AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirildi - FOTO

AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirildi -    FOTO
  16 Aprel 2021    Oxunub:3354
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının ilk iclası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Şuranın sədri nazir Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, QSC-nin prezidenti Cahangir Əsgərov və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

Müşahidə Şurasının sədri R. Nəbiyev iclasda qeyd edib ki, regionun böyük aviadaşıyıcısı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biri olan AZAL-ın ölkə iqtisadiyyatında xüsusi rolu var.



Şuranın sədri xatırladıb ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.



“Əminəm ki, Müşahidə Şurası QSC-nin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək”, - deyə R. Nəbiyev qeyd edib. Daha sonra QSC-nin prezidenti Cahangir Əsgərov AZAL-ın fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib.

İclasda eyni zamanda AZAL-ın korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı AZAL-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib. Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti