“Döyüş meydanındakı kimi, idmanda da bayrağımızı qaldıra bilərlər” - Asəf Məlikov
Pandemiya şərtlərinə uyğun olaraq bir çox yarışların ləğv edilməsi, məşqlərin dayandırılması, idman zallarının qapalı olması təkcə maddi itkilərə yol açmır, eyni zamanda yeniyetmə və gənc nəslə psixoloji baxımdan mənfi təsir göstərir. Çünki asudə vaxtlarında başlarını idmanla qatan istər məktəblilər, istərsə də Vətən müharibəsi qazilərimiz əlavə məşğuliyyətə meyl edir, psixoloji sarsıntıdan hətta intihar həddinə qədər gəlib çıxırlar.
Yaşanan xoşagəlməz halların kökündə dayanan problemlər və onların həlli yolları üçün Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti, bu növ üzrə milli komandanın baş məşqçisi, eyni zamanda “Fencing” idman klubunun rəhbəri və baş məşqçisi, I Qarabağ müharibəsinin iştirakçısı, keçmiş zabit Asəf Məlikovla söhbətləşdik.
- Koronavirus pandemiyası səbəbindən idman artıq bir ildir kölgəyə çəkilib, zallar qapalıdır. Hazırkı vəziyyəti necə dəyərləndirərdiniz?
- Hazırkı vəziyyəti çox pis hesab edirəm. Pandemiya başlayan zaman Çinə bağlı özəl inzibati bölgə olan Makaoda baş məşqçi işləyirdim. Orada təxminən ay yarım zallar bağlı oldu. Lakin zalların fəaliyyətini dərhal bərpa etdilər, çünki insanlarda immunitetin yaranması üçün bu çox vacibdir. Zalların dezinfeksiya olunması kimi müəyyən şərtlərlə məşq prosesləri normal qaydada keçirildi, yarışlar təşkil edildi. Təəssüf ki, bizdə vəziyyət belə deyil. Bu səbəbdən, xüsusən də, əlil idmançılarımızın hamısı kənarda qalıb. Məsələn, xaricdəkilər məşq edirlər, dünyanın ən güclü 22 idmançısı arasında yer alan bizim idmançımız rayonda şəraitsiz vəziyyətdə qalıb.
- Pandemiya qaydalarına uyğun olaraq zalların qapalı olması sizə nə kimi çətinliklər yaradır?
- Biz idmana təkcə nəticə etibarı ilə yanaşmırıq. Hər idmançıya çempion gözü ilə baxsaq da, bilirik ki, hər gələn çempion olmur. Hər yarışın qalibi də olur, məğlubu da. Əsas odur ki, uşaqların, gənclərin birləşdiyi bir yer var. Həmin yer, dəyər hazırda uşaqların əlindən alınıb.
- Artıq bir sıra ölkələrdə təkcə futbol deyil, digər idman və paralimpiya növləri üzrə yarışlar, hətta beynəlxalq turnirlər bərpa olunub. Azərbaycanda bunun ləngiməsini nə ilə əlaqələndirərdiniz?
- Bayaq da dediyim kimi, Makaodan ötən ilin iyulunda qayıtdım. Sonra geri getməli idim. Lakin Vətən müharibəsi başladığı üçün fikrimi dəyişdim. Birinci Qarabağ iştirakçısı, keçmiş zabit kimi cənab Prezidentimiz İlham Əliyevə müraciət elədim ki, döyüşə getməyə hazıram. Sağ olsunlar, qəhrəman gənclərimiz bizə imkan vermədilər, şanlı zəfər qazandıq. Təsəvvür edin ki, koronavirus Azərbaycana hələ gəlməyəndə, Çində pik vaxtında martın 15-dən bütün zallar açıldı. Çünki başa düşdülər ki, uşaqlar idman eləməsələr, başqa istiqamətdə vaxt “öldürəcəklər”. Bizdə də bu səbəbdən belə problemlər yaşanır.
- Müəyyən müddətdir ki, gənc və yeniyetmə idmanı nəinki kölgəyə çəkilib, hətta məşq belə keçirilmir. Bu amil aşağı yaş qrupları üzrə komandalarımızın üzvlərinə gələcəkdə hansı fəsadlar yarada bilər?
- Bu baxımdan iki istiqaməti qeyd etmək istərdim. Birincisi, bəzi federasiyalar legionerlərə üz tuturlar. Belədə bizim gənclərimiz yaddan çıxır, uşaq idmanı inkişaf eləmir. Amma Qarabağda gedən müharibədə heç bir legioner iştirak etmədi. Azərbaycanı öz gənclərimiz müdafiə edirdi. Əgər həmin uşaqlara bu gün dəstək verməsək, onları idmana sövq etməsək, sabah hansı sağlam gənclikdən, ruhdan danışa bilərik?
