Peşə liseylərinin buraxılış imtahanları keçirilib

Peşə liseylərinin buraxılış imtahanları keçirilib
  16 Mart 2014    Oxunub:1485
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib. İmtahan respublikanın 23 şəhər və rayonunda 44 imtahan mərkəzində aparılıb. Ölkə üzrə imtahan proseslərinin idarə edilməsinə 40 imtahan rəhbəri, 351 zal nəzarətçisi cəlb olunub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Qərb bölgəsinin peşə liseyi məzunlarının buraxılış imtahanı Gəncədə 22 nömrəli tam orta məktəbdə keçirilib. Verilən sualları cavablandırmaq üçün məzunlara 2 saat vaxt verilib. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılıb.

Nəsimi Məmmədov - TQDK-nın Gəncə Regional bölməsinin müdiri: “Bu buraxılış imtahanları Gəncə regional bölməsinə aid olan Gəncə şəhəri və ətraf rayonlarda – Qazax, Tovuz, Ağstafa, Şəmkir və Gədəbəy üzrə aparılır. Gəncə şəhərində 1 imtahan binasında 266 nəfər peşə liseyi məzunları imtahan verir. İmtahan prosesi vaxtında başlayıb, imtahanın idarə olunması üçün 2 imtahan rəhbəri, 20 zal nəzarətçisi var. İndiyə qədər heç bir neqativ hal baş verməyib”.

İmtahan zamanı təhlükəsizliyin təmin edilməsi üçün səhiyyə və polis işçiləri, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri səfərbər olublar. Ümumiyyətlə respublika üzrə imtahanlarda ümumilikdə 4388 şagirdin iştirak etməsi nəzərdə tutulub.

Nəsimi Məmmədov: “266 nəfər şagirddən 6 nəfəri imtahan prosesində iştirak etməyib. İmtahanda şagirdlərə təqdim edilən suallar iki - ana dili və riyaziyyat fənləri üzrə aparılır. Hər fənn üzrə 30 test tapşırığı təqdim edilir. Bundan əlavə, ana dili fənni üzrə şagirdlər inşa yazısını yerinə yetirirlər”.

Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.


Teqlər:





Xəbər lenti