“Prezident bütün varlılara mesaj göndərdi” – Millət vəkili

   “Prezident bütün varlılara mesaj göndərdi” –    Millət vəkili
  18 Yanvar 2022    Oxunub:1094
“Var-dövlət bu gün var, sabah yoxdur. Sənə qalan nə qədər var-dövlət toplamağın yox, onu nəyə və necə xərcləmən olacaq. Elə bil ki, bu iki məsəlin ikisi də böyük var-dövlət yiyəsi, bir o qədər də xeyirxah Hacı Zeynalabdin Tağıyev haqda deyilib”.
Bu sözləri millət vəkili Sahib Alıyev öz sosial şəbəkə hesabında yazıb. O, xatırladıb ki, yüz iki il bundan öncə, Qırmızı Ordunun (qızıl yox, məhz qırmızı) Azərbaycana yeridilməsindən sonra Hacı Zeynalabdinin bağlarının birindən başqa nəyi vardısa, əlindən alındı. Əlbəttə, təkcə onun deyil, digər varlıların da. Onlardan da bir çoxu məhz Hacı kimi 19-cu əsrin ikinci yarısında baş verən neft bumundan sonra böyük mal-mülk yiyəsi olmuşdular. Amma həmən varlılardan ən çox rəhmətlə anılan da, bu gün dövlət səviyyəsində heykəli qoyulan da məhz Hacı Zeynalabdin Tağıyevdir.

- Ona heykəl qoydurub açılışını edən Prezident İlham Əliyev bunun səbəbini Hacının xeyriyyəçilik fəaliyyətilə əlaqələndirir. Tamamilə düz buyurur, Hacı Zeynalabdini xalqın qəlbində yaşadan da, onu heykəlləşdirən də etdiyi xeyirxahlıqlardır ki, bundan Prezidentin özünün də vurğuladığı kimi, babası Əziz Əliyevə də pay düşmüşdü. Sonra Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Əziz Əliyev məhz Tağıyevin etdiyi maddi yardımla gedib Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdu. Amma mənə elə gəlir ki, Prezidentimiz Tağıyevə heykəl qoydurmaqla millət yolundakı xidmətini qiymətləndirmək, belə demək mümkünsə, ona vəfa borcu qaytarmaqla yanaşı, həm də cəmiyyətdəki var-dövlət yiyələrinə bir ismarıc göndərir,- deputat vurğulayıb.

Onun sözlərinə görə, Tağıyev haqqında “Əgər xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı” deyən cənab İlham Əliyev bununla cağdaş dövrün sahibkarlarını da sosial məsuliyyətə, əldə etdiklərinin bir qismini cəmiyyətlə bölüşməyə səsləyir: “O, heykəlin açılışındakı çıxışında Heydər Əliyev Fondunun adını çəkərək indiyədək gördüyü və görəcəyi işləri elə-belə xatırlatmadı. Bəli, Heydər Əliyev Fondu əslində Hacı Zeynalabdin Tağıyevin ötən əsrin əvvəllərində etdiklərini edir, sadəcə bu, indi daha sistemli, geniş və ilk növbədə dövlət maraqlarının təmin olunmasını nəzərə almaqla reallaşdırılır. Cənab Prezident tam haqlı olaraq bildirdi ki, bizim 44 günlük savaşda əldə etdiyimiz zəfərin diplomatik müstəvidə möhkəmlənməsində Fondun az rolu olmayıb. Və açıq deyək ki, elə savaş zamanı xalq olaraq bir yumruq kimi birləşməyimizdə də Heydər Əliyev Fondunun cəmiyyətin ayrı-ayrı təmsilçilərinə yanaşmada etdiyi xeyirxahlıq az rol oynamadı. Bir sözlə, var-dövlət gəldi-gedərdi, o, xeyixah işlərə sərf olunanda isə yiyəsinə duaya, onun haqqqında xoş xatirəyə çevrilir. Əslində hər mal-mülkü olana varlı demək də düzgün deyil, onlar sadəcə pullu adamlardırlar. Varlı olmaq xeyirxah əməlləriylə var olmaq, ölmündən sonra da rəhmətlə xatırlanmaq deməkdir. Eynən bu gün heykəli qoyulan Hacı Zeynalabdin Tağıyev kimi”.

AzVision.az



Teqlər: Xeyriyyəçilik   Prezident  





Xəbər lenti