Azərbaycan da “konyak”dan imtina edir? - AÇIQLAMA
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru İlham İdayətov Azvision.az -a açıqlamasında bildirib ki, Azərbaycan ixrac etdiyi məhsullarda “konyak” və “şampan” sözündən istifadə etmir:
“Fransanın Konyak və Şampan vilayətləri var, orada istehsal olunan məhsullar belə adlanır. Ancaq başqa ölkələrdə, Gürcüstanda, o cümlədən, bizdə həmin məhsullar xaricə ixrac ediləndə “konyak” sözünün əvəzinə “brend” yazılır. “Şampan” isə “oynaq şərabları” adlandırılır. “Konyak” və “şampan” sözləri yazılmış məhsulu Fransanın razılığı olmadan dünya bazarına çıxarmağa icazə yoxdur”.
İ.İdayətov qeyd edib ki, məhsulların bu formada təqdimatı bütün dövlətlər tərəfindən birmənalı şəkildə qəbul edilib.
“Ya gedib “konyak” istehsalçısından razılıq almalı və onlara müəyyən faiz ödənilməlidir. Daxili bazarda hər məhsulun adının yanına “konyak” yazılır və bunun heç bir problemi yoxdur. Lakin ixraca aiddiyyatı yoxdur. Bu, hər zaman belə olub. Hər məhsul öz adı ilə ixrac olunur”.
İcraçı direktoru Ermənistanın müəyyən pul müqabilində “konyak” sözündən imtina etməsini vəsaitlərinin tükənməsi ilə əlaqələndirib:
“Ermənistan Fransa ilə sıx əlaqədə olan ölkədir, hər cür çıxış əldə edirlər. Onlar konyak spirtini xaricdən alıb, məhsul istehsal edirlər. Ermənistanda indi o qədər də maddi imkan olmadığı üçün bu yola əl atıblar. Konyakın özünün yetişməsi üçün 3, 5, 8 il vaxt lazımdır. Bu gün Ermənistanın rəsmi addan imtina etməsi əllərində məhsulların olmaması ilə əlaqədardır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Konyak