Güney Qafqazı hansı təhlükələr gözləyir? - Yuri Şvetsov ilə müsahibə

 Güney Qafqazı hansı təhlükələr gözləyir? -  Yuri Şvetsov ilə müsahibə
  24 Oktyabr 2021    Oxunub:3109
"Ermənistan Azərbaycanla müharibəyə hazır olmadığını anladı. Hərbi məğlubiyyətin dərsləri sadədir: Ermənistana öz ordusunu modernləşdirmək üçün vaxt lazımdır. Onun təhlükəsizliyi hər şeydən öncə Rusiyanın əlindədir. Rusiya da müharibədə maraqlı deyil. Başqa təhlükələr isə mövcuddur". Bu sözləri AzVision.az-a müsahibəsində belaruslu politoloq, Avropa İnteqrasiyası Problemləri Mərkəzinin direktoru Yuri Şvetsov deyib.
- Yeni müharibə ehtimalı yüksək deyil: Rusiya sülhməramlıları bunun qarşısını almaq üçün mühüm faktordur. O da məlumdur ki, Ermənistan cəmiyyətində müharibə ilə bağlı konsensus yoxdur. Daxili həmrəylik olmayanda isə müharibə ehtimalı xeyli zəifləyir. Təhlükə başqa istiqamətdən gələ bilər. Yaxın Şərqdə və Güney Qafqazda ABŞ-ın keçmiş təsir dairəsindəki münaqişələrə münasibətdə ilkin şərtlər formalaşır. ABŞ-ın Əfqanıstandan çıxması və İraqdan tam çıxma ehtimalı eynitipli proseslərdir. Amerika bu regionların sabitləşdirilməsinin öhdəsindən gələ bilmədi və bu səbəbdən, nüfuzu düşdü. Yerli siyasi qüvvələrin avtoriteti isə yüksəldi. Reqionda İranın, Türkiyənin, xüsusilə də, Rusiyanın mövqeyi güclənir. Bu üç regional oyunçu arasında çəkişmələr qaçılmazdır.

İranın nüvə proqramı ətrafındakı situasiya da çox təhlükəlidir. İsrail İrana atom bombası istehsal etməyə imkan verə bilməz. ABŞ-ın regionu tərk etməsi İsrailin İrana zərbə endirmə ehtimalını gücləndirir. Zərbə müxtəlif formalarda ola bilər: o qədər də uğurlu olmayacaq hava zərbələrindən tutmuş, hibrid müharibəyə qədər. Hibrid müharibədə digər qüvvələr də maraqlı ola bilər. Hər şeydən əvvəl heç yerə qeyb olmayan islam radikalizmi. İranın diqqətini nüvə proqramından yayındıracaq hibrid müharibə təhlükəsi daha qorxuludur. Onun qarşısının alınması beynəlxalq səy və ciddi regional çoxtərəfli diplomatik proses tələb edir.

Bu prosesin variantlarından biri “3+3” formatıdır. Əgər bu format işləməsə, başqasını axtarmaq lazımdır. Ancaq beynəlxalq səylər regional miqyasda qeyri-sabitliyin Suriyadan, İraqdan və Əfqanıstandan Güney Qafqaza yayılmasının qarşısını ala bilər. Yəni Azərbaycan və Ermənistanın müharibəyə cəlb olunması təhlükəsi qalır. Ancaq bunun xarakteri dəyişib. Artıq bu, regionda əsasən ABŞ-ın getməsilə bağlı ümumi münaqişə fonunu əks etdirir. İndi təhlükə Ermənistan və Azərbaycanın toqquşmasında deyil, dağılmış dövlətlərdəki xaosun bu ölkələrə gətirilməsindədir.

- Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı nə düşünürsünüz?
- Bu müqavilə indi çətin ki mümkün olsun. O, Güney Qafqazda və hətta Yaxın Şərqdə ümumi regional tənzimlənmənin elementlərindən biri ola bilər. Belə bir tənzimlənməyə isə hələ çox var. Türkiyə, İran və Rusiya arasında təsir sahələrinin ayrılma xətləri hələ müəyyən edilməyib. Hələ ki regionda ayrı-ayrı münaqişələr üzrə sütuativ-lokal və müvəqqəti çözümlər zamanıdır. Əgər bu cür lokal tədbirlərlə regionu partlayışdan qorumaq mümkün olsa, sakitləşməyə tədricən ümid etmək olar. Onda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi də bağlana bilər. Hazırda isə regionda sülhdən çox, onun müzakirəsi zamanıdır.

- Gələcəkdə regionumuzda İrandan hansı hərəkətləri gözləmək olar?
- İran öz təhlükəsizliyinə qarşı təhdidlərə reaksiya verir. Bu təhlükələr ABŞ-ın regiondan getməsiylə kəskin artır. İran üçün əsas təhlükə onun münaqişəyə cəlb olunmasıdır. Bu onun atom proqramına imkan verməyəcək. Ona görə də, Zəngəzur dəhlizi probleminin həlli Azərbaycanın İran üçün təhlükə törətməyəcək ölkə keyfiyyətini qorumasına bağlıdır. Burada İrana çox sayda müxtəlif təminatların verilməsi zəruridir. Rusiyanın təklif etdiyi “3+3” formatı İran üçün sakitləşdirici faktor ola bilər. Partlayış təhlükəsi olan regionda böyük beynəlxalq format hər zaman çətindir. Ancaq elə hallar var ki, təkcə o işləyir. Bu məhz həmin haldır.

- KTMT-nin gələcəyinə necə baxırsınız? Genişlənəcək, yoxsa iflas edəcək? Nə gözlənilir?
- KTMT güclənəcək. Bu ilk növbədə Rusiyanın hərbi gücünün artması ilə bağlıdır. Rusiya öz ordusunu uğurla yenidən silahlandırır. Rusiya ordusu effektivliyini müxtəlif münaqişələrdə sübut edib. Rusiya hərbçiləri Suriyada özlərini uğurla göstərdilər. Rusiya Qarabağ ətrafında konflikti dayandıran faktor oldu. Rusiya, yəqin ki, əfqan böhranının Tacikistana sürünməsinin də qarşısını ala biləcək. Elə buna görə də KTMT üzvü olan ittifaq ölkələri Rusiya ilə birlikdə olmağa diqqət göstərəcəklər.
Digər tərəfdən, son zamanlar ən azından Tacikistan, Ermənistan, Belarus öz sərhədlərində müstəqil şəkildə dəf edə bilməyəcəkləri ciddi təhlükələrlə üzləşdilər. Rusiya ilə ittifaqda olmaq onlara əvvəlkindən daha əhəmiyyətli oldu. Sırf daxili səbəblərdən dolayı bu ölkələrin KTMT-yə marağı daha da güclənir.
Nəhayət, ABŞ böyük müharibələrə cəlb olunmaqdan yayınmağa çalışır. Yəni ABŞ və NATO-nun hərbi təminatı artıq çox etibarsız olub. Deməli, digər güc mərkəzlərinin təminatının əhəmiyyəti artır. Onlardan biri də Rusiyadır. Elə bu səbəbdən də KTMT güclənəcək.

- Azərbaycanla Belarusun hazırkı münasibətlərini necə qiymətləndirirsiniz? Bu münasibətlər Amerikanın Belarusa təzyiqi fonunda necə inkişaf edir?
- Münasibətlər normaldır. Arabir hətta çox yaxşı olur. Amerika sanksiyalarının buna çox güclü təsir göstərəcəyini düşünmürəm. Yaxın zamanlarda Belarus-Azərbaycan münasibətlərində heç bir nəzərəçarpan dəyişiklik olmayacaq.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: Təhlil   Güney-Qafqaz   Ermənistan  





Xəbər lenti