Qlobal inflyasiya nə qədər davam edəcək – TƏHLİL

// FES "yumşaltma" siyasətindən əl çəkməyə hazırlaşır

   Qlobal inflyasiya nə qədər davam edəcək –    TƏHLİL
  05 Dekabr 2021    Oxunub:2922
Hazırda yüksək inflyasiya bütün dünyada əsas problemlərdən birinə çevrilib. Belə şəraitdə ayrı-ayrı ölkələrin hökumətləri heç nə edə bilmirlər, çünki istər-istəməz hamı bu və ya digər dərəcədə inflyasiyanı idxal edir. Bu il dünya üzrə ərzağın qiyməti təxminən 30%, konteyner daşınmalarının qiyməti isə 3 dəfə artıb.
Bəs qlobal inflyasiya niyə artır? Pandemiyadan çıxışda tələbin kəskin şəkildə təklifi üstələməsi, qlobal təchizat zəncirinin qırılması, əmək bazarındakı disbalans kimi problemlər sözsüz, ciddi təsir göstərirlər. Amma əsas səbəblərdən biri ABŞ və Avropanın mərkəzi banklarının həyata keçirdikləri çox böyük həcmdə emissiyalardır.


İlin əvvəlində Bayden administrasiyası əlavə emissiyanın həcmini 1,9 trilyon dollar kimi astronomik səviyyəyə qaldırdı. Nəticədə sistemdə pulun miqdarını göstərən M2 aqreqatı kəskin şəkildə artdı. Belə bir qanunauyğunluq var: M2 aqreqatının qrafiki qalxarsa, 9 ay fərq ilə inflyasiyanın qrafikini də öz arxasınca çəkir. Yəni bizim hazırda gördüyümüz yüksək qlobal inflyasiyada Bayden hökumətinin 9 ay əvvəl atdığı yanlış addımın təsiri az deyil.


Qlobal infllyasiyanın 250 illik qrafikinə baxanda maraqlı vəziyyət müşahidə edirik. 1960-cı illərdən başlayaq, qlobal inflyasiya sürətlə çoxalır, son fazada isə qrafik az qala şaqulu şəkildə qalxmağa başlayıb. 1980-cı ildən dünya iqtisadiyyatında xidmət və maliyyə sektorları önə çıxandan sonra pulun dəyəri sürətlə ucuzlaşıb və proses getdikcə dərinləşir. Əksər tanınmış iqtisadçılar bunu təhlükəli hal hesab edir və gec-tez ağır tənəzzülə gətirib çıxaracağını deyirlər.


Hazırda ABŞ-da orta illik inflyasiya 6%-i, Avropa Birliyində 5%-i keçib. Amma bu həftəyə kimi inkişaf etmiş ölkələrin mərkəzi bankları inflyasiyanı “müvəqqəti” adlandıraraq, yumşaq pul-kredit siyasətini dəyişməyə tələsmirdilər. Bu həftə isə nəhayət, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Cerom Pauell etiraf etdi ki, daha bu infliyasiyaya “transitory” (ötəri, keçici) demək doğru deyil və onun qarşısını almaq üçün QE (kəmiyyət yumşaltması) siyasətindən vaz keçmək lazımdır.

Hazırda bütün ölkələrdə mərkəzi banklar təzə-təzə canlanmağa başlayan iqtisadi aktivliyi boğmamaq üçün faiz dərəcələrini artırmaqdan çəkinirlər. Amma bu cür də davam edə bilməz. Ona görə, ekspertlərin fikrincə, FES gələn il faiz dərəcələrini mütləq qaldıracaq. Paralel olaraq, digər ölkələr də bu addımı atacaqlar. İqtisadi aktivliyə zərbə vurmaq hesabına olsa belə. Çünki əks halda, hiperinflyasiya yarana bilər ki, bu da heç də az təhlükəli deyil.


Ümumən qlobal inflyasiyanın piki hələ keçilməyib. Ekspertlər bunun gələn ilin ortalarında baş verəcəyini proqnozlaşdırırlar. Amma bir məsələ də var: həmin vaxta təklifin qiymətlərə yaratdığı təzyiq səngisə belə, tələbin yaratdığı təzyiq səngiməyəcək. Aşağı faiz dərəcələri və əməkhaqlarının artması ilə birlikdə bu amil inflyasiyanın artımını gələn ilin sonlarına qədər uzada bilər.

Artıq bəzi ölkələr – məsələn, Rusiya və Braziliya,- inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini qaldırmağa başlayıblar. Amma bəziləri – məsələn, Türkiyə,- iqtisadi aktivliyi buxovlamamaq üçün aşağı faiz dərəcələrini saxlayır. Nəticədə Yeni İldə dincəlməyə getmək üçün Türkiyəyə bilet alan rusiyalı turistlər həmin inflyasiyanı ölkələrinə idxal edirlər.


Yüksək inflyasiya şəraitində istər-istəməz investisiya qoyuluşlarının və kreditlərin həcmi azalır, bu isə iqtisadi artımı ləngidir. İqtisadi artım ləngiyəndə inflyasiya təzyiqinin bir hissəsi özü aradan qalxacaq. Ancaq hazırkı postpandemiya mərhələsində bu yol dünya iqtisadiyyatı üçün çox riskli sayılır. Daha effektli metod hökumətlərin vergiləri və gömrük tariflərini müvəqqəti azaltmaqla iqtisadi rəqabəti stimullaşdırmaq yolu ilə bazarda təklifi genişləndirməyə yönəlmiş fəaliyyətləri ola bilər.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor

AzVision.az üçün



Teqlər: İnflyasiya  





Xəbər lenti