“Həyat məktəbində dərsdən qaçmaq olmur” - Əsəd Cahangir (Müsahibə)

   “Həyat məktəbində dərsdən qaçmaq olmur” -    Əsəd Cahangir (Müsahibə)
  06 İyul 2021    Oxunub:5072
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalı baş redaktorunun müavini, tanınmış təniqdçi Əsəd Cahangir bir neçə gün öncə 55 illik yubileyini qeyd etdi. Azvision.az yazarı yubileyi münasibətilə təbrik edərək, bir neçə sual ünvanlayıb.
- Yaradıcılığınızın 30, ömrünüzün 55 ili tamam olur. Nələri itirib, nələri qazanmısınız?

- 55 il ömrüm gedib. Əvəzində oxucu diqqəti, paxılların məzəmməti və bir neçə kitab qazanmışam. Ən böyük qazancım Tanrıya inamımdır. Həyat bir məktəbdir və burda əsas məsələ ruhun mümkün qədər çoxlu bilgi toplamasdır. Bilgi toplamaq isə əzablı prosesdir. Uşaqlar həmişə dərsin bitməsini həsrətlə gözləyir, bəzən dərsdən qaçırlar. Həyat məktəbində isə heç yerə qaçmaq olmur, çünki burda hər yer məktəbdir, hətta dərsdən qaçmağın özü də bir dərsdir.

- Necə şagirdsiniz?
- Füzuli yazırdı:
Kəbə ehraminə zahid dedilər bel bağladı,
Eylədim təhqiq, onun bağladığı zünnar imiş.

Bu həyat məktəbində hamı biri-birinin necə şagird olmasını təhqiq edir, mən də neçə illərdir ki, sinif yoldaşlarımı təhqiq edirəm. Və görürəm ki, əsas nöqtəyə yaxınlaşan mənə rast gəlməyib. Görürəm ki, çox az adama müyəssər olan məsələlərdən agah olmuş, Qazan xanın sudan, ağacdan, itdən, qurddan ala bilmədiyi cavabları almışam. Nəsimi, Füzuli heç kəsə etibar etmədikləri sirlərini mənə açıblar. Sabir Əhmədli kimi ustad yazıçı ədəbiyyata gəlişimə xeyir-dua verib. Muğanna kimi dahi, “Sənin məhəbbətin məni yaşadır”, - deyib. Elçin kimi, Afaq Məsud, Ramiz Rövşən kimi fenomenal istedadlar məni yüksək dəyərləndirir, Anar kimi, Çingiz Abdullayev kimi dünya çapında olan şəxslərlə iyirmi ildən artıqdır iki, bir binada işləyirəm. On minlərlə oxucu yazılarımı oxuyur və bəyənir. Bütün bunlar göstərir ki, o qədər də pis şagird deyiləm.

- Bütün sınaqlara, çətinliklərə baxmayaraq, yenə də “Allaha şükür” deyirsiniz. Allaha sual vermək istədiyiniz vaxtlar olubmu heç? Sizcə, o ədalətlidirmi?

- Əvvəla, deyim ki, ateist sovet cəmiyyətinin dağılması və yeni dünya düzəninə keçməklə bağlı Tanrının layihəsində əsas məqsəd insanı bu inama gətirmək idi. Hər iki epoxada yaşayan milyonlarla adam kimi, mənim də həyatımın mənası ateizmdən inama keçid eləmək idi. Mən bunu ağlasığmaz çətinliklər bahasına olsa da, eləyə bildim.
Sualınıza gəldikdə, bir an belə Allahın ədalətinə şübhə etməmişəm. Ən kritik anlarda onun varlığını hiss etmişəm. Heç vaxt ona qarşı hər hansı sualım olmayıb. Sual vermək lazımdırsa, özümə vermişəm. Baş verənlərdə bütün məsuliyyəti Allahın üstünə yıxmağın tərəfdarı deyiləm. Mən reinkarnasiyaya inanıram. Yəni gələcək həyatımızı bugünkü davranışımızla özümüz seçirik. Bu seçimə, Allah, sadəcə, dərkənar qoyur.

