Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin I Tibb konfransı keçirilir - FOTO

Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin I Tibb konfransı keçirilir - FOTO
  28 Mart 2014    Oxunub:1600
Bu gün Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkədəki azərbaycanlı gənclərin I Tibb konfransı öz işinə başlayıb. Konfrans səfirliyin, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və "Sağlam" Ailə tibb mərkəzinin təşkilatçılığı ilə keçirilir.
AzVision.az Trend-ə istinadən verilən məlumata görə, konfransda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Səhiyyə Nazirliyinin Beynəlxalq tədris proqramları idarəsinin rəhbəri Nataliya Morozova, Kiyev Milli Tibb Universitetinin rektoru Katerina Amasova, Ukrayna Milli Tibb Akademiyasının baş elmi katibi Vladimir Mixnov, Türkiyə, Almaniya, Ukrayna və Fransanın Tibb universitetlərinin azərbaycanlı tələbələri və məzunları, eləcə də Ukraynanın tanınmış tibb alimləri iştirak edirlər.

Konfrans Heydər Əliyevin Kiyevin mərkəzindəki abidəsini ziyarətlə başlayıb.

Konfransın açılışında çıxış edən UAGB-nin sədri Anar Tahirov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın bir çox ölkələrinin ali tibb ocaqlarında təhsil alan azərbaycanlı tələbə, məzun və tibb mütəxəssisləri arasında əlaqələrin yaradılmasıdır: "Eyni zamanda, onlar arasında təcrübə mübadiləsinin aparılması və gələcəyin tibb mütəxəssisləri arasında Koordinasiya Şurasının yaradılmasıdır".

Çıxış edən Azərbaycanın Ukraynadakı səfiri E.Mədətli bildirib ki, bu ölkənin müxtəlif ali təhsil ocaqlarında 6 min azərbaycanlı tələbə təhsil alır. O, qeyd edib ki, bunlardan 2 minə yaxını tibb sahəsinin payına düşür. Səfir bu konfransın gələcək fəaliyyət üçün stimul verəcəyini bildirib.
Ukraynanın həkim və alimlərinin konfransda iştirakının əhəmiyyətli amil olduğunu qeyd edən diplomat deyib ki, tələbələrlə aparılacaq fikir mübadiləsi gələcəkdə səmərəli bəhrə verəcək.

Ukraynanın səhiyyə nazirinin müavini bildirib ki, son illərdə Azərbaycandan Ukraynanın tanınmış ali məktəblərinin tibb bölmələrinə azərbaycanlı gənclərin marağı artıb. Nazir müavini əminliklə qeyd edib ki, Ukraynada təhsil alan azərbaycanlı gənclər gələcəkdə öz ölkələrinə mükəmməl mütəxəssis kimi dönəcəklər
Tədbirdə Ukraynanın tibb elmləri doktoru Aydın Salmanovun akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Cərrahiyyədə riskin idarə olunması" adlı elmi əsərinin təqdimatı da olub.

Tədbirə dünyanın müxtəlif ölkələrinin tibb ocaqlarında təhsil alan 150 azərbaycanlı tələbənin qatıldığını bildirən UAGB-nin sədr müavini Cavid Hüseynzadə qeyd edib ki, gün ərzində 3 panel üzrə müzakirələr aparılacaq. Panel üzrə aparılan müzakirələrdə tələbələrlə tanınmış tibb mütəxəssisləri arasında fikir mübadilələri aparılacaq.
Konfrans panellərlə davam edir.

Qalereya




Teqlər:  





Xəbər lenti