Ağdam, Cəbrayıl və Füzulidə torpaq tədqiqatı aparılıb
Torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə ölkə üzrə irimiqyaslı çöl torpaq tədqiqatı işləri də aparılır. İlkin olaraq Neftçala rayonunun dövlət mülkiyyətində olan 30284 hektar ərazisində irimiqyaslı torpaq tədqiqatı işləri yerinə yetirilib. Rayonun qış otlaqlarında torpaq tədqiqatı işlərinin aparılması üçün işçi qrupları yaradılıb. Çöl işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədilə bütün qruplar müasir sahəvi ləvazimatlarla təmin olunub. İlk dəfə olaraq çöl torpaq tədqiqatında müasir dövrün tələblərinə uyğun olaraq “TFA DOSMAN” cihazı vasitəsilə torpağın nəmlik dərəcəsinin miqdarı müəyyən edilib. Bununla həmin torpaqların şorlaşma dərəcəsi və bitkilərin məhsuldarlığında önəmli faktorlardan biri olan torpağın turşuluq və qələviliyinin norma daxilində olub-olmaması məlum olur. Nəticədə məhsuldarlığı yüksək olan hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən edilir.
Tədqiqat zamanı həmçinin, aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.
Azvision.az
Teqlər: Qarabağ