Əmanətçilərə ödənilən kompensasiya açıqlandı
Sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş və ADIF ləğvedicisi təyin olunmuş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank” ASC və “AG Bank” ASC-nin toplam 24 min 688 əmanətçisinə bir ildən az zaman ərzində 640 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilib. Belə ki, ötən il iyun ayının 16-dan cari il aprel ayının tamamınadək agent bank olaraq təyin edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın toplam 9009 əmanətçisinə 254 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 93,7 faizi) ödənilib. Həmçinin ötən il iyunun 1-dən cari il aprelin sonunadək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın toplam 15 min 679 əmanətçisinə 386 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 95,34 faizi) ödənişi həyata keçirilib.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci il avqustun 12-də əmanətlərin sığortalanması, ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək məqsədi üçün yaradılıb. Banklarda sığorta hadisəsi baş verdikdə fond əmanətçilərin kompensasiyalarının ödənilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edir, eləcə də sözügedən maliyyə institutlarının ləğvedicisi kimi fəaliyyət göstərir.
Azvision.az