Cəzalar sərtləşdiriləcək

Cəzalar sərtləşdiriləcək
  03 Aprel 2013    Oxunub:1324
Nəzarət markalarını saxtalaşdıranlara qarşı cəza tədbirləri gücləndiriləcək.
Azərbaycanda nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə cəza tədbirləri sərtləşdiriləcəkdir.

Bununla əlaqədar Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər ediləcək.

Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı nəticəsində dövlətə və vətəndaşlara xeyli miqdarda ziyan vurulduğu halda 3000 manat miqdarında cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərlə cəza nəzərdə tutulub.

Eyni əməllər təkrar, yaxud qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 7 min manat miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən isə nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanması və yayılmasında istifadə olunan materiallar, avadanlıq və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcəklər.

Qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Teqlər:





Xəbər lenti