İlham Əliyev: “Mən tam əminəm ki...”

İlham Əliyev: “Mən tam əminəm ki...”
  02 Aprel 2013    Oxunub:1440
“Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaq”.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılış mərasimində deyib.

Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ, eləcə də hazırda işğal altında olan bütün torpaqlar əzəli və tarixi Azərbaycan torpaqlarıdır: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunu deməyə əsas verən bir çox amillər var. Onların içərisində həm hüquqi, həm siyasi, həm tarixi, həm də iqtisadi amilləri qeyd etmək olar.

Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir. Bu, məsələnin həlli üçün əsas hüquqi və siyasi şərtlərdir”.

Prezident İ. Əliyev qeyd edib ki, bölgədə qüvvələr nisbəti də artıq Azərbaycanın xeyrimizə dəyişib: “Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən-ilə tənəzzülə uğrayır. Bizim əhalimiz artır - artıq 9 milyon 300 min nəfərdir. Ermənistanın əhalisi hətta onların rəsmi statistik məlumatlarına görə, ildə təxminən 100 minə qədər azalır. Ona görə, mən deyəndə tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, bu amillərə əsaslanıram. Eyni zamanda, mən də, hər birimiz də çox istəyirik ki, bu məsələ tezliklə həllini tapsın. Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün ki, işğala son qoyulsun. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir.

Münaqişənin birinci mərhələsində demək olar ki, Ermənistanla Azərbaycan arasında hərbi və iqtisadi sahədə paritet mövcud idi. Ancaq biz artıq bu pariteti dəyişdirə bilmişik. Bu gün fərq çox böyükdür. Fərq böyüdükcə beynəlxalq təşkilatlardan və bu məsələ ilə məşğul olan ölkələrdən yeni mesajlar gəlir - məsələ yalnız sülh yolu ilə həllini tapmalıdır, başqa yol ola bilməz.

Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var. Bizim tam hüququmuz var və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar var ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır. Buna baxmayaraq, biz öz siyasi və diplomatik səylərimizi daha da böyük əzmlə, iradə ilə davam etdirəcəyik. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha da fəallaşdıracağıq. Eyni zamanda, ordu quruculuğu işində daha da ciddi addımlar atılacaq. İqtisadi və regional məsələlərdə Ermənistanı indiki təcrid vəziyyətində saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Əminəm ki, bu kompleks tədbirlər nəticəsində və ölkəmizin artan qüdrəti hesabına biz ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik.

Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaq. Buna şübhəm yoxdur. Sadəcə olaraq, biz hamımız istəyirik ki, bunu tezliklə həll edək və tezliklə sizi doğma torpağınıza göndərək və orada sizin üçün gözəl binalar, evlər tikək, qəsəbələr, şəhərlər salaq”.(apa)


Teqlər:  





Xəbər lenti