Başımızı dik tutduğumuz üçün onlara borcluyuq
Sonradan “Dəmir Yumruq” kimi tarixə düşən əməliyyatın ilk saatlarında Ermənistan ordusunun 26 il ərzində möhkmləndirdiyi müdafiə sədləri yarıldı və bundan sonra Ordumuzun hücum templəri yüksəldi. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Əsgərimizin sürətli hücum əməliyyatlarına tab gətirməyən Ermənistan Şuşanın azad edilməsindən sonra təslim olmaq haqqında Birgə Bəyanatı imzaladı və noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını tərk etməyə məcbur oldu. Bu, Ermənistan üçün çox ağır məğlubiyyət idi. Vətən Müharibəsindəki məğlubiyyət Ermənistanın işğalçılıq üzərində qurulan dövlətçilik sütunlarını yerlə bir etdi. Şəhidlərimizin qəhrəmanlığı Ermənistanın siyasi və hərbi rəhbərliyinin lüğətindən “Miatsum”, “Böyük Ermənistan”, “Məğlubedilməz erməni ordusu”, “Qəhrəman erməni generalları” kimi ifadələri birdəfəlik sildi.
Ermənistan hazırda “Dəmir Yumruğ”un sayəsində 21-ci əsrin iki fərari ordusundan birincisinə malikdir. Döyüşə yararlı zirehli və zirehsiz texnikaları, artılleriya vasitələrini, raket və sursatları döyüş meydanında atıb qaçan erməni ordusu və onun havadarları səsləndirdikləri bəyanatlarda və fəaliyyətlərində ehtiyatlı olmalıdırlar. Əks halda, isti erməni başlarının soyudulması məqsədilə addımların atılması gerçəyə çevrilə bilər.
Hazırda Ermənistan çox dərin siyasi, iqtisadi, hərbi, demoqrafik böhran yaşadığı üçün dedikləri boş bəyanatdan başqa bir şey deyil. Azərbaycan isə azad olunan ərazilərin bərpası istiqamətində onlarla layihəni parallel olaraq həyata keçirir. Ordumuz da müharibə bitəndən sonra hər gün yeni uğurlara imza atmaqda davam edir. Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi altında Ordumuzun yaxın zamanda Qarabağ ərazisində yeni nailiyyətlər əldə edəcəyi də gözlənilir.
Vətən Müharibəsində möhtəşəm Qələbənin təmin edilməsi heç də asan olmadı. Ümumiyyətlə müharibələrdə asan qələbə olmur. Biz bu müharibədə 2907 nəfər şəhid verdik, 7 nəfər hərbçimiz isə hələ də itkin hesab edilir. Düşmənin mövqelərinin daha yüksəkdə yerləşməsi, 26 il ərzində mövqelərinin möhkəmləndirməsi, keçilməsi çətin olan çoxqatlı mühəndis maneələrinin yaradılması, dağlıq ərazidə ağır texnikaların hərəkət məhdudiyyəti, bəzən iqlim şəraitinin pilotlu və pilotsuz aviasiya tətbiqi üçün əlverişsiz olması, itkilərimiz düşməndən ən azı 2-3 dəfə daha çox olacağını vəd edirdi. Azərbaycan Ordusunun mükəmməl şəkildə fərqli kontekstdə planlaşdırılan döyüş əməliyyatları və mümkün qədər “təmassız müharibə” konsepsiyasına üstünlük verməsi gözlənilən itkilərimizi minimuma qədər azaltdı.
Təəssüf ki, əvvəllər olduğu kimi bu dəfə də haqlı müharibəmiz və Qələbəmiz şəhidsiz olmadı. Biz 30 ildir bu yolda şəhidlər verirdik. Amma bu dəfə müqəddəs şəhidlərimizin qanı ilə boyanan üçrəngli Bayrağımız artıq Qarabağın ürəyi olan Şüşada əbədi olaraq dalğalanır. Bu möhtəşəm Qələbənin təmin edilməsində ən böyük rolu olan da məhz şəhidlərimiz oldu. Bütün sadalanan faktorları nəzərə alan Azərbaycan Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən az sonra, dekabrın 2-də Vətən müharibəsinin başladığı 27 sentyabrın “Anım Günü” kimi qeyd edilməsi barədə sərəncam imzaladı.
30 il ərzində mənfur düşmənlə müharibədə qəhrəmancasına döyüşən şəhidlərimizin hamısı baş tacımızdır. 44 gün davam edən Vətən müharibəsində şəhidlərimiz qanı və canı bahasına ərazilərimizi düşməndən təmizləməklə adlarını müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdılar. Onların sayəsində Azərbaycan xalqı dünyada azsaylı qalib xalqlar sırasındadır. Onların sayəsində bu gün işğaldan azad edilən torpaqlarımızın hər tərəfində Azərbaycan Bayrağı dalğalanır.
Ali Baş Komandan İlham Əliyevin “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” çümləsi hər birimiz üçün meyar olmalıdır. Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən hərbçilərimizin ruhuna ən yüksək səviyyədə göstərilən sonsuz ehtiram, bütün vətəndaşlarımız, xüsusilə də məmurlarımız üçün örnək olmalıdır. Vətən uğrunda canından keçənlərin xatirəsi daim və hər yerdə əziz tutulmalıdır. Şəhid ailələrini və övladlarını hər birimiz əziz və müqəddəs əmanət kimi qorumağa borcluyuq.
Şəhidlərimizin müqəddəs ruhu Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Ədalət Verdiyev, hərbi ekspert
Azvision.az üçün
Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.5 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə
Teqlər: AnımGünü