İran Qarabağda nə axtarır? Sadə suala böyük cavab – TƏHLİL

      İran Qarabağda nə axtarır?    Sadə suala böyük cavab –    TƏHLİL
  20 Sentyabr 2021    Oxunub:6190
Bir müddət əvvəl İrana məxsus yük avtomobillərinin müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət etdikləri Azərbaycan ərazisinə qanunsuz yolla keçmələri Bakının ciddi etirazına səbəb olmuşdu. Avqustun 11-də Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı İranın ölkəmizdəki səfiri Seyid Abbas Müsəviyə rəsmi etiraz notası da vermişdi.
Prezident İlham Əliyevin avqust ayında “CNN Türk” kanalına müsahibəsində Azərbaycan ərazisinə avtomobillərin qanunsuz keçidinə özünəməxsuz formada toxunması da Bakının məsələdən narahat olduğunu göstərməklə yanaşı, həm də, incə diplomatik dillə Tehrana ünvanlanmış xəbərdarlıq xarakteri daşıyırdı. “Laçın dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik”,- Prezident vurğulamışdı.

İncə eyham işləməyəndə

Dövlət başçısı açıq şəkildə İranın adını açıq çəkməsə də, “iyulun 11-dən avqustun 8-dək” tarixini xatırlatması buna işarə idi. Çünki mətbuatda yayılmış məlumatda iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşının qanunsuz olaraq Azərbaycana keçdiyi bildirilirdi. Normalda, İran bu eyhamdan nəticə çıxarmalı idi.


Bunun ardınca, rəsmi Bakı Müdafiə Nazirliyinin xəttilə Rusiyanın anoloji qurumuna və Azərbaycanın ermənilər yaşayan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya hərbi qüvvələrinin komandanlığına məktub ünvanladı. Həmin məktubda Azərbaycan ərazilərinə digər ölkələrə məxsus avtomobillərin girişinin 10 noyabr Bəyanatının müddəalarına zidd olduğu vurğulanır və xahiş edilirdi ki, bu tip addımların qarşısı alınsın. Təbii ki, Azərbaycanın bu müraciəti Rusiyanın həqiqətən də İran maşınlarının qarşısını alacağına hesablanmamışdı. Məqsəd birincisi, Moskvanın məsələyə dair mövqeyini, daha dəqiqi desək, Tehranla nə dərəcədə həmrəy olmasını müəyyən etmək idi. Digər tərəfdən, bu məktub, Bakının Tehrana cavab addımları atacağı halda Moskvanın etirazları ilə qarşılaşmamaq üçün əvvəlcədən xəbərdarlıq xarakteri daşıyırdı.
Qarabağ meydanı: ABŞ oyuna daxil olur – TƏHLİL

Nə İrana qarşı nota, nə də Rusiyanın Müdafiə Nazirliyinə ünvanlanmış məktubla bağlı Azərbaycana cavab gəlmədi. Gəlibsə belə, bu barədə rəsmi açıqlama olmadı. Hətta əksinə: İran tərəfi Azərbaycanın diplomatik çərçivədə olan etirazlarına baxmayaraq, ölkəmizin ərazisinə qanunsuz keçən avtomobillərin sayını artırdı. Son bir ay ərzində - avqustun 11-dən sentyabrın 10-dək İrandan qaçaqmalçılıq yolu ilə Xankəndiyə göndərilən yük avtomobillərinin sayı 58-ə çatdı.

Moskvanın Tehranın bu qanunsuz fəaliyyəti qarşısında susqunluğu onu göstərir ki, İranın erməni separatçılarını dəstəkləməsi daha çox özfəaliyyət olsa da, Kremlin regiondakı maraqlarına ziddiyət təşkil etmədiyi üçün Moskva prosesə müdaxilə etmək fikrində deyil. Bu isə, Azərbaycanın müvafiq tədbirlər həyata keçirməsi üçün siqnal rolunu oynadı.


10 noyabr Bəyanatı Azərbaycanın öz ərazisinə girişi təmin edən Laçın dəhlizinə nəzarətinə imkan yaratmasa da, Gorus-Qafan yolunda yerləşən Eyvazlı yaşayış məntəqəsində nəzarət postu qoymağımıza heç kim mane ola bilməzdi. Odur ki, sentyabrın 12-dən etibarən Azərbaycanın Eyvazlıda qoyduğu polis postunun əməkdaşları İran avtomobillərini yoxlamağa başladılar. Ehtimal edə bilərik ki, sentyabrın əvvəllərində Laçın rayonu ərazisində Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi həm də Eyvazlı postunun qurulmasına hesablanmışdı.


İrana nə lazımdır?


Tehranın sərgilədiyi mövqeylə bağlı sual yaradan əsas məqam ondan ibarətdir ki, niyə İran birdən-birə kifayət qədər nümayişkəranə şəkildə Azərbaycan ərazisindəki erməni separatçılarını dəstəkləmək qərarına gəldi?

İran ənənəvi olaraq Ermənistanla strateji tərəfdaş olub və həmin tərəfdaşlığın davamı kimi Tehran bu gün də ermənilərə dəstək göstərir. Ancaq 44 günlük müharibə zamanı İran Azərbaycanı dəstəklədiyini bəyan etmişdi axı. Müharibədən sonra imzalanmış üçtərəfli bəyanat da İranın maraqlarını cavab verir: Zəngəzur dəhlizi İrana şərait yaradacaq ki, Ermənistanla birbaşa dəmir yolu əlaqəsi saxlaya bilsin. Üstəlik, 2014-cü ildə fəaliyyətə başlamış İran-Azərbaycan-Rusiya üçtərəfli iqtisadi əməkdaşlıq blokunun “3+3” regional tərəfdaşlıq blokuna çevrilməsi təklif olunmuşdu. Bu blok çərçivəsində İrandan Azərbaycan ərazisilə Rusiyaya çəkilən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə iqtisadi münasibətlərin inkişaf etdiriləcəyi gözlənilirdi. Necə olur ki, İran özü üçün səmərəli olan bu qədər layihələri risk altına qoyur? Yoxsa, yeni prezident İbrahim Rəisinin başçılıq etdiyi hökumət Azərbaycan ərazisindəki erməni separatçılarına dəstək verməklə ənənəvi İran-erməni tərəfdaşlığını sürdürməyi bu layihələrdən daha önəmli hesab edir?

Əslində, məsələ təkcə Azərbaycanla bağlı deyil və geniş geosiyasi arealı əhatə edir. Söhbət ondan gedir ki, İran ABŞ-ın regionda həyata keçirdiyi, şərti olaraq “Əfqanıstan” adlandıra biləcəyimiz geosiyasi layihəsindən kənarda qalmasından narazıdır. İlkin təhlillər göstərir ki, ABŞ bu layihədə əsas tərəfdaş kimi Pakistan, Azərbaycan, Türkiyə və Qətəri görür. Layihənin mahiyyəti isə ondan ibarətdir ki, Pakistan-Əfqanıstan-Orta Asiya ölkələri-Xəzər Dənizi-Azərbaycan-Zəngəzur dəhlizi vasitəsilə Ermənistan-Türkiyə marşrutu boyunca böyük bir coğrafi məkanda qərb ilə şərq arasında dəhliz yaradılsın. Bu dəhlizin Avropa ilə şərq ölkələrinin ticarət və əməkdaşlığını təmin etməklə yanaşı, Rusiya ilə Yaxın Şərq arasında böyük bir sədd çəkəcəyi də proqnozlaşdırılır.

Böyük oyunun offsaydında

İran ilkin mərhələdə “Böyük İpək Yolu”nun davamı olaraq özünü bu marşrutun bir hissəsi kimi görürdü. Çinin Böyük İpək Yolu marşrutunun bir neçə qolunun olacağını bəyan etməsi, İranın xəzərsahili ölkə olması və nəhayət, Əfqanıstandakı şiə icması vasitəsilə bu ölkəyə təsir “rıçaq”ının mövcudluğu Tehranın bu ümidlərinə əsas yaradırdı. Lakin Əfqanıstanda hakimiyyətin sünni puştunlardan ibarət “Taliban”a verilməsi, onların isə konfesional (dini təmayüllü) dövlət quracaqlarını bəyan etmələri Tehranın oyundan kənar vəziyyətə düşəcəyinin ilkin xəbərçisi idi.


Əfqanıstanda taliblərə müqavimət göstərən sonuncu əyalət olan Pəncşirin məğlubiyyəti də, İranın hansısa formada proseslərə müdaxilə edərək, regiondakı varlığını nümayiş etdirməsinə imkan vermədi.

