"Görün, nələr yaşamışıq..."- 55 yaşlı Rafiq Həşimov

 "Görün, nələr yaşamışıq..."-  55 yaşlı Rafiq Həşimov
  12 Avqust 2021    Oxunub:8069
O, televiziyaya bir xokkey oyunları, bir də kinofilmlər üçün baxırdı. Filmləri çox sevirdi, çünki uşaqlıqdan kinoaktyor olmaq istəyirdi. Ancaq həyatın öz axarı ilə getdiyi vaxtda tale ona başqa ünvanın qapısını açdı. Bir gün evdə dedilər: “Rafiq, sizin televiziyada müsabiqə elan ediblər. Sən pis danışmırsan, bəlkə, özünü yoxlayasan?.. ”
Beləliklə, Azərbaycan televiziyasında elan edilən diktorluq müasbiqəsindən 4 nəfər keçdi. Onlardan biri də hamımızın çox sevdiyi və səsinin ahənginə valeh olduğumuz aparıcı və diktor Rafiq Həşimov idi. O, 1990-cı ilin iyul ayında ilk dəfə “Xəbərlər” proqramı ilə efirə çıxdı və ilk gündən tamaşaçılar tərəfindən sevildi. Ancaq bu Rafiq müəllimin televiziyada ilk işi deyildi. Buna qədər diktor Azərbaycan televiziyasında videoyazı deyilən sexdə 1987-ci ildən 1990-cı ilə qədər montajçı, videooperator kimi işləmişdi…

Rafiq müəllim son illər verdiyi müsahibələrindən birində “Efir həyat kimidir, orada kədərli və sevincli anlar olur”deyirdi. Ötən gün 55 yaşını qeyd edən diktorun həmsöhbəti olduq, yeni yaşında kədərindən deyil, yalnız sevincindən danışdıq. Söhbətimizə “yaş”ın onun üçün nəyi ifadə etdiyini soruşmaqla başladıq.

- Yaşın artması təbiətin qaydasıdır. Buna görə də ona xüsusi təyin vermək mənim üçün bir qədər çətindir. Sən 25 yaşda müəyyən düşüncələrdə olursan, 30 yaşda isə bir başqa qənaətə gəlirsən. Yaşın artmasına bir qədər təbiət hadisəsi kimi yanaşıram. Çoxları kişinin yaşını onun var-dövləti hesab edir. Mən zənginliyi ruhi və mənəvi göstəricilərlə bağlayıram,- deyir, Rafiq müəllim.


Səsindəki stabillik, eyni ahəng diktorun əhvalının necə olduğunu sezməyə imkan vermir. O səbəbdən də bu mövzuda ona açıq sualla üz tuturam. Yenə tonunu dəyişmədən anındaca cavab verir:
- Biz bir ayağı sovet dönəmində, bir ayağı isə müstəqillik illərində olan adamlarıq. Bu illər bizə çox ruhi-mənəvi yaşantılar gətirdi. Bir sıra hadisələrdən keçdik. SSRİ-nin dağılmasını, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, müstəqilliyimizin ilk illərini, 30 ildən sonra qazanılmış 44 günlük qələbəmizi görmüş insanam mən. Görün, nə qədər şey yaşamışıq. Alman şairi, dövlət xadimi, mütəfəkkiri Yohann Volfqanq Hötenin Ekermanla bir söhbəti var. O deyir, “Mən 30 illik müharibəni görmüşəm, Napoleon Bonapartla görüşüm olub. Və digər hadisələri izləmişəm. Gələcəkdə nəsillər bu haqda tarixi kitablardan oxuyacaqlar, amma mən özüm bu tarixin içində olmuşam”. Biz də bu hadisələrin içində yaşadıq, ruhumuz informasiyalarla, sarsıntılarla və nəhayət, sevinc hissi ilə doldu. Bax bu cür şeyləri yaşamış insanın əhvalı necə olarsa, mən də eləyəm.



Zamanın onu arxasınca dartmasına baxmayaraq, diktor təslim olmur. Deyir ki, onu yaşadan, stimul verən öz qəlbi üzərində işləməyi və tərbiyə etməyidir. Fikrincə, insan yaxşı biliklərə açıq olmalı, yaxşı musiqilərə qulaq asmalı, yaxşı kitablara meyl etməli, təsvirlər görməyə və ya yaratmağa çalışmalıdır.
- Əslində normal adam ömrü boyu öyrənir. İnsan ölüm yatağında da ölməyi öyrənir. Ancaq son olur deyə, o təcrübəni heç kiminlə bölüşə bilmir. Bu, güzgünün o tərəfində qalır . Mən bu cür yaşamağa vərdiş etmişəm. Hər gün öyrənirəm. Hər gün də öyrəndikcə özümü az bilən adam kimi görürəm. Adamlar öz qəlbinin antenasını xeyrə yönəltməyə çalışmalıdırlar. Allah yaxşı fikirləri, niyyətləri, əməlləri daha da bərəkətli, gözəl edir.


Aparıcı gec ailə həyatı qurub. Evlilikdən öncə ona “niyə evlənmirsən?” sualını verəndə həmişə cavabı “vaxtım yoxdur” olurmuş. İndi onun 14 yaşında bir qızı və 3 yaşında bir oğlu var. Övladlarının ötəngünkü ad günü təbriki onun ürəyinin sarı simini tərpədib.
- Səhər yuxudan duran kimi qızımla qucaqlaşdıq. 3 yaşlı oğlum Yusif isə atasını ad günlərində oxunulan mahnını ilə zümzümə edərək təbrik etdi. Övlad böyük sevinc, Allahın verdiyi hədiyyədir, eyni zamanda, əmanətdir. Hədiyyəyə necə sevinirsənsə, əmanətə görə də eyni cür məsuliyyət daşımalısan. Mən onların simasında dərisinin rəngindən, irqindən, millətindən asılı olmayaraq, dünyadakı bütün uşaqlara görə sevinirəm,- deyir Rafiq müəllim.






Şahanə Rəhimli
Azvision.az




Teqlər: RafiqHəşimov   Diktor   Aparıcı   Əməkdarartist  





Xəbər lenti