- Amma islamda reinkarnasiya qəbuledilməzdir...
- Əslində, məsələ sən dediyin qədər sadə və birmənalı deyil. Ortodoksal islamda İsa əleyhissalamın və yaxud digər seçilmiş peyğəmbərlərin dünyaya yenidən dönəcəyinə inam var. Buna “hülul” deyirlər. Şiə məzhəbinin tərəfdarları Mehdi əleyhissalamın ikinci dəfə yer üzündə zühur edəcəyinə inanırlar. Bu isə “ricət” adlanır. Nəhayət, bir çox təriqət üzvləri hər hansı sıravi bir islam təmsilçisinin yenidən yer üzünə gələcəyinə inanırlar. Buna “tənasüh” deyilir. Ona görə də, İslamın reinkarnasiyanı birmənalı olaraq, rədd etməsi düşüncəsinin əslində, redaktəyə ehtiyacı var. Bu məsələni dini hökm və ya mütləq həqiqət kimi qəbul etmək olmaz.

- Belə bir fikir var ki, texnologiyanın hədsiz inkişafı ədəbiyyat, incəsənət kimi sahələri arxaizmə çevirəcək. Yəni bir zavodu idarə edən robota “Səfillər” oxumaq, yaxud da muzeyə gedib antik heykəllərə baxmaq lazım olmayacaq. Siz necə düşünürsünüz?
- Gələcək robotlarındırmı? “Homo sapiens” öz ömrünü başa vurmaq üzrədirmi? Biz onun son nümayəndələriyikmi? Bu suallara qəti cavab vermək çətindir. Hətta Fukuyama kimi futuroloqlar da bu suallara qəti cavabdan qaçırlar.
Bəs, duyğusallığın minimuma endiyi postinsan erasında şeir, sənət olacaqmı? Hüseyn Arif deyirdi ki, nə qədər ki, həyat var, şeir də olacaq. Çünki heç nə itmir, heç nə yoxa çxımır. Şeir də yoxa çıxmayacaq. İndiyəcən o əruz, heca, sərbəst kimi şəkil dəyişmələri edirdi, indi isə sadəcə formasını yox, mahiyyətini dəyişəcək, postşeirə çevriləcək. Postinsan erasında postədəbiyyat olacaq. Postinsan dövrünün yazıçısı “Səfillər” yox, “Postsəfillər” yazacaq, oxucusu da “Postsəfillər”i oxuyacaq. Məncə, Hüseyn Arif də məsələnin bu tərəfini nəzərə almamışdı.

- Ədəbiyyatın həll etməkdə aciz qaldığı məsələlər hansılardır?
- Ədəbiyyat söz sənətidir. Burda hər şey sözdə, kağız üstündə reallaşır. Rus rəssamı Safonovun bir rəsmində əks etdirdiyi kimi, şairlər, yazıçılar kağız adamlardır. İnsanın azadlıq haqqında uydurmasını sözdə reallaşdırmaq! Ədəbiyyatın həll edə biləcəyi yeganə məsələ budur. Buna görə ədəbiyyat istənilən problemi sözdə həll edir və əslində, heç nəyi həll etmir.

- 55-dən sonra özünüzə nələri arzu edirsiniz?
- Can sağlığı, ilhamlı yaradıcılıq, yeni idrak üfüqləri. Bir də istəyərdim ki, “Porshe” maşınım olsun.

- Deyirlər, bahalı maşınlar çox benzin içir. Benzin pulu çatdıra biləcəksinizmi?
- Anar müəllim söz verib ki, gələn ildən maaşını artıracam. Benzin pulu problem olmaz yəqin.

