Su qıtlığı yenidən bahalaşmaya səbəb ola bilər? - Ekspert şərhi
Bəs görəsən, su qıtlığı şəraitində yenidən bahalaşma ola bilərmi?
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov Azvision.az -a deyib ki, bu il bir dəfə qiymət artımı yaşandığından ikinci dəfə təkrarlanma real görünmür. İlin əvvəlində bahalaşmanın səbəbi “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığının azaldılması, xərclərini nisbətən qarşılaya bilməsi idi.
"Amma suyun qiymətinin qalxması ilə iş bitmir. Azərbaycanın su təsərrüfatının və bu sistemdə, idarəetmə prinsiplərində dəyişiklik olmayacağı təqdirdə yenidən su problemi qaçılmaz olacaq. Ümid edirəm ki, yeni idarəetmə prinsipləri, yeni şərtlər, qərarlar, idarəçilik siyasəti və su təchizatı sistemində olacaq dəyişikliklər problemlərin həllində köklü rol oynaya biləcək. Yalnız suyun qiymətini qaldırmaqla problem həll oluna bilməz, idarəçilik və su-təchizat məsələsində problemlər həll olunmazsa, hazırkı qalxmış qiymət problemin həllinə kifayət etməyəcək".
Ekspertin fikrincə, su çatışmazlığının əsas səbəbi şirin suyun qeyri-bərabər paylanılması, qlobal istiləşmə, bu səbəbdən buxarlanma səviyyəsinin yuxarı olması, su mənbələrinin çirklənməsi, su ehtiyatlarının zəif saxlanılması və s. hallardır ki, bunlara qarşı mübarizə daha genişmiqyaslı olmalıdır:
"Birincisi kənd təssərrüfatında itkilərə ciddi fikir verilməlidir, nəinki vətəndaşı su kranını daha tez bağlamağa təşviq etməyə. Çünki, min vətəndaşın su kranını gec bağlaması bir sahibkarın suyu boşuna axıtmasından daha az zərərlidir. Reallıq budur ki, suvarma sistemlərindən istifadə edərkən hopma, kənarlara daşma kimi israf halları daha çox baş verir. Digər vacib məsələ mümkün qədər çox və irihəcmli su anbarlarının tikilməsinə nail olmaqdır. Bu su anbarları suya tələbatın pik həddə çatdığı vaxtlarda istifadə edilə biləcək yeganə ümid yerimizdir. İl boyu, soyuq havalarda bol sulu çaylarımız Xəzərə axır və şirin su statusunu itirir. Bol sulu mövsümlərdə suyu anbarlarda saxlamalıyıq ki, tələbatın maksimum vaxtlarında məişətdə və kənd təsərrüfatında istifadə edə bilək".
Xatırladaq ki, bu ilin yanvarın 31-də Tarif (qiymət) Şurasının iclası keçirilib. İclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiqlənib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: EldənizƏmirov Su