İbtidai siniflər üçün ehtiyat dərsliklər sınaqdan keçirilir

İbtidai siniflər üçün ehtiyat dərsliklər sınaqdan keçirilir
  09 Mart 2021    Oxunub:2959
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə hazırlanan ehtiyat dərsliklər 274 məktəbdə sınaqdan keçirilir.
Təhsil İnstitutundan Azvision.az -a bildirilib ki, bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Hazırda Təhsil İnstitutu həmin dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinq aparır. Monitorinqin məqsədi dərslik materiallarının şagirdlər tərəfindən qavrama səviyyəsinin yoxlanılması, həmçinin müəllimlərin yerində maarifləndirilməsidir.

İnstitutun əməkdaşları və dərsliklərin müəlliflərindən ibarət işçi qrupu tərəfindən regionlar üzrə ehtiyat dərsliklərin tətbiq olunduğu məktəblərdə müşahidələr aparılıb. Fevral-mart ayları ərzində Balakən, Zaqatala, Qax, Şəki, Lənkəran, Astara, Masallı, Cəlilabad, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağstafa, Tovuz, Qazax, Quba, Qusar, Xaçmaz, Gəncə, Göygöl, Yevlax, Goranboy, Şəmkir, Şamaxı, Göyçay, İsmayıllı və Qəbələdə şifahi sorğu əsasında şagirdlərin nailiyyətləri yoxlanılıb. Müəllimlərə müvafiq fənn üzrə dərslik materiallarının tədrisi ilə bağlı tövsiyələr verilib.

Monitorinqlər növbəti həftə Bakıda davam etdiriləcək.

Azvision.az



Teqlər: Məktəb   İbtidai-sinif  





Xəbər lenti