- Yazıçılar Birliyi demişkən, AYB-dəki son təyinatlar barədə nə deyə bilərsiniz?
- Hamını yeni təyinatlar münasibətilə təbrik edirəm. İnsan gec-tez öz zəhmətinin qiymətini almalıdır.

- Yaradıcılığınızın 30, ömrünüzün 55 illiyi ilə bağlı mətbuatda, sosial şəbəkədə çoxlu sayda məqalə və şeirlər yayınlandı. Bunlardan hansı daha çox ürəyinizcə oldu?
- Ustadım, akademik Nizami Cəfərovun “Ədəbiyyat qəzeti”ndə dərc olunan, həyat və yaradıcılıq yoluma həsr olunan “Oyanmış ruhun özünüdərki” adlı məqaləsi əfkari-ümumiyyə və geniş oxucu kütləsinin marağına səbəb oldu. Yazının dərcindən az qala on gün keçib, amma hər gün kimsə zəng vurur, ustadın yazısı haqda razılıq ifadə edən fikirlərini bildirirlər. Fürsətdən istifadə edib, mən də Nizami müəllimə minnətdarlığımı bildirmək istəyirəm.
Milli Məclis Mədəniyyət Komissiyasını sədri Qənirə xanım Paşayeva məni qəbul etdi, Qarabağ motivli hədiyyələrə təbrik etdi və mənə təbrik məktubu ünvanladı. Qənirə xanımın ədəbiyyat və incəsənət adamalarına hörmətini bilirdim. Amma etiraf edim ki, bu dərəcədə sayğı, diqqət sürpriz oldu. Çox sağ olsun.
“Kultur.az” saytının baş redaktoru, tanınmış yazıçı-publisist İradə Aytel Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalına həsr olunmuş “Xarıgülnar” poemama bir klip hazırladı və klip sosial şəbəkə istifadəçiləri tərəfindən böyük razılıqla qarşılandı. İradə xanıma can sağlığı və yaradıcı uğurlar arzu edirəm. Ədəbiyyatımız və jurnalistikamızda belə obyektiv mövqeyi olan şəxslərə ehtiyac var.
Yubileyimlə bağlı mənə şeir, məqalə həsr edən, məndən müsahibə alan hər kəs sağ olsun.
Yazıçılar Birliyindən isə Anar müəllim məni çağırıb təbrik etdi, problemlərimlə maraqlandı. Yubileyimlə bağlı hazırladığım kitaba ön söz yazdı.

- Bildiyimə görə yubiley yazılarını kitab halında çap etdirmək istəyirsiniz. Format necə olacaq?
- Kitabda yubiley ərəfəsində işıq üzü görən təbrik sözləri, məqalələr, şeirlər və müsahibələr toplanıb. Məni təbrik edənlərə kitabda sürprizim də olacaq.

- Ümumən, qazandığınız uğurlarda özünüzü kimlərə borclu sayırsız?
- Cavabım qəribə görünə bilər, amma özümü həm də bədxahlarıma borclu sayıram. Onlar bütöv bir tipajlar qalereyası, Haqverdiyevin diliylə desəm, “mənim marallarım”dır. Məni evlərinə qonaq çağırıb, səsimi gizlicə telefona yazanlar, haqqımda ali instansiyalara heç bir əsas olmadan şikayət edənlər, ən xırda uğurumu görüb yuxusu qarışanlar, məndən tərifli yazı umub, buna nail ola bilməyəndə əleyhimə böhtan, şantaj xarakterli yazılar yazan və yazdıranlar, şəxsi əlaqədə olduqları adamları yuxarı başa keçirmək üçün məndən donos çatdıranlar... Sağ olsunlar, məni daim öz üzərimdə işləməyə vadar edib, arxayınlaşmağa qoymayıblar. Konkret ad çəkməyəcəm. Hərəsi öz obrazını gördü, bu yetərlidir.

Şəlalə Göytürk
Azvision.az


Teqlər: Müsahibə  





Xəbər lenti