- Bu amilin perspektivli idmançılarımıza psixoloji baxımdan mənfi təsir göstərəcəyini demək olarmı?
- Əgər uşaq idmanı yoxdursa və gözləri qarşısındakı nümunə yalnız legionerlərin ölkəmizə gəlməsidirsə, onları elə uşaq vaxtından “sındırırıq”.
- Son dövrlər ölkədə intiharların sayı artıb. İdmansız qalmağın bunda hansısa rolu ola bilərmi?
- Bildiyiniz kimi, federasiyamızda qazilər də var. Amma “Fencing” idman klubunda təkcə əlillər yox, sağlam uşaqlar da hazırlaşırlar. Hazırda onlar da diqqətdən kənardadırlar. Hansısa sistemdən çıxmaq yaxşıdır. Sosializm sistemini, kommunizm sistemini bəyənmədik. Onların yaxşı cəhətləri uşaqların, gənclərin birləşdiyi təşkilatların olması idi. Bu gün bunu əvəz edən başqa təşkilat yoxdur. Bunun qarşılığını verən yalnız idmandır. Vaxtilə ölkədə narkomaniya ciddi vüsət almışdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə gəncləri birləşdirmək üçün idmana dəstəyini göstərdi. Gəncləri birləşdirən bir dəyər, birlik və ya təşkilat olmalıdır ki, hamısı onun ətrafında birləşsin. İdmana yalnız medal gözü ilə baxmaq lazım deyil. Milli Paralimpiya Komitəsi, əlil idmançıların federasiyaları buna önəm verirlər. Lakin bəzilərinin fikirləri yalnız legioner cəlb etmək, medal gətirməkdir. Legioneri o şərtlə gətirmək olar ki, yerli uşaqlara həmin idman növünün sirlərini öyrədəcək. 3-5 il burada qalıb Azərbaycanın pulunu yeyən həmin legionerlər sonra ölkəsinə qaçıb bura üz döndərəcəksə, kimə lazımdır?
- Klub rəhbəri və baş məşqçilər adətən həm də psixoloq olurlar. İntiharın qarşısının alınması üçün siz gənclərimizlə, qazilərimizlə söhbətlər aparırsınızmı?
- Bizim klubda sırf psixoloq təhsili olan üç əməkdaşımız var. Həm məşqçi, həm idmançı, həm də psixoloqdurlar. İdmançılarımızla da müntəzəm söhbətlər aparırdıq. Əlil idmançılar zala daxil olanda onlara başa salıram ki, burada mənim gözümdə əlil yoxdur, siz heç kimdən fərqlənməyən idmançısınız, Azərbaycanı təmsil edirsiniz. İnsana dəfələrlə “intihar etmə”, “intihar etmək yaxşı deyil” deməklə onları bir növ mənfi istiqamətə yönləndirmiş oluruq. Bununla onları intihardan yayındırmırıq, əksinə, bu yola sövq edirik. Biz bu barədə, ümumiyyətlə, danışmırıq. Onların ictimaiyyətə, valideynlərinə, yaxınlarına nə qədər lazımlı və əziz olduqlarını bildiririk. İnsan ona dəyər verildiyini hiss etdikdə yaşamaq, gələcəyə inamla addımlamaq istəyir. Yoxsa hansısa psixoloqun yarım saatlıq seansda “bunu etmək düzgün deyil” kimi məsləhətləri ilə heç nə düzəlmir. Şəxsi nümunə ilə, ona yanaşma tərzinlə bunu edə bilərsən. Sizin də qeyd etdiyiniz kimi, hər bir rəhbər və məşqçi eyni zamanda psixoloqdur. Psixoloq olmasa, idmançı qələbəyə doğru addımlaya bilməz. Bizim bir qazimiz var idi. 2012-ci ildə idmana başlayanda dedi ki, Qarabağ müharibəsində iştirak etmişəm, məni başa düşə bilməzsən. Bildirdim ki, səni çox gözəl başa düşürəm. Çünki mən də müharibədə iştirak etmişəm, zabit olmuşam, şəhid də, qazi də yola salmışam. Əlimlə yola saldığım şəhidin ailəsinə də baş çəkmişəm. Yəni onları daha yaxşı başa düşürük. Həmin qazilər qarşılarında müharibə veteranı görəndə inamları daha artıq və məsləhətlərimiz effektiv olur. Bəlkə də, bizi özlərinə valideynlərindən də yaxın adam kimi görürlər. Bir köynək yaxınıq. Çünki düşünürlər ki, həmin insan da o od-alovun içindən çıxıb, nə hisslər keçirdiyimizi yaxşı bilir.
- Yəqin ki, pandemiya ilə əlaqədar idmançılarla görüş imkanlarınız da məhdudlaşıb...
