Dəhşətli qəzanın təfərrüatları

Dəhşətli qəzanın təfərrüatları
  06 Aprel 2014    Oxunub:1250
Ötən gün axşam saatlarında Gəncədə baş verən qəzanın təfərrüatları məlum olub. İlkin ehtimala görə, sürücülərdən biri sürət həddinə məhəl qoymayıb. Digəri isə dönmə əməliyyatını düzgün yerinə yetirməyib.
AzVision.az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə saat 19:00 radələrində Gəncə-Şəmkir yolunun birinci kilometrliyində qeydə alınıb. Şəmkir sakini 28 yaşlı Vasif Rəcəbov idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Gəncə istiqamətinə hərəkətdə olarkən qarşı tərəfdən gələn həmyerlisi 30 yaşlıElməddin Məmmədovun idarə etdiyi "VAZ 21015" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ 21015"in sürücüsü və 5 sərnişini - Gəncə sakinləri, 24 yaşlı Taleh Loğmanzadə, 37 yaşlı İlham Əsgərov, 36 yaşlı Elxan Seyidov və Şəmkir sakinləri 27 yaşlı Seymur Hüseynov və 37 yaşlı Elşad Osmanov hadisə yerində dünyasını dəyişib. "KamAZ"ın sürücüsü isə qəzadan xəsarətsiz ötüşüb.

Vasif Rəcəbov - "KamAZ"ın sürücüsü: “Mən Gəncə tərəfə gəlirdim. İşıqforun yaşıl işığında dönmək istədim. Bu zaman "VAZ 21015" yüksək sürətlə mənim istiqamətimə gələrək qəza törətdi. Mən avtomobili normal sürətlə idarə edirdim”.

"KamAZ"ın altında qalan minik avtomobili tamamilə əzilərək yararsız hala düşüb. Qəzada ölən sürücü və sərnişinləri ciddi deformasiyaya uğrayan minik maşınından çıxarmaq üçün hadisə yerinə FHN-in xilasediciləri cəlb olunublar.

Samir Rüstəmov - baş müstəntiq: “Şəmkir sakini Vasif Rəcəbovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Şəmkir sakini Elməddin Məmmədovun idarə etdiyi "VAZ 21015" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 21015"in sürücüsü və onun 5 sərnişini dünyasını dəyişib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır”.

Qəzanın baş vermə səbəbləri ilə bağlı ilkin araşdırmalara başlanıb. Təhlükəsiz şəhər kameralarından çıxarışlar qəza ilə bağlı daha dəqiq məlumatların əldə edilməsinə kömək edəcək.


Teqlər:  





Xəbər lenti