“AzerGold” beş ildə qızıl ixracından əldə etdiyi gəliri açıqladı

“AzerGold” beş ildə qızıl ixracından əldə etdiyi gəliri açıqladı
  05 İyul 2021    Oxunub:1687
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla görüş keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata əsasən, Cəmiyyətin fəaliyyətə başlamasının beşinci ildönümünə təsadüf edən görüş öncəsi “AzerGold”un kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.

Görüşdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesinin hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas fəaliyyət sahələrindən biri olduğunu qeyd edib.

Tədbirdə iştirak edən və Cəmiyyətin “Çovdar” qızıl, “Filizçay” polimetal yataqlarının kəşfi, eləcə də tədqiq edilməsinə töhfə vermiş görkəmli geoloqlar - Şahbəddin Musayev, Müzahim Piriyev, Ələkbər Əhmədov və digərlərinə minnətdarlıq ifadə olunub, həmçinin bu və digər yataqların kəşfi və tədqiqində böyük xidmətləri olmuş mərhum geoloqlarımız hörmətlə xatırlanıb. Bu xüsusda görüşdə “Filizçay” yatağının tədqiqində əvəzsiz xidmətləri olmuş dəyərli alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum Tofiq Abdulla oğlu Həsənov ehtiramla yad edilib. Zakir İbrahimov Böyük Qafqazın cənub yamacında “Filizçay” polimetal yatağının plinsbax yaşlı olmasını müəyyən edən Tofiq Həsənovun geologiya elminə böyük töhfələr verdiyini qeyd edib. İdarə Heyətinin sədri “Filizçay” yatağında yayılan filiz daşıyıcı süxurların və filizləşmənin dəqiq yaşını ilk dəfə məhz T.Həsənov tərəfindən müəyyən edilməsinin həmin regionda yerləşən digər yataqların tədqiqi üçün də böyük imkanlar yaratdığını diqqətə çatdırıb. O, bu gün böyük fəxr hissi ilə adları çəkilən qocaman alimlərin başlatdığı uğurlu yolun onların davamçıları, yeni geoloq nəsili tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sədr, həmçinin dövlət şirkətinin 5 ildə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. İdarə Heyətinin sədri əlavə edib ki, 2016-cı ildə fəaliyyətə bir mədənin - “Çovdar” qızıl yatağının istismarından başlayan Cəmiyyət hazırda iki mədəndə hasilat işləri aparır.

Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub. Ümumilikdə Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupu, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir. Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır.

Zakir İbrahimov tək bir mədənin, Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənin istismarı nəticəsində bugünədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edildiyini qeyd edib. Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu bildirən sədr bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını vurğulayıb. Z.İbrahimov “AzerGold”un bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında da məlumat verib.

Tədbirin sonunda “AzerGold” QSC-nin 5 illik yubileyi münasibətilə bu illər ərzində Səhmdar Cəmiyyətlə fəal əməkdaşlığına görə qocaman geoloqlara təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.








Azvision.az



Teqlər: Qızıl  





Xəbər lenti