- Şəxsi nümunə olmadığına görə, yalnız onlayn dərslər keçməklə uşaqları uçurumun kənarından çəkə bilmirik. Sağlam idmançılar Bakıda olsa da, onlarla yalnız onlayn şəkildə görüşə bilirik. Onları zala yığmağa da qorxuruq. Çünki zalların açılması yönündə bir qərar yoxdur. O ki qaldı əlil idmançılarımıza, onlardan biri dünya reytinqində “Top-22”likdədir. Həmin qızın qardaşı əsgərlikdən sonra intihar etdi. Özü 8 yaşında avtomobil qəzasında əlil olub. Əgər onu həyata qaytara bilmişiksə və optimist gözlə baxırsa, bu özü gördüyümüz işin bəhrəsidir. Amma təəssüf ki, həmin qız bu gün Zaqataladadır, mən Bakıda. Onunla belə vəziyyətdə nə iş görməliyəm? Tokio-2020 Yay Paralimpiya Oyunlarına təsnifat turniri keçirilməlidir. Ancaq bir ildir həmin uşaqla məşq keçə bilmirəm. Rusiya, Gürcüstan, Bolqarıstan, Türkiyə komandaları isə təkcə məşq keçmirlər, beynəlxalq turnirlərə də qatılırlar.
- İdmansız qalmaq həmin idmançıya yenidən psixoloji zərbə vura bilərmi?
- Mütləq vurur. Təsəvvür edin ki, vaxtilə aşkar üstələdiyin rəqibin 1-2 ildən sonra səndən güclü olduğunu gördükdə, əlbəttə ki, pessimist olacaqsan. Ümumiyyətlə, 12 idmançımızdan ikisi qazi idi. Onlar da əsgərlik vaxtı yaralanmış gənclər idi.
- İdmansız qaldığımız bir il sizin baş məşqçisi olduğunuz əlil arabasında qılıncoynatma növündə hansı fəsadları yaratdı?
- Bizdən fərqli, bir çox ölkələrdə təlim-məşq toplanışları keçirilir, yarışlar təşkil olunur. Belə demək olarsa, onlardan 3-5 il geri qalırıq.
- Bunun aradan qaldırılması üçün hansı addımlar atmaq lazımdır?
- Bu, qısa müddətdə aradan qaldırılacaq problem deyil. İntensiv toplanışlara getməli, yarışlara qatılmalıyıq. Amma indiki durumda bunun baş tutacağına inanmıram. Çünki federasiyamızın hazırda bu imkanı yoxdur. Klubumuza, onsuz da, dəstək verilmir. Bir ildir icarə haqqını öz büdcəmizdən ödəyirik. Əlil Arabasında Qılıncoynatma Federasiyası və “Fencing” idman klubu adından müraciət etdik ki, bizə dəstək verilsin. Təəssüf ki, Azərbaycan Qılıncoynatma Federasiyasından bizə dəstək olmadı.
- Vətən müharibəsi zamanı bir sıra qəhrəmanlarımız sağlamlıqlarını itirdilər. Həmin qazilərimizdən sizin idman növünə müraciət edən olubmu və ya siz bu yöndə bir qazi kimi onları axtarırsınızmı?
- Bizim federasiya Milli Paralimpiya Komitəsi bayrağı altında fəaliyyət göstərir. Biz müraciət etdik. Milli Paralimpiya Komitəsi də bu istiqamətdə nəzərəçarpacaq işlər görür. Onlar bildirdilər ki, bununla bağlı işlər aparılır və idmançıları sizə yönləndirəcəyik. Ancaq zallar açıq olmalıdır ki, onlarla görüş keçirim, məlumat toplayım. Onları inandırmalıyıq ki, döyüş meydanlarında olduğu kimi, idman arenasında da Azərbaycanı təmsil edib, bayrağımızı zirvələrə qaldıra bilərlər. Əlbəttə ki, bu, onlar üçün əlavə qazanc da olacaq. Onlara hər cür dəstəyi göstərməyə hazırıq.
- Bu yöndə fəaliyyətə başlamaq üçün zalların açılmasını gözləyirsiniz?
- Həm biz, həm də Milli Paralimpiya Komitəsi zalların açılmasını gözləyir. Qazilərin siyahısı yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda var. Həm də bu gün gedib qazilərimizlə söhbət etsək, onları necə cəlb edəcəyik? Təsəvvür edin ki, danışıram, gəlmək üçün həvəsləndirirəm. Belədə zala gələ bilmədiyi zaman da pessimistə uğrayarlar. Məşqçilərimizdən biri həm də loqopeddir. Bilirsiniz ki, müharibə iştirakçılarının bir çoxunun nitqində müəyyən problem yaranır. Biz təmənnasız olaraq onlarla işləməyə də hazırıq. İdmançılarımızı hər zaman optimist olmağa sövq edirik.
Azvision.az
Teqlər: