaqədə fəaliyyət göstərməli olduğu halda, ölkəmizdə bütün banklar yalnız əhali ilə, başqa sözlə desək, istehlak kreditləriylə işləyirlər.

Odur ki, əhalidən cəlb olunan vəsaitlər üzrə vəziyyət nə qədər qənaətbəxş olsa da, həmin resurslar üzrə ucuz və uzunmüddətli kredit siyasəti yürütmək mümkün deyil.

Xatırladaq ki, ölkəmizdə hazırda 43 bank fəaliyyət göstərməkdədir.



Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi

Teqlər: