Azvision.az xəbər verir ki, 7 cüdoçumuzun mübarizəyə qoşulduğu turnirin birinci gününün yekunlarına görə, komandamız 1 medalla 10-cu pillədə qərarlaşıb.
Yığmamıza ilk medalı kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov qazandırıb. Belə ki, onaltıdabir finalda Rodriqo Lopesi (Portuqaliya), səkkizdəbir finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçumuz dörddəbir finalda Tornine Tsjakadoea uduzsa da, təsəlliverici görüşdə Monqolustan təmsilçisi Ariunbold Enkhtayvana qalib gəlib. Bürünc medal uğrunda qarşılaşmada isə rəqibi, rusiyalı Konstantin Simeonidis zədə səbəbindən döyüşdən imtina etdiyi üçün K.Hüseynov qalib elan edilib. Onunla eyni çəkidə mübarizə aparan Oruc Vəlizadə ilk qarşılaşmada Oleq Veredıbaya (Ukrayna), Yaşar Nəcəfov (66 kq) isə Orlando Polankoya (Kuba) uduzduqları üçün turnirdə mübarizəni dayandırıblar.
Qadın cüdoçularımızın çıxışı uğurlu alınmayıb. Belə ki, 48 kiloqram çəki dərəcəsində yarışan Aişə Qurbanlı ilk qarşılaşmada slovakiyalı Marusa Stanqara uduzub. Onunla eyni çəkidə mübarizə aparan Leyla Əliyeva isə türkiyəli Gülkader Şentürkü məğlub etsə də, növbəti rəqibi Katarina Kostayanın (Portuqaliya) öhdəsindən gələ bilməyib. Əlli iki kiloqram çəki dərəcəsində yarışan cüdoçularımız Gültac Məmmədəliyeva Anjelika Delqado (ABŞ), Şəfəq Məmmədova Yasmin Cavadyana (Böyük Britaniya) məğlub olublar.
Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.
Azvision.az