Nazir Ramiz Əskərova “Şöhrət” ordenini verdi - FOTO

Nazir Ramiz Əskərova “Şöhrət” ordenini verdi - FOTO
  06 Mart 2014    Oxunub:1347
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş filologiya elmləri doktoru Ramiz Əskərovla görüşüb.
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil naziri “Şöhrət” ordenini Ramiz Əskərova təqdim edib. Tanınmış filoloq alimi təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Ramiz Əskərovun Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söhbət açıb, səmərəli fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib.

Filologiya elmləri doktoru Ramiz Əskərov onun əməyinə verilən belə yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını ifadə edib. O, bundan sonra da Azərbaycanda təhsilin, publisistikanın və elmin inkişafı naminə əzmlə çalışacağını nəzərə çatdırıb.

Qeyd edək ki, Ramiz Əskərov 1954-cü il yanvar ayının 10-da Qərbi Azərbaycanın Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində müəllim ailəsində anadan olub. 1971-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1975-ci ildə ən yaxşı tələbə kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilib və 1978-ci ildə ali təhsilini başa vurub.

1978-1983-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Ve¬rilişləri Komitəsində çalışıb. 1983-1987-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində işləyib, 7 dildə (Azərbaycan, rus, ingilis, fransız, alman, türk, ərəb, fars) nəşr edilən «Azərbaycan bu gün» jurnalının baş redaktoru olub. 1988-1991-ci illərdə «Odlar yurdu» qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.

2002-ci ildən Bakı Dövlət Universitetində çalışır. 2012-ci ildə Türk xalqları ədəbiyyatı kafedrasının müdiri seçilib. 10 monoqrafiya və 200-ə yaxın elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamına əsasən, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


Teqlər:  





Xəbər lenti