Tərtərin müharibə zamanı dağılan yolları bərpa olunudu
Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.
Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4,1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb. Sözügedən işlərin davamı olaraq əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca isə respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanılıb.
Bundan başqa yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq-Rəcəbli, Seydimli və Düyərli yolları eyni zamanda Buruc-Gülabatlı və Bəyim-Sarov avtomobil yolları təmir olunub. Növbəti mərhələ olaraq isə Qaraqoyunlu-Küçərli avtomobil yolunun təmiri həyata keçiriləcək.
Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işləri yekunlaşdırılıb. Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nın rəhbərliyinin nəzarəti altında aparılıb. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Azvision.az
Teqlər: Tərtər