Gəncə Asan Xidmət Mərkəzində vağzalı çalındı

Gəncə Asan Xidmət Mərkəzində vağzalı çalındı
  29 Mart 2014    Oxunub:1409
Asan Xidmət Mərkəzi yeniliklərini davam etdirir.
Azərbaycan toyunun özünə məxsus adət və ənənəsi illər boyu yaşamaqdadır. Həmin adətlərdən ən vacibi toy edən cütlüklərin məclis iştirakçılarının şahidliyi ilə rəsmi nikaha daxil olmasıdır. Artıq bütün bunları Asan Xidmət Mərkəzində də reallaşdırmaq mümkündür.

AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Asan Xidmət Mərkəzi yeniliklərini davam etdirir. Mərkəzdə bu dəfə toy edən cütlüklər üçün əlverişli şərait yaradılıb. Belə ki, artıq toy edən cütlüklər elə həmin gün Asan Xidmət Mərkəzinə gələrək, rəsmi nikaha daxil ola biləcəklər. Bu gün Gəncə Asan Xidmət Mərkəzində ilk belə rəsmi nikah mərasimi baş tutub.

Sevinc Hüseynova - Gəncə Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin rəisi: “Asan olaraq bu iki cütlüyümüzə ailə səadəti, xoşbəxtlik arzulayırıq. Bildirmək istəyirik ki, nəinki bu cütlüklər, hətta ətraf rayonlarda yaşayan vətəndaşlarımız da bizə müraciət edərək bu cür canlı şəkildə nikahlarını qeyd etdirə bilərlər”.

Həyəcanlı və sevincli olan gənclər nikaha daxil olan zaman duyğulu anlar yaşanıb. Səbəbkarların yaxınları isə adət-ənənələrin yaşadılmasını və əlverişli imkanları yüksək qiymətləndiriblər.

Bəy anası: “Xoşumuza gəldi. Allah axıracan versin, çox əla, çox yaxşı, minnətdaram”.
Bəy: “Bir az həyəcanlıyam, ancaq çox yaxşıdır”.

Qeyd edək ki, Gəncə Asan Xidmət Mərkəzi ötən il dekabr ayının 24-dən fəaliyyətə başlayıb. Vətəndaşlar mərkəzdə 10 dövlət orqanının 30-a yaxın xidmətindən yararlanırlar.


Teqlər:





Xəbər lenti