Turizm sektorunda yenidən canlanma gözlənilir

 Turizm sektorunda yenidən canlanma gözlənilir
  07 İyun 2021    Oxunub:1173
Bu həftənin cümə axşamından etibarən Azərbaycan Türkiyə və Rusiya vətəndaşları üçün hava əlaqəsini bərpa edəcək. Eyni zamanda, əvvəllər müzakirə etdiyimiz kimi COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd üçün müddət 48 saatdan 72 saata çatdırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı təqdirəlayiqdir.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, turizm mövsümünün başladığını nəzərə alaraq mərhələli şəkildə gəlmə turizmdə xüsusi payı olan ölkələr ilə analoji yumşalmalara gedilməsi məqsədəuyğun olardı:

"Belə ki, pandemiyadan əvvəlki ildə Azərbaycana gələn 3 milyon 170 min turistin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi. Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan da vacibdir".

V.Bayramov qeyd edib ki, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur:

"2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Post-pandemiya dövründə turizm sektorunda yenidən canlanmanın olacağı gözlənilir. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də, turizm sektorundakı açılımlar məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Turizm   Ekspert  





Xəbər lenti