Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Güləşçimiz Avropa çempionatının finalına yüksəldi
  20 Aprel 2021    Oxunub:3709
Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.
Azvision.az xəbər verir ki, birinci yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Güləşçimiz Əfqan Xaşalov (57 kq) ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Həmyerlimiz daha sonra rumıniyalı güləşçi ilə gərgin keçən görüşdə də sevinən tərəf olub və yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında Rusiya təmsilçisiylə bacarmayıb. Təmsilçimiz bürünc medal uğrunda görüşdə Aryan Tsiutrin (Belarus) - Givi Davidovi (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Gürcüstan təmsilçisini də oyundan kənarlaşdıran Ə.Rəhimzadə adını yarımfinala yazdırıb. Bu mərhələdə Rusiya güləşçisi ilə görüş olduqca maraqlı alınıb. Ə.Rəhimzadə hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verib və finala çıxa bilməyib. Güləşçimiz üçüncü yer uğrunda görüşdə George Ramm (Böyük Britaniya) - Andrey Svirid (Ukrayna) cütünün qalibi ilə gücünü sınayacaq.

Milli komandamızın üzvü Turan Bayramov (70 kq) səkkizdəbir finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. T.Bayramov hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Böyüklərin Avropa çempionatında debüt edən güləşçimiz ukraynalı rəqibinə də gücünü göstərərək finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə həmyerlimizin rəqibi rusiyalı İsrail Kasumov olacaq.

Güləşçimiz Rəşad Yusifli (79 kq) debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz bolqar idmançını da məyus edərək dörddəbir finala yüksəlib. Belaruslu həmkarından da güclü olan R.Yusifli yarımfinala vəsiqə qazanıb. Fransa idmançısına məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşdə Osman Haydari (Albaniya) - Alans Amirovs (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mərhələyə yüksəlib. Ancaq dörddəbir finalda türkiyəli rəqibinə uduzub. Rəqib finala yüksəldiyi üçün Ş.Zubairov aprelin 20-də təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Moldova təmsilçisi Radu Lefter olacaq.

Qeyd edək ki, final qarşılaşmaları aprelin 20-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azvision.az


Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti