Neft Fondunun gəlirləri və xərcləri açıqlandı

Neft Fondunun gəlirləri və xərcləri açıqlandı
  03 May 2021    Oxunub:2569
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 milyard 182,1 milyon manat, büdcə xərcləri isə 2 milyard 519,9 milyon manat təşkil edib.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən Azvision.az -a bildirilib ki, birinci rübdə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 468,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 milyard 696,6 milyon manat, bonus ödənişləri 765,9 milyon manat, tranzit gəlirləri 5,6 milyon manat olub.

Ötən rüb ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 714 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 22,44 faizini təşkil edir.

Cari ilin yanvar-mart ayları ərzində ARDNF-in 2021-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 513,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldilib. İlin ilk rübündə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 5,5 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 2 milyard 27,5 milyon manat təşkil edib.

Aprelin 1-nə fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,84 faiz azalaraq 42 milyard 761,3 milyon dollara bərabər olub. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.

Azvision.az


Teqlər: ARDNF  





Xəbər lenti