Bu səbəbdən, İran hansısa formada regiondakı təsir imkanlarını nümayiş etdirmək üçün dəhlizin formalaşmasına maneələr yaratmağa başladı. Bu mənada Tehranın əsas məqsədi heç də layihənin tamhüquqlu üzvü olmaq yox, onun reallaşmasına əngəl törətməklə Vaşinqtonun onunla hesablaşmasına nail olmaqdır. İranda hakimiyyətə gəlimiş Rəisinin başçılıq etdiyi mühafizəkarlarla əvvəlki prezident Ruhaninin başçılıq etdiyi liberalları fərqləndirən əsas cəhət də elə Amerikaya münasibətdə qurulan siyasi xəttin xüsusiyyətləri ilə bağlıdır. Əgər liberallar Amerika ilə danışıqlar və onların tələblərini qismən də olsa yerinə yetirmək yolu ilə iqtisadi sanksiyaların ləğvinə çalışırdılarsa, mühafikarlar həmin məqsədlər üçün məcburetmə siyasətinə əl atmağa üstünlük verirlər.

Beləliklə, İran qlobal dəhlizin formalaşmasına əsasən üç yolla maneə yarada bilər: Birincisi, Orta Asiya respublikalarında (xüsusilə Tacikistanda) qarşıdurma yaratmaqla, ikincisi, Xəzər dənizinin hərbiləşdirilməsilə və nəhayət, üçüncüsü, erməni separatçılarına dəstək verməklə regionda sülhün əldə olunmasına əngəl törətməklə. Hər üç halda dəhliz boyu qeyri-sabit vəziyyət formalaşacağı üçün investorlar regiona vəsait yatırmaqdan ehtiyatlanacaqlar.

Bəs bu planların hansı daha realdır?

Əfqanıstanın Pəncşir əyalətindən olan qiyamçıların bəzi liderlərinin Tacikistanda gizlənməsilə bağlı məlumat yayılsa da, Orta Asiya ölkələrində qarşıdurmaların yaranacağı inandırıcı səslənmir. Çünki bu halda ekstermistlərin Rusiya ərazisinə daxil olması riski yaranır ki, Kreml heç bir halda bu plana imkan verməz.

Demək, yerdə sonuncu iki seçim qalır və İran hər iki variantdan yararlanmağa çalışmaqdadır. Məsələn, İranın Xəzərdə “Dəniz kuboku” adlı hərbi təlimlər təşkil etməsi, ardınca Rusiyanın anoloji təlimlər keçirəcəyini bildirməsi dünyanın ən böyük gölündə təhlükəsizliyə cavabdeh olan dövlətlərin Rusiya ilə İran olduğuna işarədir. Lakin Türkiyənin bu işarədən ürkəcəyini heç kim deməyib və Ankaranın Bakı ilə birlikdə Xəzərdə hərbi təlimlərə başlamasına Tehranın diplomatik etiraz bildirməkdan başqa çıxış yolu qalmır.


Azərbaycandakı erməni separatçılarının dəstəklənməsi də eyni məqsədi daşıyır və buna cavab olaraq, Azərbaycan, Türkiyə və Pakistanın “Üç qardaş” adlanan hərbi təlimlər keçirmələri məsələnin nə dərəcədə böyük coğrafi məkanı əhatə etməsini açıq şəkildə göstərirdi. İranın “Üç qardaş”ın gücü qarşısında ciddi inad göstərəcəyini iddia etmək isə sadəlövhlük olar.

Bundan əlavə, Tehranın böyük hesab etdiyi məqsədlərinə nail olmaq üçün, kiçik gördüyü Azərbaycana qarşı İslam həmrəyliyilə uzlaşmayan addımlara yol verməsi gələcəkdə ciddi daxili böhranlar bahasına başa gələ bilər. Xatırlamaq yerinə düşər ki, 2020-ci ilin oktyabrın 1-də paytaxt Tehran da daxil olmaqla, İranın bir sıra şəhərlərində hökumətin Ermənistana hərbi yardım göstərməsinə etiraz olaraq böyük nümayişlər keçirilmişdi. Həmin nümayişlərdə Ermənistan bayrağı yandırılmış və hökumətdən bu ölkə ilə sərhədin bağlanması tələb olunmuşdu. Məhz bu nümayişlərdən sonra Güney Azərbaycanının dörd vilayətinin (Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan) başçıları Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyini ifadə edən birgə bəyanatla çıxış etmişdilər.

İran bu tip etirazlar aksiyalarından sığortalanmayıb və nümayişlərin baş qaldıracağı halda hakimiyyət qonşuluq və müsəlmanlıqla bir araya sığmayan yaramaz addımlarını “böyük geosiyasi məqsədlər uğrunda” atdığını xalqa necə izah edəcəyini indidən düşünsə, yaxşı olar.

Tofiq Vahid
Azvision.az



Teqlər:   İran   Qarabağ   Rusiya  





Xəbər lenti